“İtkin gəlin” serialının başıbəlalı quruluşcu operatoru idi o...
19:00 – 13 Noyabr, 2015

Həyatda çox şey olur, adını qoya bilmirsən. Bilmirsən həyat deyəsən, bilmirsən son deyəsən, yoxsa, "başlanğıc" adlandırasan olanları... Çox araşdırıb öyrənəndən sonra başa düşürsən ki, adı çox sadədir: Alın yazısı!.. Və sən onun ardınca düşüb yaşamalısan. Bugünkü qəhrəmanım da belə biridir. Alnına yazılanın ardınca gedən insanlardan biri...

 

İllər öncə "Fərman Nəbiyev" deyəndə çoxunun yadına Azərbaycanda çəkilən ilk teleserial  düşürdü. “İtkin gəlin” serialı. O itkin gəlin ki, mərhum rejissor Lütfü Məmmədbəyov  ona ekran həyatı verrmək üçün eyni adlı əsərin müəllifi Əlibala Hacızadə ilə ssenari yazmışdı. Fərman Nəbiyev  isə həmin filmi kameranın yaddaşına köçürən quruluşçu operator idi. İndi məndən inciməsin, deməyi boynumun borcu bilirəm, çox unudulub. Tək tənhadır, kasıblığına qısılıb həyatını yaşayır. Özü demiş, ömür vağzalında son bilet əlində gözləyən sərnişindir...

 

 Həm də çox kövrəkdir. O qədər kövrək ki, təkcə mən yox, kamera arxasında olan əməkdaşlarımız da dözə bilmirdilər gördüklərinə və eşitdiklərinə... Bu boyda unudulmaq olmaz yəni...

 

Hər şey onun qardaşının yanına tez-tez gedib - gəlməsindən sonra başladı. Deyir, fərqli simalar görürdüm. Elə adamlar olurdu ki, onlar gələndə hamı ayağa dururdu. Sonradan anlayıb ki,  Azərbaycan səhnəsinin korifey sənətkarlarıdır onlar. Hər biri ilə tanış olub yavaş-yavaş. Nəsibə xanım, Lütfəli Məmmədov başda olmaqla böyük sənətçilərlə dostuq edib.

 

Günlərin birində Dövlət Dram teatrının səhnəsində “Bəxtiyar” filminin o məşhur epizodunun çəkilişi gedir. Bəxtiyarın ilk dəfə səhnədə mahnı oxuduğu epizod...

 

Həmin epizodu həmsöhbətim sona qədər müşahidə edir. Və qərara gəlir ki, televiziyada çalışsın.

 

O, bizə nə yataq otağını səliqəyə salmasını çəkməyə, nə mətbəxini kameranın yaddaşına köçürməyə icazə verdi. Aylardır təmizlənməyən,  qadın əli , sığalı görməyən yorğan - döşək, mətbəx necə olmalıdırsa, oralar elədir dedi mənə...

 

Təxminən bu idi durum:

 

-Tək yatıb, tək durmaqdan 
 Bezdirmişəm otağı 
 Bilirsən, pinti olur 
 Yalqızların yatağı....

 

 

Bu otaq, bu mənzərə təkcə tənhalığın yox, həm də qürurun, mərdliyin, sadiqliyin, sevginin göstəricisidir. O qürurun ki, bu günə qədər kimsəyə ehtiyacından danışmadı, o mərdliyin ki, bütün yükünü öz çiyinlərində çəkməyi məqbul saydı, o sadiqliyin ki, bir kişini tənhalığın qucağına sığadı. Evinə göz gəzdirdikcə bir də onu düşündüm ki, dünyada ən gözəl ətir qadın, uşaq bir də bir kişi qoxusunun vəhdətindən yarana bilər bəlkə də. Bax bu evin o ətri əskik idi. Tənhalığın təkcə özü yox, ətri də ağırdır...

 

Onun bu durumunu gördükcə bir mənzərə gəlir adamın gözü önünə. Düşünürsən ki, möcüzə ola bir gün, lap elə bircə dəqiqəliyə qapı açıla onun ardınca bu qədər göz yaşı tökdüyü  qadını  girə içəri, neynərdi görəsən bu kişi?!...

 

Fərman Nəbiyevin belə bir möcüzə baş verərsə, nə etmək istədiyini və onunla bağlı digər məqamları   “Ötən əsrin adamları”nda tam izləyin.  

X

XƏBƏRLƏR
BÖYÜT