Nikahdan öncə xəstəliyini gizlədən şəxsi hansı cəza gözləyir? Xəstə vətəndaş nikah bağlaya bilməz?
15:19 – 21 Dekabr, 2015

Nikahdan öncə hansı xəstəliklərin müayinəsi vacibdir?

 

Özəl tibbi müəssisələrinə də müraciət etmək olarmı?

 

"Ailə kiçik dövlətdir. Bu dövlətin fundamenti, özülü necə qoyulursa, elə də davam edir. Bu baxımdan nikahdan öncə tibbi müayinədən keçmək sağlam ailə üçün önəmli addımdır".  Bu fikirləri  ailə məsələləri üzrə ekspert Nigar Muradova APA TV-nin “Ailə məsələsi” verilişində səsləndirib. Nikahdan öncə icbari tibbi müayinənin müzakirə olunduğu verilişdə Vəkillər Kollegiyasının üzvü Araz Yusifov da iştirak edib. Qonaqlar  mövzu ilə bağlı fikirlərini əsaslandırmağa çalışıblar. N. Muradovanın fikrincə, nikahdan öncə tibbi müayinə zəruridir və belə bir tələbin qoyulması ailə quran insanların özü üçün faydalıdır: " Biz təcrübəmizdə problemli ailələrlə çox qarşılaşmışıq. İnanın ki, nikaha daxil olan şəxslərdən birində xəstəlik olarsa və qarşı tərəfdən gizlədirsə, sonradan bu əsl ailə faciəsinə çevrilir. Xüsusən də əgər belə bir nikahdan qüsurlu uşaq dünyaya gəlirsə, ər-arvadın münasibətləri tamam korlanır, ailə dramı yaşanır".

 

N.Muradova əlavə etdi ki, tibbi müayinənin pulsuz aparılması, dövlətimiz tərəfindən atılan humanist bir addımdır: " Bu alqışlanacaq bir qərardır. Əgər bu gün dövlətimiz nikaha daxil olan şəxslər üçün belə bir böyük imkan yaradıbsa, niyə buna etiraz etməliyik? Bəzi gənclərimiz hələ də icbari tibbi müayinəni qəbul etmək istəmirlər. Belə düşünürlər ki, birdən məndə xəstəlik aşkar edilər və mən qarşı tərəfin gözündə qüsurlu, problemli insan durumuna düşərəm. Həm də özgüvənlərini itirməkdən ehtiyat edirlər. Amma həqiqətlərlə barışmaq lazımdır. Bu kimi səbəblərə görə tibbi müayinəni ertələmək yalnız zərər verə bilər. Məsələn, əgər birisində xəstəlik varsa, bu əvvəl-axır üzə çıxacaq. Ya övladın dünyaya gəlməməsində, ya qüsurlu uşağın doğulmasında və s. Yəni sonradan daha böyük faciələr yaşamamaq üçün bu gün xəstəliklər  aşkar edilməli və nəticəyə uyğun qərarlar qəbul olunmalıdır".

 

A.Yusifov da mövzu ilə bağlı fikirlərini bölüşdü: "Daha əvvəl də Ailə Məcəlləsinin 13-cü maddəsində nikahdan öncə tibbi müayinənin keçirilməsi nəzərdə tutulmuşdur. Lakin bu müayinə icbari deyildi. 17 oktyabr 2014-cü il tarixində Ailə Məcəlləsində edilən dəyişikliyə əsasən artıq müəyyən edildi k, nikaha daxil olan şəxslər mütləq tibbi müayinədən keçməlidirlər. Bunun üçün tibb müəssisələrinə müraciət edərək, arayış almalıdırlar. Sonra ərizəyə həmin arayışı əlavə edib, qeydiyyat orqanına nikah üçün müraciət edə bilərlər".

 

Hüquqşünas qeyd etdi ki, qanunda edilən bu dəyişikliyin məqsədi var: "Əsas hədəf sağlam ailənin formalaşmasına şərait yaratmaq və qüsurlu doğulacaq uşaqların qarşısını almaqdır. Mən buna bir əlavə də etmək istəyərdim. İcbari tibbi müayinə hətta gələcəkdə etibarlı və inamlı ailə münasibətlərinin yaranmasına da xidmət edir. Əgər xəstəliyi olan şəxs nikahdan öncə qarşı tərəfi məlumatlandırmırsa, bu sonda ailə daxilində inamsızlığa, etibarsızlığa səbəb olur. Dəfələrlə bu problemi yaşayan ailələrlə qarşılaşmışıq. Bəzən tərəflər arasında barışıq baş tutsa da, çox vaxt boşanma ilə nəticələnib".

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT