Hər işə qarışan ağsaqqallar, müstəqil yaşamaq istəyən gənc ailələr...
12:48 – 04 Noyabr, 2015

Ağsaqqal məsləhəti, yoxsa ailəyə müdaxilə?

 

“Bütün ailələrdə problemlər, ailə üzvləri arasında münaqişələr baş verir. Xüsusən də yeni evliliklərdə narazılıqlar daha çox olur. Bu zaman gənclər problemi ya özləri həll edir,  ya da bir ağsaqqal məsləhətinə ehtiyac duyurlar. Əlbəttə ki, problemi gənc ailənin özünün həll etməsi müsbət haldır. Amma ağsaqqal məsləhətinə müraciət etmələri daha yaxşıdır. Çünki elə problemlər yaranır ki, bunu gənclər həll etməkdə aciz qalır, böyük sözünə, nəsihətinə ehtiyac olur”. Bu fikirləri  tarix elmləri üzrə fəlsəfə doktoru, etnoqraf Vəfa Mahmudova APA TV-nin “Ailə məsələsi”  verilişində səsləndirib. Verilişdə pedaqoq Rövşən Əkbərov da iştirak edib. Qonaqlar  mövzu ilə bağlı əks mövqedə olsalar da, hər iki tərəf öz fikrini əsaslandırmağa çalışıb. V.Mahmudovanın fikrincə, gənc ailələr bir çətinliklə üzləşən zaman etibar etdikləri üçüncü bir şəxsə də müraciət edə bilərlər: “Bu üçüncü şəxs valideyn, nənə-baba, müəllim, hörmət etdikləri kənar bir şəxs də ola bilər. Bəzən ailədə çox önəmsiz bir məsələnin üstündə münaqişələr yaranır. Gənclər elə cüzi bir səbəbdən ayrılırlar ki, insanın inanmağı gəlmir. Unutmaq olmaz ki, insan 30 yaşında 20 yaşında olduğu kimi düşünə bilməz. İllər ötdükcə insanın fikri, dünyagörüşü, məsələlərə yanaşması dəyişir. Ona görə gənc ailələrin həyat təcrübəsi olan ağsaqqallara ehtiyacı var.  Əslində məsləhətə hər kəsin, hətta yaşlıların zaman-zaman ehtiyacı olur”.

 

V.Mahmudova əlavə etdi ki, gənclər üzr istəməyi bacarmırlar: “Yeni qurulan ailələrdə yaranan problemlərdən biri də gənclərin üzr istəməməsi ilə bağlıdır. Tərəflər səhv edir, amma “bağışla” deməyi bacarmırlar. Halbuki üzr istəmək bir mədəniyyətdir, böyüklükdür. Ailənin hər üzvü, o cümlədən böyüklər də üzr istəməyi bacarmalıdırlar. Gənclər bunu da böyüklərdən öyrənməlidirlər”.

 

Xanım qonaq bildirdi ki, gənclər ancaq önəmli məsələlərdə məsləhət üçün ağsaqqala müraciət etməlidirlər: “Hər xırda məsələdə də böyüklərə üz  tutmağı doğru hesab etmirəm. Bu gənclərdə asılılıq yaradır. Sonra heç bir məsələni özləri müstəqil həll edə bilmirlər. Bu da yaxşı hal deyil. Bəzi valideynlərdə eqo var, övladlarını özlərindən asılı saxlamağa çalışırlar. Hətta bununla fəxr edənlər də var. Deyirlər ki, övladım mənsiz  yaşaya bilməz. Bu valideynlik xudpəsəndliyindən başqa bir şey deyil. Yetkinlik yaşına çatan övlad hələ də valideynindən asılıdırsa, deməli müstəqil şəkildə ailədə saxlaya bilməyəcək. Buna yol vermək olmaz. Belə gənclərin ailəsi hər kiçik məsələdə ağsaqqal məsləhətinə ehtiyac duyacaq ”.

 

Mövzu ilə bağlı fikirlərini bölüşən R.Əkbərov isə qeyd etdi ki, gənc ailələr problemlərini özləri həll etməlidir: “Gənc ailəyə kənardan məsləhət  verildiyi zaman problem daha da mürəkkəbləşir. Məsələn, oğlanın ata-anası məsləhət verərkən, bir tərəf kimi çıxış edirlər. Daha çox oğullarının mövqeyini müdafiə etməyə çalışırlar. Yaxud da qızın valideyni problemə müdaxilə etdiyi zaman gəlinin tərəfini tuturlar. Hər tərəf öz marağına uyğun çıxış edir. Bu məsələnin daha da böyüməsinə səbəb olur”.

 

R.Əkbərov problemlə üzləşən ailələrə ağsaqqala deyil, psixoloqa müraciət etməyi məsləhət gördü: “ Psixoloq problemi tərəfsiz həll etməyə çalışır. Çünki nə qadının, nə də kişinin qohumu deyil. Problemə qohumlar qarışan zaman məsələ intriqa səviyyəsinə çıxır. Ağsaqqal məsləhət verirsə belə, bu məcburiyyətə çevrilməməlidir. Sonda qərarı gənc ailənin özü verməlidir ”.

X

XƏBƏRLƏR
BÖYÜT