Kitab necə hazırlanır?
19:44 – 12 Oktyabr, 2015
Tarixi mənbələr ilk kitabın 5000 il əvvəl Mesopatomiyada mövcud olduğunu yazır. Bu, gil lövhəciklərdə yazılan kitablar idi və bu kitablar onlarla, bəzən yüzlərlə lövhədən ibarət olurdu. Qədim Misirdə isə gil lövhəcikləri papiruslar əvəz edirdi. Hindistanda yazı materialı kimi palma yarpaqlarından, Çində bambukdan istifadə olunurdu. Sonralar - e.ə II əsrdə Kiçik Asiyanın qədim Perqam şəhərində  perqamentin ixtirasından sonra dünya demək olar ki, 2 min ilə yaxın  bu materialdan istifadə etdi.  Material aşılanmamış qoyun, dana və ya keçi dərisindən hazırlanırdı.  Papirusla müqayisədə perqamentdən daha geniş istifadə edilməsinin səbəbi isə suda həll olunan mürəkkəbin onun üzərindən silinib yenidən yazılmasının və bu materialın hər iki üzündən istifadənin mümkünlüyü idi. Bu üsulların hamısı böyük zəhmət bahasına başa gəlirdi, kitabların çoxaldılması isə əməlli başlı vaxt aparırdı. Nəhayət, 1440-cı ildə dünya alman ixtiraçısı İohan Qutenberqin sayəsində kitab çapı ilə tanış olur. O, kəsdiyi metal hərfləri tərsinə çevirərək, qabarıq şəkildə hazırlayır və sonra bu hərflərdən yığılan mətnləri  kağızın üzərinə basma üsulu ilə köçürürdü.  
 
Kağızın istehsalı bəşəriyyətə dörd əhəmiyyətli ixtira bəxş edən Çinlilərin adı ilə bağlıdır. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində ipəkdən, sonra pambıqdan, daha sonra tut ağacından hazırlanıb. Buradan Koreya və Yaponiyaya, Ərəb ölkələrinə, daha sonra isə Avropaya yayılıb. 1799-cu ildə Fransada Lui Rober kağızhazırlayan maşın icad edir. Bu, hərəkət edən torun vasitəsilə kağızın əmələ gəlməsini avtomatlaşdırmaya qədər təkmilləşdirən bir mexanizm idi. 
 
Hazırda kitab çapında yeni poliqrafiya avadanlığından,  yüksək texnologiyadan istifadə olunur.
 
Əslində hər şey məhz hansı kitabın çap olunacağı fikir ilə başlayır. Yəni, kitabı mətbəəyə sifariş etmək üçün ilk növbədə məqsədin bəlli olmalıdır. Bu proseslə yaxından tanış olmaq üçün yolumuzu hazırda Azərbaycanda fəaliyyət göstərən ən böyük mətbəələrdən biri Şərq-Qərbdən saldıq.
 
Kitabın ilkin modeli CTP otağında hazırlanır. 
 
Bu sənəddə kitabın keyfiyyəti, ölçüsü, səhifəsi haqda bütün məlumatlar yer alır. Kitabın tərtibatı ilə dizaynerlər məşğul olur. İlkin variantı onlar  kompüterdə hazırlayır və baxış üçün plotter aparatından çıxarlar. 
 
Beləcə, hazır olan kitab modeli ikinci otağa göndərilir. Lazer vasitəsilə yazılar hazır kəsilmiş formaların üzərinə köçürülür. Nəhayət buradan çıxıb mətbəənin əsas iş görülən hissəsinə, çap sexinə gedirik.
 
Çapa hazır olan kəsilmiş ağ kağızlar bu sexə göndərilir. Bir azdan adi ağ vərəqlər öz üzərində maraqlı məlumatlar daşıyan qiymətli kitaba çevriləcək.  Bu, çap müddətini ikiqat azaldan, iki tərəfli çap üsuluna malik çap maşınıdır. Çap olunacaq materialın ölçüləri maksimum 720 x 1,030 mm, minimum 360 x 520 mm-dir.
 
Qarşısında dayandığım Rapida 106 rəngli çap maşınıdır. Bu çap maşını yüksək sürətlidir və 1 saatda 18 000 vərəq çap etmək gücündədir. Aparat həmçinin iki tərəfli çap üsuluna da malikdir və bu vəziyyətdə 1 saatda 15 000 vərəq çap edə bilir.
 
Gördüyünüz kimi kitabın vərəqləri hazır olandan sonra qatlama bölməsinə göndərilir. 
 
Səliqə ilə qatlanan vərəqlər tikmə prosesinə ötürülür. Tikiş iki formada,  tel-tikiş və sapla olur. Tel tikiş prosesini yerinə yetirən bu aparat eyni anda həm tikiş, həm kəsim, həm də yığım işini görür.  
 
Demək olar ki, kitabın ərsəyə gəlməsinə az qalıb. Biz müəssisədə olduğumuz müddətdə burda bir neçə nəşriyyatların kitabları çap olunmaqda idi. Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq  məktəb dərslikləri daha çox yer alırdı. Elə biz qapaq düzəldilməsi otağına gələndə, Azərbaycanda ilk dəfə olaraq məktəbli kitabçasının yeni forma və dizaynda hazırlanmasının şahidi olduq. Ustalar bildirdi ki, bu cür keyfiyyətdə və rəngli formada məktəbli kitabçası artıq üç ildir çap olunur. 
 
Nəhayət, hazır kitablar qatlanma və tikilmə mərhələsindən sonra kleylənir və cildlənməyə göndərilir. 
 
Maraqlıdır ki, burdan cildlənməyə yola salandan sonra cəmi dörd-beş addım irəlidə kitabın üz cildi ilə aparatadan çıxacağına adamın inanmağı gəlmir. Amma texnologiya, necə deyərlər, hər məsuliyyəti boynuna götürür.
 
Çoxları üçün adi görünən kitablar əslində nə qədər böyük zəhmət tələb edirmiş. Mütaliəni çox sevməyimə və kitablarla dostluq etməyimə baxmayaraq açıq deyim ki, bu müəssisədə olanadək kitabın bu qədər çətin iş mərhələsindən keçdiyini təsəvvür etməzdim. 
Kitab mağazası kitabın gəldiyi son məkanlardan biridir. Ola bilər ki, bəzi kitablar aylarla bu stendlərdə qalır, maraqlı kitablar isə əlbəttə ki, oxucularını tapır və onların kitab rəfinin daimi sakinlərindən birinə çevrilir. "Kitabevim" mağazasından hələlik mənə bir neçə aylıq yoldaşlıq edəcək kitablarımı seçməyə gəldim. Stendlərə yaxınlaşdıqca çoxluğun içində seçim şansım artırdı və bu məni sevindirsə də, bəzi əsərləri hələ də oxumadığıma görə özümü qınayırdım. Beləcə, "bu kitabı da oxumalıyam" deyə-deyə Cerome Devid Selincerin "Doqquz hekayə", Erix Mariya Remarkın "Zəfər tağı", Xalid Huseynin "Min möhtəşəm günəş", Alber Kamyunun "Yad", Xorxe Luis Borxesin "Ölümsüz" ü olmaqla beş kitab aldım. Əlbəttə ki, ürəyimdə kitabı, kitab çapını bəşəriyyətə qazandıran insanlara çoxluca təşəkkür edərək.
X

XƏBƏRLƏR
BÖYÜT