Mir Teymur Məmmədov: “Bir vaxtlar siçovullar özlərini İçərişəhərin sahibi kimi aparırdı”
12:40 – 12 Noyabr, 2015

İçərişəhərin dünənini ağrı ilə, bu gününü ümidlə xatırlayır Mir Teymur Məmmədov... Bakının ürəyi adlandırdığı bu ərazini necə sevdiyini gözündəki işıqdan bilinir... Müasir Bakı, şəhər mədəniyyəti, xalqın üzərində tarixən aparılan eksperimentlər, sənətdə müasirlik və mühafizəkarlıq Mir Teymur müəllimin sevimli mövzularıdır... “Rəng, fırça, palitra” verilişinin bu buraxılışında rəssam və heykəltəraş Mir Teymur Məmmədovla bu mövzuları müzakirə etdik... Yaxşısı budur, rəssamın fikirlərini öz dilindən eşidək...

 

...İçərişəhər Bakının, Azərbaycanın ürəyidir. Onun tarixi hələ XII əsrdən başlayır. Bakı deyəndə, beynimdə yalnız İçərişəhər canlanır. İçərişəhərdə gedən yenidənqurma işləri ilə 100 faiz razı deyiləm. Elə məsələlər olur ki, mən deyirəm və ona qulaq asıb, düzəlişlər edirlər. Vaxt var idi, mən deyirdim, bağırırdım, heç kim eşitmirdi. Amma indi vəziyyət dəyişib. İçərişəhərdə bəzi eybəcər binaları hördük və qədim halına saldıq...

 

...Şəhər mədəniyyətindən danışanda əsas kanalizasiya, sudan, qaz xəttindən danışmaq lazımdır. Burada fasadlar elə bərbad gündə idi ki. Fasadlar belə görünmürdü. İndi isə bütün bunları həll etmişik. İçərişəhərdə gidrant yox idi. Yanğın baş verəndə yanğınsöndürənlər suyu haradan götürəcəkləri belə bilmirdilər...

 

...İçərişəhəri bu gün 100 faiz olmasa da, qoruyuruq. Bir zamanlar buralar siçovullarla dolu idi. Onlar burada özlərini İçərişəhərin sahibi kimi aparırdılar...

 

...Tramvayın Bakıya qayıtması mütləqdir. Çünki bütün şəhərlərdə tramvay əsasdır...  

 

...Bakını çox mədəni görmək istəyirəm. Bakı mədəniyyət mərkəzidir. Bu da zaman tələb edir. Mən olduğum şəhərlərdə oranın qanunlarını öyrənib, özümü ora uyğun aparmağa çalışıram. Çünki mən belə öyrənmişəm. Amma rayondan gələndə öyrətmirlər, demirlər ki, şəhərin öz mədəniyyəti, kəndinsə öz mədəniyyəti var. Onlara demirlər ki, çölə eyvandan zibil atmaq olmaz. Burada psixoloji faktor da rol oynayır. Adam bura o biri məkandan gəlib və onu heç kim tanımır. Yüksəkdən danışaram, düz oturmaram, söyüş söyərəm, məni onsuz da heç kim tanımır deyə düşünürlər. Daxili mədəniyyəti, tərbiyəni isə öyrətmək lazımdır...

 

...Müəllim anadan sonra ikinci adamdır. Müəllimdə mədəniyyət olmayanda şagirdin gördüyü də o olur. Belə şeylər olmaz. XX əsrin əvvəllərində Həsən bəy Zərdabi bir kəlam deyib və bu söz hələ də aktuallığını itirməyib – “savadsızlıq bütün bəlaların köküdür”. İnsan nə qədər bisavad olursa, o qədər bisavad hərəkətlər edir. O, bu hərəkətləri pis adam olduğu üçün etmir, sadəcə bunu bilmir. Köhnə Bakının mədəniyyətini qaytarmaq üçün onun tarixini bilmək lazımdır... 

 

...SSRİ özü bilməyə-bilməyə bizi köklərə bağlayırdı. Bizdə əlifba 4 dəfə dəyişdirilib. Bu əməlli-başlı genosiddir. Heç bir xalqı məhv etmək üçün üzərində bu qədər eksperiment aparılmayıb. Sən əlifbanı dəyişəndə ata öz balasını, ata öz dədəsini başa düşmür. Bizdəki kimi. Bu problemə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir də toxunub. Mənim 70 yaşım var, adam var ki indiki əlifbanı bilmir, öyrənmir də. Çünki tənbəldir, heç öyrənmək istəmir də. O sadəcə gəzir, danışır, yeyir. Yəni bir meyitdir, o insan deyil, inkişaf eləmir. İnkişaf etmək istəməyən insandan uzaq olmaq lazımdır. O insan səni də dibə aparacaq. Rəhmətlik nənəm Nərgiz xanım mənə nəsihət etmişdi ki tum satanla oturub durarsan, axırda tum satan olarsan. Özü 5 dil bilirdi, Parisdə oxumuşdu...

 

...Müasirliyi, yeniliyi sevirəm və qəbul edirəm. Amma müasir toyları, şadlıq evlərini qəbul eləmirəm. Bizi geriyə aparır...

 

...Hər zaman öz tələbələrimə deyirəm: “Bu zamanda yaşayın, amma keçmişi bilin”. Mənə lazım deyil, Azərbaycanda 10 Pikasso, 8 Salvador Dali olsun. İndi ki zamanda təqlid edirlər, oğurlayırlar və deyirlər ki bu müasir rəngkarlıqdır. İncəsənət kətanın üzərinə üç-dörd vedrə rəng tökmək deyil. Və ya daşın üstünə daş qoy, üstündən də rəng tök, bu, heykəltəraşlıq deyil. Bu əməlli-başlı dələduzluqdur. Peşəkarlıq yoxdur. Kolleci qurtaranlar çəkə bilmirlər, trikolorun nə olduğunu belə bilmirlər. Kim dərs verib onlara, yəqin ki özü kimi bisavad... Rəssamlıq Akademiyasında keramika bölməsini qurtaranlar keramikanın nə olduğunu bilmirlər. Rəngkarlığı qurtaranlar çəkə bilmirlər. Deyirəm, əlimin rəsmini çək, hıqqana-hıqqana çəkir, axırda da heç nə alınmır. Elə yerindən duran fırçanı götürüb, kətanı, rəngləri alıb düşür kətanın üstünə, sonra da tez-tələsik sərgi eləyirlər. Sonra da başlayırlar fəxrlə deməyə ki, mən 10 fərdi sərgi etmişəm. İstəyirsən 100 dəfə sərgi aç, sən rəssam deyilsən. Çünki rəssamlıq fəlsəfədir. Akademiya qurtaranlar rəssam deyillər. Bir söz də deyim, bizdə olan Rəssamlıq Akademiyasından çox yerdə yoxdur, necə gözəl bina veriblər, necə şərait yaradıblar, pul töküblər. Məni nə qədər çağırıblar, amma dərs verməkdən imtina etmişəm. Çünki istəmirəm...

 

...Naturaçılıq sənəti elə belə peşə deyil. Azərbaycanda naturaçıların pulunu da dövlət verir. Bu əməlli-başlı məktəbdir. Dövlət onlara pul verir, tələbələrsə durub danışıb gülürlər. Mən gəncliyi də başa düşürəm, amma dərs zamanı belə etmək olmaz. Əvvəllər bu sistem çox başqa cür idi. Mən özüm dərs verirəm, bu gün tələbələrim özləri xarici ölkələrdə tədris edirlər. Rəssam olmaq üçün tər tökməlisən...

 

...Yaratmaq üçün emalatxana əsas şərt deyil. O cür adamlara emalatxana nədir, anqar da versəm, yaratmayacaqlar. Çünki daxilən  boşdurlar. Kompozisiya deyilən bir şey yoxdur.  Rəssam böyük hərflərlə yazılası bir peşədir. Rəssamlıq Allahın hədiyyəsidir... 

X

XƏBƏRLƏR
BÖYÜT