Vaqif Mustafazədənin adına çıxılan melodiya, Oktay Kazımi ilə “qarşıdurma” və Həsən Məmmədovun qonşu qızı...
13:47 – 24 Dekabr, 2015


Mən onu tanıyanda bir adamın üzü yetmişə doğru gedən həyatının hadisələrlə belə zəngin ola biləcəyini düşünmürdüm.  Hər şey bir yana, altmışı geridə qoyan və o qədər olaylar yaşayan birinin görünüşündə yaşının hiss edilmədiyi də təəccüblü gəlirdi. Bir də qəribə gələn bu idi ki, ailəsini, yeganə oğlunu, qızım dediyi gəlinini, hər şeyim dediyi nəvəsini bu qədər önəmsəyən və onlara görə “nə karyera!” deyib  onu gözləyən böyük şöhrətdən imtina edə biləcək qədər güclü xarakterlə üzbəüz oturmuşam...
 
APA TV-nin “Ötən əsrin adamları” layihəsində qonaq Sevil Rüstəmovadır. İndi bu ad sizə çox söz deməz. Amma illər öncə çoxuna çox söz deyirdi... 
 
80-ci illərdə çox maraqlı qızlar qrupu vardı.  “Sevil” vokal qrupu. Böyük  Vaqif  Mustafazadə yaratmışdı o qrupu. Bax, qarşınızdakı o Sevil Rüstəmovadır ki, həmin qrupun xeyli mahnılarının müəllifi imiş.  Yarızarafat hərdən belə də deyirmişlər o illərdə: Sevilin mahnılarını “Sevil” oxuyur...
 

Bakının məşhur Zərgərpalan küçəsində keçib uşaqlıq illəri Sevil Rüstəmovanın. Atası ticarətçi, anası kinostudiyada montajçı işləyib. 
 
Onu Vaqif Mustafazadə ilə xalq artisti İlhamə Quliyeva tanış edib. O tanışlıqdan sonra yaxşı bir dostluğun, həm də əməkdaşlığın təməli qoyulub. Sevil Rüstəmova yazdığı mahnıların notunu Vaqif Mustafazadəyə göstərib həmişə. Heç bir musiqi təhsili olmayan, özü demiş "həvəskar bəstəkarın mahnılarına xırda düzəlişlər edərmiş Vaqif Mustafazadə" əvvəllər. Sonralar artıq buna ehtiyac qalmır. Və həmin əlyazmaları indiyə qədər Sevil xanım şəxsi arxivində qoruyub saxlayır. Nə də olsa Vaqifin əlinin izi var o səhifələrdə.
 
Sevil Rüstəmova ilə görüşə getməzdən əvvəl müəllifi olduğu musiqiləri dinləyərkən, maraqlı bir məlumat əldə elədim. Onun 1972-ci ildə yazdığı “Ürəyimdə görürəm” adlı mahnısı bəzən Vaqif Mustafazadənin əsəri kimi təqdim olunur. Baxmayaraq ki, Dövlət Televiziyasının Qızıl Fondunda həmin musiqi “Sevil” vokal qrupunun ifasında 43344 saylı sırada saxlanılır və müəllifi kimi Sevil Rüstəmovanın adı göstərilir. 
 
Bir də  “Gün keçdi” filmi var. Arif Babayevin təkcə filmi yox, həm də əsəri. Həmsöhbətim o filmin qəhrəmanı Oqtayın qonşu qızıdır həm də. Deyir...
 
“Ötən əsrin adamları”nda tam olaraq izləyin.

X

XƏBƏRLƏR
BÖYÜT