İncəsənət muzeyinin Avropa bölməsi
16:03 – 08 Yanvar, 2016
Bu dəfə yolumuz Azərbaycan Dövlət Milli İncəsənət Muzeyindən keçdi. Özündə illərin tarixini saxlayan bu bina dəyərlərimizin və ümumbəşəri mədəni irsin qorunub saxlandığı xəzinədir. 
 
Bu xəzinənin bir neçə qolu var ki, hamısı haqda tanışlığı yalnız bir verilişə sığdıra bilmərik. Elə bu səbəbdən də hələlik muzeylə tanışlığı onun ilk bölməsi olan Qərbi Avropa guşəsindən başlayırıq. 
 
Milli İncəsənət Muzeyinin yerləşdiyi bu bina vaxtilə  Bakı taciri Deburün malikanəsi olub. Sonralar burada Nəriman Nərimanov,  Mircəfər Bağırov kimi tarixi şəxsiyyətlər də yaşayıb. Ötən əsrin əvvəllərində həmçinin bu binanın taleyinə İngilis generalı Tomsonun igamətgahı olmaq da yazılıb.  Bu gün isə Milli İncəsənət Muzeyi Rüstəm Mustafayevin adını daşıyır. Xatırladaq ki, Mustafayev Rüstəm Mammədhənifə oğlu rəssam idi. O, Azərbaycanda realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri olub. 
1936-cı ildə incəsənət şöbəsi Azərbaycan Dövlət Muzeyinin tərkibindən ayrılıb, Xalq Komissarları Sovetinin qərarı ilə müstəqil muzey kimi təşkil edilib. Muzeyə ilk eksponatlar ekspedisiyalar zamanı və əhalidən satın alınma yolu ilə toplanıb. 1937-ci ildə muzeyin ilk ekspozisiyasının açılışı olub. 
 
17 mindən artıq sənət abidəsinin mühafizə edildiyi bu xəzinənin fəaliyyət tarixi zəngindir. 1951-ci ildə muzey Bakı taciri Deburun XIX əsrin axırlarında barokko üslubunda inşa edilmiş malikanəsinə köçürülüb. 2006-cı ildə muzeyə ayrılan yeni korpusun asaslı təmir işləri başlanıb və 2009-cu ildə orada yeni ekspozisiyanın açılışı olub. 2011-ci ildə muzeyə "Milli Muzey" statusu verilib. Elə həmin ildə də beynəlxalq standartlara cavab verən və keyfiyyətli xidmətə malik olan bu muzeyə Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının Direktorlar Şurasının qərarı ilə Avropa Muzey Standartı statusu verilib. 
Fəaliyyəti dövründə muzeyə Azərbaycanın tanınmış xalq rəssamı Salam Salamzadə, xalq rəssamı, əməkdar incəsənət xadimi Kazım Kazımzadə rəhbərlik edib. Hazırda isə muzeyin direktoru Azərbaycanın əməkdar incəsənət xadimi, professor  Çingiz Fərzəliyevdir.

Azərbaycan Milli İncəsənət Muzeyinin fondlarında qorunub saxlanan eksponatlar isə öz qədimliyinə görə e.ə. IV minilikdən başlayaraq günümüzədək davam edən sənət əsərləridir. Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi təqdimata muzeyin  Qərbi Avropa bölməsindən başlayırıq. Burada saxlanan Qərbi Avropa, yəni Fransa, Almaniya, Avstriya, İtaliya, Yunanıstan, İspaniya və bir sıra başqa ölkələrin incəsənətinə məxsus heykəltaraşlıq, rəngkarlıq, qrafik əsərlər, eləcə də dekorativ-tətbiqi sənət nümunələri müxtəlif xalqların sənət tarixini əks etdirir. 
 
 
Muzeydə İtaliyalı rəssam Bernardino Luininin 1465-1532-ci illərdə yaratdığı Müqəddəs Yekaterina əsərinin surəti var.  
 
Burada həmçinin imperatiriçə Aleksandra Fyodorovnanın  portreti var. Əsərin müəllifi  fransalı rəssam Benjamen Konstan Jan Jozefdir. O, bu portretin üzərində 1845-1902-ci illər ərzində işləyib. 
 
Amma vurğulamaq yerinə düşər ki, muzeydə imperatriçə Aleksandra Fyodorovanın bir neçə porterinə rast gəlmək olar. 
 
Avropa bölməsinin 2-ci zalı Flamand mədəniyyətinə həsr olunub. Burada əsasən Flamand rəssamlarının əsərləri nümayiş olunur.   
 
2-ci Ferdinant Mediçinin kətan üzərində yağlı boya ilə portreti isə Flamant rəssamı Sustermans Yustusa məxsusdur. Əsər 1597-1681-ci çəkilib. Sustermans barokko cərəyanının nümayəndəsi olub və muzeydə onun daha bir əl işi var. Bu rəsmdə indicə gördüyünüz qara geyimli  2-ci ferdinantın oğlu əks olunub.  
 
 
Naməlum Flamant rəssamı 17-ci əsrdə Salomeyanın rəsmini yaradıb. Muzeyin ekskursiyasında nümayiş olunan bu rəsm üzərində onun tarixinə dair məlumat verilir. Rəsmdə Yahudi Şahzadəsi Salomeyanın əlində kişi kəlləsi var. Bu kəllənin sahibi qadın xəbisliyinin qurbanıdır...  Belə ki, rəsmdə gördüyünüz Salomeyanın anası İrodiana böyük sərvətə malik olmaq üçün öz qaynı, kral İrod Antipa ilə nigah bağlamaq istəyir. Lakin Vəftizçi İohann bu nigaha mane olur. Buna görə də Salomeya ilə anası İohanndan qisas almaq istəyirlər. Şahzadə Salomeya gözəl rəqs etməyi bacarır. Bir gün kral İrod Salomeyanın rəqsinə necə valeh olursa, bütün krallıq qarşısında onun hər bir  istəyini yerinə yetirəcəyinə and içir. Salomeya ilə anası İrodiana kralın bu vədindən istifadə edib  Vəftizçi İohann kəlləsini istəyirlər. Yüzlərlə insanın qarşısında and içən kral İrod isə sözündən dönə bilmir və Vəftizçi İohannın boynunu vurdurur... 
 
Digər əsərlər arasında həmçinin Almaniyalı rəssam İohann Henri Rossun  taxta üzərində yağlı boya ilə çəkdiyi sürü rəsmini görmək olar. Əsər orijinaldır və 1631-1685-ci illərdə ərsəyə gəlib.
 
Muzeyin sərgisində məşhurHersoq Vallenşteynin portreti də var. Bu əsəri Hollandiyalı rəssam Mixil Yanson Van Mireveld 1567-1641-ci illərdə yaradıb. ƏsərKətan üzərində yağlı boya ilə çəkilib.
 
Keçək qrafika janrına...   Eksponatları təqdim etmədən öncə qeyd edək ki, qrafika fondunun formalaşması İncəsənət muzeyinin yaranma və inkişafı dövrü ilə bağlıdır. Burada Fransa, Almaniya, İngiltərə ,İtaliya, Holland məktəblərindən olan parlaq sənətkarların əsərlərı sərgilənir. Fondun ilkin kolleksiyası Qərbi Avropa incəsənətinə aid olan tiyə və nəqqaş qələm, eləcə də ofort ustadları -  Jak Kallo, Pyer Dreve, Jerar Edelink, Rafael Morqen, Georq Fridrix Şmidt, Françesko Bartolotsi, Karel Dyujarden kimi məşhur qravürçü rəssamların əsərlərindən ibarətdir. 
Burada əsəri ingiltərəli qravürçü rəssam Vullet Vilyam 1735-1785-ci illərdə yaradıb. “Apollonun məbədi” Klod Lorrenin əsərindəndir. Burada kağız və tiyə istifadə olunub. 
İtaliyalı qravürçü rəssam RafaelMorqen  isə 1758-1803-cü illərdə Rafael Santinın əsərinə istinad edərək “İlahiyyat” rəsmini yaradıb. 
 
“Kasıblığın hədiyyələri” adlı bu əsər isə fransalı qravürçü  Maryaj Lui Fransuaya məxsusdur. Rəssam bu portreti Şallionun əsərindən götürüb.  18-ci əsrdə yaranan əsərdə kağız, ofort, rəngli punktirdən istifadə olunub.
 
Bir az da heykəltəraşlıqdan danışaq. Muzeyin bu bölməsində naməlum heykəltəraşın 19-cu əsrdə ərsəyə gətirdiyi 1-ci Aleksandrın büstünü görmək olar. 
 
Burada İsa Peyğəmbərin büstü nümayiş olunur. Onu italiyalı heykəltəraş Pyetro Tenerani 1789-1869-ci illərdə yaradıb. Büst mərmərdəndir. 
 
Heykəltəraşlıq bölməsində bir çox qadın büstlərini də görmək olar. Məsələn, bu gənc qadının büstünü italiyalı heykəltəraş 16-cı əsrdə yaradıb. Burada həmçinin qədim qadın fiqurları da var... 
 
Bu bölmədə eramızdan əvvəl ərsəyə gətirilən antik heykəllərə də rast gəlmək mümkünüdür... 
 
Burada həmçinin çini bölməsi var. Qeyd edək ki, 1998-ci ildən Azərbaycan Milli İncəsənət muzeyi fondunun çini bölməsi fəaliyyətə başlayıb. Fondun bu bölməsində 3000- dək eksponat qorunub saxlanılır. Bunlar əsasən Rusiya, Qərbi Avropa, Şərq və Azərbaycanda istehsal olunan nümünələrdir. Şərtləşdiyimiz kimi hələlik bu bölmənin də Qərbi Avropaya məxsus olan nümunələrdən danışacağıq.  
:
 
Bu eksponatlardan çoxu incə dekorativ zövq və işləmə texnikası baxımından seçilirlər. Cəmiyyətin kübar və aşağı təbəgələrinin həyatından səhnəçiklər əks etdirən xırda plastikaya aid fiqurlar xüsusi maraq doğurur.
14-18-ci əsrlərdə Urbino, Monte Lupu, Kastel Durante və başqa emalatxanalarda yaranan kaşı, saxsı aptek şüşələri, vazlar və sinilər qiymətli eksponatlar sırasına aiddir. Onların bəzədilməsində istifadə olunan rəng çalarlarında italyan İntibahinin nikbin, həyatverici cizqiləri özünü təcəssüm etdirir.
 
Azərbaycan Dövlət Milli İncəsənət Muzeyi ilə tanışlıq hələlik bu qədər. “Muzeylər” verilişi növbəti buraxılşlarında öz tamaşaçılarına bu tarixi məkanın digər bölümlərindən də söz açaçq.  
 
Amma növbəti buraxılışımızı gözləməyə səbri çatmayanlar, lap elə haqqında danışdığımız və danışmadığımız eksponatları canlı seyr etmək istəyənlər özləri sərbəst şəkildə muzeyə baş çəkə bilərlər.    
 
Azərbaycan Dövlət Milli İncəsənət Muzeyi Bakının Niyazi küçəsi 11-də yerləşir. Giriş yalnız bazar ertəsi istisna olmaqla həftənin bütün günləri qonaqların üzünə açıqdır.  
X

XƏBƏRLƏR
BÖYÜT