Murad Dadaşov: “İnsanları ancaq düz söz deyərək qazanıram”
14:23 – 10 Dekabr, 2015

APA TV-nin “Üç dama” verilişinin qonağı əməkdar artist Murad Dadaşovdur

 

Söhbətin əvvəlində o, bildirib ki, fəxri ad məsələsinə yanaşması başqa olub. Düşünüb ki, bu əvvəlki nəslin məsələsidir. “Yəni ənənə olaraq fəxri adlar məsələsinin keçənlərdə qaldığını düşünürdüm.  Özüm alandan sonra yanaşmam xeyli dəyişdi. Fəxri ad böyük məsuliyyət imiş. Onu alandan sonra özünə də, ətrafına da diqqətli, tələbkar olursan. Gördüyün işlərə daha məsuliyyətlə yanaşmaq lazım gəlir. Çünki sənin müəyyən bir missiyan, öhdəliyin yaranır”.

 

Bəs görəsən həmişə deyib-güləm həmsöhbətimiz əsəbi də olurmu? Murad Dadaşov hesab edir ki, o, əsəbiləşəndə çox sərt olur. O üzdən sualımıza “məni elə gülən görsəniz yaxşıdır” cavabını verib.

 

“Həyatımda həmişə müqayisə üçün yer var. Anar Məmmədxanov, Timur Vanşteyn və daha bir neçə nəfərdən öyrəndiyim vacib keyfiyyətlərdən biri də budur. Ümumiyyətlə yaxşı ki, mənim həyatımda Anar, Timur kimi insanlar olub. Ümumiyyətlə yaxşı ki, həyatımın KVN mərhələsi var imiş ”.

 

“Kiməsə zəng edəndə üzümə telefon qapadacağı, ya da kiminsə qanını qaraldacaq qədər mənfi enerjili biri deyiləm. Hiss eləyirəm ki, məni görəndə, mənimlə danışanda insanların üzündə təbəssüm olur. Deməli  müsbət enerjini onlara ötürə bilmişəm”.

 

O həmçinin evə çox yorğun gəldiyini söyləyib: “Evdə də gülüb danışmağa az qala zaman qalmır. Başım öz işlərimə qarışır. Evə  gələndə görürəm evdə də xeyli problem yığılıb, hansı ki, onları da mən həll eləməliyəm. Qaldı mənim müsbət enerjimə onu evdə  sevdiklərimdən, ailəmdən, yaxınlarımdan alıram”.

 

O, televiziyaya olan sevgisinin Moskvada formalaşdığını bildirib: “Moskvada KVN yarışmasında çıxışlar edirdik. Bizim səhnədə rahat olmağımız üçün səhnə arxasında çoxlu insan çalışırdı, hərəkətlərin dinamikasına, insanların məsuliyyətinə vurulmaya bilmirdin. Televiziya sevgim Moskvada onları müşahidə edəndə yarandı. Orda anladım ki, KVN-lə paralel televiziya sahəsi də bir ömür boyu doğmam olacaq”.

 

Murad Dadaşov hesab edir ki, insanları ancaq onlara doğru söz deməklə qazanmaq olar. “İnsanları dinləməyi arqumentlərini müzakirə eləməyi sevirəm. Əsaslandırılmış bütün arqumentlərin qarşısında acizəm.  İnsanları qazanmaq üçün özünün, yaxınlarının maraqlarından keçməli olursan. Bunu eləmək çox çətindir. Amma mütləq eləməlisən yoxsa ağsaqqal, hörmətli birinə çevrilə bilməz adam ”.

 

O hesab edir ki, ədalətli qərar qəbul etməyi bacaran insan ən böyükdür. “Demirəm bunu bacarıram, amma belə olmağa çalışıram”.

 

Müsahibimiz bildirib ki, insanın inkişafı üçün mütləq yaxşı mühiti olmalıdır. “Yaxşı mühit vacib məsələdir. Bunu insan özü formalaşdırmalıdır. Bizdə hamı gözləyir. Aktyor rol gözləyir, rejissor ssenari, bir başqası başqa nə isə. Yəni hamı gözləyir. Heç kim təşəbbüs göstərmir. Halbuki Azərbaycan xalqı dünyada istedadlı millətlərdən biridir. İstəsək  yaxşı təşəbbüslər göstərib nəaliyyətlər əldə edərik”.

 

“İşimlə əlaqədar mən dünyanı çox gəzirəm.  Və gördüklərimdən anladığım budur ki, biz bir birimizi çox tərifləmək geridə qoyub”.

 

“Bəzən qohumlar arasında nə isə xoşuma gəlməyən bir hərəkət edəni olardı. Xoşuma gəlməzdi. Təəssüf, təəccüb dolu fikirlər söyləyər, deyinərdim, əsəbiləşərdim. Günlərin birində atam mənə ömür boyu qulağımda sırğa olacaq bir məsləhət verdi. Dedi ki, adamları qoy bir kənara, özü biləni elə. Elə bil ki, nəsil elə səndən başlayır”.

 

“Zamanında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva muğamı qoruyub saxlamaq üçün cəhdlər etməsəydi,  muğam layihələrinin reallaşmasına dəstək olmasaydı, ustad sənətkarlara bütün dəstəyi göstərməsəydi bizim o boyda sənətimiz batıb gedəcəkdi. Ancaq arxivlərdə qalacaqdı”

 

“Maşın şou”da elə kadrlar var idi ki, mən onları efirə çıxarsaydım inanın həmin verilişin reytinqi dünyanı dağıdardı, nəinki Azərbaycanı...

 

Söhbətin davamını “Üç dama”da izləyin. 

X

XƏBƏRLƏR
BÖYÜT