Ailə münaqişəsinin əsas səbəbi: kasıbçılıq, yoxsa intim uyğunsuzluq?
15:28 – 16 Noyabr, 2015

Ailədə münaqişələr nə üçün baş verir?

 

"Ailədə münaqişə deyiləndə, adətən şiddət, zorakılıq yada düşür. Günümüzdə bu cür münaqişəli ailələr çoxdur. Amma söz-söhbət isə bütün ailələrdə var". Bu fikirləri  "Ailə dünyası" İctimai Birliyinin sədri Gülayə Səfərova APA TV-nin “Ailə məsələsi”  verilişində səsləndirib. Verilişdə psixologiya üzrə fəlsəfə doktoru Limunət Əmrahlı da iştirak edib. Qonaqlar  mövzu ilə bağlı fərqli mövqedə olsalar da, hər iki tərəf öz fikrini əsaslandırmağa çalışıb. G. Səfərovanın fikrincə,  ailələr fərqli olduğu kimi münaqişələri yaradan səbəblər də müxtəlif olur: " Biz iş təcrübəmizdə çox münaqişəli ailələrlə işləmişik. Ər-arvad arasında müxtəlif səbəblərdən problemlər yaranır. Sosial məsələlər üstünlük təşkil etsə də, cütlüyün  təhsil və mədəni səviyyəsiniz fərqli olması, psixoloji uyğunsuzluq da ailədaxili münasibətlərə təsir edir".

 

G.Səfərova bildirib ki, bəzən ailə üzvləri münaqişəni həll etməyə can atmırlar: " Bizə müraciət edən ailələrlə söhbətlər aparırıq. Qadın şikayət edir ki, əri işsizdir, pul qazanmır, ailəyə baxmır. Biz o kişiyə iş də tapırıq. Amma adam işləmək istəmir. Deyir ki, mən yüksək maaş istəyirəm. Halbuki təklif olunan məbləğlə də ailəsini dolandıra bilər. Beləcə ən azı münaqişə nisbətən azalar. Amma danışıqlarımız faydasız olur. Kişi yenə işsiz qalır, problemlər daha da dərinləşir, sonda boşanma ilə nəticələnir. Mən gəncləri xüsusi ilə qeyd etmək istəyərdim. Gənclərin çoxunda bir tənbəllik var, ailə məsuliyyətini daşımaq istəmirlər. Odur ki, evlənmək istəyən gənclər gərək ciddi düşünüb qərar versinlər. Hansı məsuliyyəti daşıyacaqlarını bilsinlər".

 

Digər qonaq L. Əmrahlı isə ailə münaqişələrini yaradan əsas səbəb kimi ər-arvadın intim uyğunsuzluğunu qeyd etdi: " Münaqişəsiz ailə yoxdur. Ailənin mədəni və təhsil səviyyəsi, ailə dəyərləri münaqişələrə münasibəti formalaşdırır. Onun həll yolunu tapmaq istəyən və tapa bilən ailələr də var, problemi həll olunmaz bir hala gətirib çıxaran ər-arvad da. Adətən münaqişələri yaradan səbəb kimi iqtisadi çətinliyi və psixoloji amili önə çəkirlər. Mən bu fikirlə razılaşmıram. Hesab edirəm ki, münaqişəni yaradan əsas səbəb intim həyatdır. Ailədə cütlüklər arasında münasibətlərin tənzimlənməsində birinci amil onların intim dünyasıdır. Ər-qadın cinsi rollarını düzgün yerinə yetirməlidir. Təəssüflər olsun ki, bizim cəmiyyətimizdə bu sahədə mədəniyyət kifayət qədər yüksək deyil. Bu mövzuya ümumiyyətlə tabu qoyulub. Əsrlərdir qadağan olunmuş mövzudur. Qadın da, kişi də intim tələbatından danışa bilməz".

 

L.Əmrahlı qeyd edib ki, ilk növbədə insan bioloji bir varlıqdır: " Ailə quran zaman qarşı tərəfə münasibət bu anlamda dəqiqləşməlidir. Tərəflər düşünməlidir ki, o mənim arzuladığım insandırmı, yoxsa yox? Bizim cəmiyyətimizdə bununla bağlı çoxlu qadağalar var. Toya qədər görüşmək, zaman keçirmək olmaz. Gənclərimiz bir-birini qadın-kişi kimi tanımadan ailə qururlar. Elçi gələn kimi nişan, ardınca da toy edirlər. Nişanlı dönəmində də yaxından tanıya bilmirlər. Çünki yenə qadağalar var. Ər-arvad intim problemləri haqda açıq danışa bilmədikləri üçün sosial səbəbləri bəhanə edirlər".

X

XƏBƏRLƏR
BÖYÜT