Ailədə vəzifə bölgüsü: Kişilərdən dəstək gözləyən qadınlar, qab yumağı təhqir sayan kişilər
19:49 – 19 Oktyabr, 2015

“Hər bir ailədə kişi və qadın arasında əmək bölgüsü olmalıdır və bu bölgü insanların iş qabiliyyətinə, enerjisinə görə aparılmalıdır”. Bu fikirləri  sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Kifayət Cəbiqızı APA TV-nin yeni yayıma başlayan “Ailə məsələsi” adlı verilişində səsləndirib. Ailədə əmək bölgüsünün müzakirə olunduğu verilişdə fəlsəfə elmləri doktoru Adil Əsədov da iştirak edib. Qonaqlar  mövzu ilə bağlı zidd mövqedə olsalar da, hər iki tərəf öz fikrini əsaslandırmağa çalışıb. K.Cəbiqızının fikrincə, Azərbaycan ailələrində kişi və qadın arasında əmək bölgüsü çox qeyri-obyektiv və ədalətsiz şəkildə bölünüb: “Bizdə evdə olan monoton, darıxdırıcı işlərin hamısı Azərbaycan qadınına sırınıb. Halbuki, kişilər də ev işlərində xanımlara kömək etməlidirlər. İnsana götürə biləcəyindən artıq iş yükləyirlər. Bu isə həmin adamın ətrafa qarşı aqressiv davranmasına səbəb olur. Ona görə də insan öz qabiliyyətinə, potensialına, enerjisinə görə işlə yüklənməlidirlər.  Fərqi yoxdur, bu ev, yaxud da ictimai iş ola bilər”.

 

K.Cəbiqızı ailələrdəki ənənəvi əmək bölgüsünə də etiraz edib. O bildirib ki, ənənəvi bölgüyə görə kişinin işi bayırda, qadının işi isə evdə olmalıdır:  “ Yəni kişi işləyib pul qazanar, qadın isə ev işlərini görər. Bu ənənəvi bölgü ilə razılaşmıram. Harada yazılıb ki, ev işlərini qadın görməlidir? Biz dünyəvi dövlətdə yaşayırıq.  Respublikamızın qanunvericiliyinə görə, kişi ilə qadın bərabərhüquqludur. Mənə elə gəlir ki, ənənəvi bölgüyə əsaslanmaq bəhanədir. Çünki kişilər patriarxlıqdan yaxşı faydalanırlar. Ailədə bütün günü qadın işləsin, ev işlərini görsün, kişi isə ancaq qəzet oxusun, ya da televizora baxsın. Darıxmır o kişi? Durub ev işlərində  xanımına kömək etsin. Qadın qab yuyursa, kişi qabları yerləşdirsin. Nə var burda? Çox çətin işdir? Bir çox kişi ev işlərində qadına kömək etməyi özünə sığışdırmır. Halbuki, əslində güclü o kişidir ki, bütün işləri bacarsın. Ev işini görmək istəməyən kişilər kompleksli insanlardır. “Camaat görüb nə deyər?” sualı onları narahat edir”.

 

Digər qonaq A.Əsədov isə fərqli mövqedən çıxış etdi. Onun fikrincə, ailədə əmək bölgüsü insanların təbii təyinatına uyğun şəkildə olmalıdır: “ Ailədə kişinin kişi, qadının isə qadın işləri var. Hər kəs öz işini görməlidir. Kişi nə etməlidirsə, o işi görməlidir. Mənə elə gəlir ki, özünə hörmət edən heç bir qadın istəməz ki, əri ev işi görsün, qab yusun. O qadın bunu özünə təhqir hesab edər. Özünə hörmət edən qadın istəyər ki, arxasında qab yuyan deyil, güclü bir kişi dayansın”.

 

A.Əsədov onu da qeyd etdi ki, kişinin ev işlərini görməsi çox eybəcər mənzərədir: “ Qab yuyan kişini  təsəvür etmək mənim üçün çətindir. Qadına aid işlərin kişi, kişiyə aid işlərin qadın tərəfindən yerinə yetirilməsi insan təbiəti üzərində bir zorakılıqdır. Bu insanın təbii təyinatına bir ləkədir. Fikir versəniz görərsiniz ki, həqiqi mənada xanım olan qadının arxasında güclü kişi dayanır. Əslində qadın gözəlliyinin sirri kişi qüdrətindədir. Amma kişi o səviyyəyə enibsə ki, evdə qab yuyur, onun qadın özünü heç zaman xoşbəxt hiss edə bilməz. O qadın özünü həmişə nöqsanlı hiss edəcək. Çünki onun əri qab yuyur”.

 

A.Əsədov əlavə etdi ki, kişi yalnız bir şəkildə ev işlərində xanımına kömək edə bilər: “ Məsələn, qabyuyan maşın almaqla, qadını qab yumaqdan azad edə bilər. Kişi yalnız bu şəkildə xanımına kömək edə bilər. Yaxud da kişi öz işində çox uğur qazana bilər və qadın da ərinin uğurundan ilham alaraq, ev işlərini daha həvəslə görər.  Ancaq bu şəkildə kişi qadına dəstək ola bilər. Əks halda kişinin ev işlərini görməsi ailənin ümumi inkişafına xeyir deyil, ancaq zərər vura bilər”. 

X

XƏBƏRLƏR
BÖYÜT