Cahangir Novruzov: “Əgər lazım bilsələr məni də dəvət eləsinlər...”
15:17 – 22 Yanvar, 2016

“Yadda qalsa da, unudulsa da, buna özü səbəbkardır insan. Hesab edirsinizsə ki, mən yadda qalmışam, yəqin ki, yaddaqalan nə isə eləyə bilmişəm”.

 

APA TV-nin “Üç dama” verilişinin budəfəki qonağı Əməkdar incəsənət xadimi Cahangir Novruzovdur:

 

“Bakıda yaxşıyam. Ayağı vətən torpağına dəyəndə adam güc alır. Bu məndə də belədir. Mənəvi və psixoloji baxımdan xeyli dəyişiklik var. Bura mən qoyub gedən Azərbaycan deyil”.

 

“Mənim burada səhnəni anamla belə bölüşmək imkanım var idi.  Və bu  mənə görə çox böyük məsuliyyət idi. Amma Türkiyədən pedaqoji fəaliyyətlə bağlı təklif aldım. Vəziyyəti analiz elədim. Anladım ki, getmək ən yaxşı variantdır. Bugünkü Cahangiri qazanmaq üçün getmək lazım idi”.

 

Həmsöhbətimiz sənətdə mükəmməllik pilləsində olması haqda deyilənlərə də münasibət bildirib: “Mükəmməlliyin sərhədi yoxdur. Həmişə təkmilləşmək lazımdır. Baxın, ən gözəl heykəltəraşlıq nümunələrindən biri Davidin heykəlidir (David - 1501-1504-ci illərdə italyan rəssam, heykəltəraş və memarı Mikelancelo Buonarotti tərəfindən ağ mərmərdən yaradılmış İntibah dövrünün şah əsərlərindən biridir - red.). Amma Mikel Ancelo bu dəqiqə dirilib gəlsə əmin olun ki, ona yenə bir əlavə edəcək. Yəni sənət elə bir şeydir ki, onu inkişaf etdirmək üçün həmişə axtarışda olmalısan. Axtara-axtara həm özün püxtələşirsən, həm də əlində olan materialı, yəni obrazımı, tələbənimi, hər nədirsə onu yaxşı formalaşdıra, yeni şəkil verə bilirsən”.

 

Azərbaycanda teatr sənətinin səviyyəsinə gəlincə,  o hesab edir ki, teatrı sevən, uzaqda ya yaxında olmasına baxmayaraq, teatr həyatının bir parçası olan adamlar bu mədəniyyət məbədini qorumaq üçün mütləq birləşməlidir. “Əgər lazım bilsələr məni də dəvət eləsinlər ”.

 

“Özünü harasa, kiməsə tapşırtdırıb nəyəsə nail ola bilərsən. Amma  özünə verdiyin hesabatdan həmişə biləcəksən ki, sən olduğun yerin adam deyilsən. Bax, onu anlamağın verdiyi əzabı heç nə yüngülləşdirmir”.

 

O bildirir ki, anası çox ciddi adam idi. Üzü həmişə gülməzdi. Bir dəfə haradansa gələndə anasının ona baxıb gülümsədiyini görür:

 

“Soruşdum ki, nə olub? Dedi bu gün xoşbəxt günüdür. Yolda  mənə “Nəsibə Zeynalovadır” yox, “Cahangirin anasıdır” dedi iki nəfər. Bu sözü eşidəndən sonra...”

 

“Hər il anamın doğum günündə məhrum prezident Heydər Əliyev gündüz saat 10-11 arası ona zəng vururdu. Sonra qeyd elədiyi yaşı qədər qızılgül dəstəsi və çox böyük bir şokolad qutusu gətirirdilər bizə. Mən o boyda şokolad qutusunu hələ indiyə qədər heç yerdə görməmişəm...” 

 

Həmsöhbətimiz ən çox nəyin xiffətini etdiyini də söyləyib:

 

“Ən çox anamın qoxusu üçün darıxıram. Qəribə qoxusu, ətri vardı. Qızımın evində bəzi geyimləri qalıb. Hərdən açıram  şifoneri. Gözümü qapayıb dərindən nəfəs alıram, o ətir gəlir otaqdan”.

 

Azərbaycan aktyorlarının profesionallıq səviyyəsi isə müsahibimizi həm qane eləyir, həm də eləmir. Deyir...

 

Tam olaraq "Üç dama" da izləyin.

X

XƏBƏRLƏR
BÖYÜT