Nurəddin Mehdixanlı: "Seriala dəvət ala bilməyəndə fəxri adların ləğv olunmasını istəyirlər"
17:38 – 26 Noyabr, 2015

"Aktyorun yaxşı olması üçün yaxşı rejissor, pyes, tərəf müqabili olmalıdır. Təbii ki, bu sıralamaya onu anlayan tamaşaçı da aiddir".
 

Bunu APA.TV-nin "Üç dama" verilişində xalq artisti Nurəddin Mehdixanlı deyib.  
 

Damaların suallarını cavablandıran müsahib bəzi xalq artistlərinin seriallara çəkilməməyindən və tənqidi münasibətindən söhbət açıb. "Çox maraqlıdır ki, bəzi xalq artistlərimiz əməkdar artist fəxri adını daşıyanda fəxri adların əhəmiyyətsiz olduğunu demirdilər. Elə ki, xalq artisti adına layiq görüldülər, indi bu adın ləğv olunmasını tələb edirlər. Bunu o zaman edirlər ki, artıq onlara seriallardan və filmlərdən dəvət gəlmir".
 

Xalq artisti məcburiyyətdən  toyda tamadalıq edən aktyorlara görə heyfsiləndiyini dilə gətirib.  "Mən də arzulayıram ki, bizim kinonun və teatrın aktyorları ən azı qardaş Türkiyədəki aktyorların heç olmasa otuz faizi qədər təminatlı olsunlar. O zaman məcbur olub toylara getməzlər. Səhnədə Otellonu oynayan aktyoru toyda görənlər əlbəttə ki, ona tamada kimi baxacaqlar".
 

Teatr tənqidindən danışan Nurəddin Mehdixanlı bildirib ki, bu sahədə bəzən açıq-aşkar yalançı təriflər, qalın kitablar yazılır. Bunlar heç kimə lazım deyil. "Mən yeri gələndə özümün səhvimi görə bilən adamam. Səhnədə necə oynadığını aktyorun özündən başqa dəqiq bilən yoxdur. Məhz aktyor o zaman peşəkar aktyor kimi formalaşmağa başlayır ki, bunu özünə etiraf etməyi bacarır".
 

Xalq artisti aktyorlara biganə münasibətdən də söhbət açıb. "Bu yaxınlarda əməkdar artist İlham Əsgərov öldü. Əlbəttə o, teatrın səhnəsindən yola salınmağa layiq idi. Əgər bizim teatrın rəhbərliyi Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsəydi İlham Əsgərov üçün vida mərasimi təşkil oluna bilərdi". 
 

"Biz, yəni teatrın kollektivi problemimizlə bağlı cənab prezidentə məktub yazdıq və cəmi 1 saatdan sonra cavab gəldi. Nəticədə xalq artisti Azərpaşa Nemət teatra bədii rəhbər və baş rejissor təyin olundu"- xalq artisti bunu aktyor həmrəyliyindən söhbət açarkən deyib... 
Söhbətin davamını  "APA.TV" də izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT