Məzarı bilinməyən ana, sürgündəki ata... “Xalq düşməni”nin qızı olmağın ağrı-acıları...
15:03 – 21 Oktyabr, 2015

APA TV-nin “Ötən əsrin adamları” layihəsində budəfəki qonağımız Sona Soltanovadır.

Bakı şəhərində doğulub. Dediyinə görə, o, doğulanda atası çox uzaqlarda olub, sürgündə!...

 

Deyir atasının sürgün edilməsinin səbəbi əslən Cənubi Azərbaycandan olması və ona valideynlərindən  xeyli qızıl pul mirasının qalması olub.

 

Bakıda çox haqsızlıqla rastlaşıblar. Hətta məktəbdə belə, sürgündə olan atanın övladlarıdırlar deyə onlarla kimsə oynamayıb. Bu üzdən Gəncəyə köçüblər...

 

Qısa zaman müddətində orda da  eyni şeylər təkrarlanır. Yenə də oynamağa uşaq, söhbət eləməyə qonşu tapmırlar. 1938-ci il idi onda. Anaları Bədirnisə sığındıqları, söhbət edə bildikləri, həm də oynadıqları yeganə insan idi...

 

Qarşıdan ağır müharibə illəri gəlirdi. Qarşıdan həm də onları son ümidləri olan analarından ayıracaq gün gəlirdi... 1941-ci ildə onlara verilən məlumata görə, ataları cərimə batalyonunda cəbhəyə göndərilir. Az sonra on altı yaşı qardaşı da cəbhəyə yollanır. Elə o il, yəni 1941-ci il oktyabrın 21-də Sona Soltanovanın anası uzun sürən xəstəlikdən sonra Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişir...

 

Gəncədəki evlərini qohumları satır, atasından qalan qızıllar uşaq ikən  yetim qalan qıza verilmir. O tək qalır...

 

Anasını dəfn etmək üçün cənazəni belə ailəsinə vermirlər. Onu Sumqayıt yaxınlığında yerləşən bir ərazidə kimsəsiz kimi dəfn edirlər. Həmsöhbətimin dediyinə görə ö zaman infeksion xəstəliklərdən ölənlərin hamısının aqibəti belə olurdu. Onları ailə yox, dövlət dəfn edirdi kimsəsizlər məzarlığında. O zaman yaşı az olduğundan Sona xala anasının harada dəfn edildiyini bilmir...

 

Anasının qoyub getdiyi pulları, qızılları xərcləyən qohumların hər birinə Sona xala ömürlərinin sonunda halallıq verib, bağışladığını söyləyib. Sona xala, söhbətinin davamında niyə belə etdiyindən danışıb...

 

 Bu qadın heç zaman gəlinlik paltarı geyməyib. Çünki, ailə qurduğu oğlanın o paltarı almağa pulu olmayıb. Amma yaxşı gəlinlik paltarları tikməyi öyrənib. Dediyinə görə onların toyu həyat yoldaşı dünyasını dəyişməzdən bir gün qabaq olub. Əlimizə xına çəkib süfrə açdıq, qonaqlıq elədik...

 

“Ötən əsrin adamları”nda izləyin...

 

 

X

XƏBƏRLƏR
BÖYÜT