"Rəsul Rzanın yeni poeziyanın yaradıcısı kimi qəbul edilməsinin kökündə subyektiv münasibətlər dayanır"
16:31 – 03 Dekabr, 2015

APA.TV-nin "Müzakirə saatı" verilişinin budəfəki mövzusu sovet dövrü ədəbiyyatı olub. Verilişdə şair və yazıçı Vaqif Nəsib, "BDU"nun dosenti, ədəbiyyatşünas Məti Osmanoğlu, tənqidçi Bəsti Əlibəyli, "Qafqaz" universitetinin müəllimi Ülvi Babasoy, yazıçılar Qan Turalı və Mahmud iştirak ediblər. 
"Sovet dövrü ədəbiyyatının tələbələr və gənclər arasında bugünkü aktuallığı və əhəmiyyəti hansı səviyyədədir?" sualına ilk olaraq Məti Osmanoğlu cavab verib. "Sovet ədəbiyyatı iki mənanı ehtiva edir. Birincisi, sovet dövründə yaranan, ikincisi isə sovet ideologiyasını ifadə edən ədəbiyyat. Bu sərhəd özünü 1960-cı illərə qədər daha qabarıq göstərib. Tutaq ki, Əhməd Cavad, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli məhz anti-sovetlərdən idilər. Ancaq bu sualın cavabında yalnız onu deyə bilərəm ki, qədim "Dədə Qorqud" dastanı, orta əsrlərin dəyərli nümayəndəsi Məhəmməd Füzuli, 19-cu əsrin Mirzə Fətəli Axundovun yaradıcılığı nə qədər vacibdirsə, Sovet dövründə yaranan ədəbiyyat da bu günümüz üçün o qədər vacibdir". 

 

Yaradıcılığının əsas hissəsi sovet dövrünə təsadüf edən yazıçı Vaqif Nəsib o dövrdə yazıçıların qarşısına mövzu tələbi qoyulduğunu deyib. "1960-cı illərə qədər Azərbaycan ədəbiyyatında eybəcərliklər davam edirdi. Hətta yerlibazlıq belə, mərkəzi komitənin əliylə baş verirdi. Senzurada heç kəsə lazım olmayan müəlliflərin əsərlərini də təsdiqləyirdilər. Düzdür, bəzi yazıçılar və şairlər həm poeziyaya, həm də nəsrə yeni nəfəs gətirə bildilər. Əli Kərim poeziyanı ritorikadan xilas etdi və yeni keçid dövrünün əsasını qoydu. Nəsrdə isə bunu İsa Hüseynov etdi".

 

Qan Turalı da nəsrdə İsa Hüseynov və Əkrəm Əylislinin təsirinin böyük olduğunu deyib. "Bəzən sovet dövrü ədəbiyyatından danışanda insafsızcasına münasibət bildiririk. Amma bilmək olmaz ki, mən də olmaq şərtilə indiki yazarlar o dövrdə yaşasaydıq nələr yazardıq". 
Mahmud bildirib ki, siyasətin ədəbiyyata kəskin qarışması o dövr güclü əsərlərin yazılmasına mane olub. "Məsələn, mən düşünürəm ki, adi bir oxucunun Süleyman Rəhimovun "tonlarla" kitabını oxumağının onun üçün nə əhəmiyyəti ola bilər?"

 

Bəsti Əlibəyli isə Mahmudun fikrinə qaşı çıxaraq bu əsərlərin Azərbaycan ədəbiyyatına və leksikonuna söz zənginliyi bəxş etdiyini deyib. "Poeziyada da yeniliyi dərsliklərdə Rəsul Rzanın adı ilə başlayırlar. Bəli, bunun düzgün olduğunu düşünürəm. Çünki, o, bu yolu axıra kimi davam etdirə bildi, yeni məktəb yaratdı"

 

Məti Osmanoğlu isə Bəsti Əlibəylinin bu fikri ilə razılaşmadığını və Rəsul Rza yaradıcılığına bu münasibətin subyektiv səbəbləri olduğunu dilə gətirib. 
Ülvi Babasoy hazırda tələbələri ilə həm də müasir yazarların yaradıcılığını təhlil etdiyini və bunu dərs kimi proqrama saldığını deyib. "Ancaq mən düşünürəm ki, sovet dövrü ədəbiyyatı Azərbaycan ədəbiyyatının mühüm bir mərhələsidir və onu tələbələrin oxuması, bilməsi vacibdir".
 
Verilişi tam olaraq "APA.TV" də  izləyə bilərsiniz

X

XƏBƏRLƏR
BÖYÜT