Böyük, yoxsa kiçik ailə? Ailənin böhran illəri, evliliyi necə xilas etməli?
16:50 – 27 Yanvar, 2016

"Gənclərin ailə qurandan sonra ata-ana ilə yaşamasının tərəfdarıyam. Ən azı ona görə ki, yeni evlənən cavanların valideynin həyat təcrübəsinə ehtiyacı var. Ailə qurulduqdan sonra ər-arvadın qarşısına bir sıra problemlər çıxır. Həmin çətinlikləri həll etmək üçün onlara doğru yol göstərən təcrübəli insanlar lazımdır ".

 

Bu fikirləri  tarix elmləri doktoru, professor Təvəkkül Səlimov APA TV-nin “Ailə məsələsi”  verilişində səsləndirib. Böyük və kiçik ailənin müzakirə olunduğu verilişdə pedaqoq Ramil Rüstəmov və psixoloq Könül Cəfərova da iştirak edib. Qonaqlar  mövzu ilə bağlı əks mövqedə olsalar da, hər tərəf öz fikrini əsaslandırmağa çalışıb. Böyük ailəyə üstünlük verən T. Səlimovun fikrincə, gənc ailənin ata-ana ilə yaşamasının əsas şərti var: " Böyük ailə o zaman məqbul sayılar ki, gənclərlə valideynlər bir-biri ilə yola getsinlər. Məsələn, əgər gəlin qaynana ilə yola getmirsə, ailə münaqişələri yaranırsa, elə ayrı yaşasalar yaxşıdır. Amma mən arzu edərdim ki, qarşılıqlı hörmət və anlayış şəraitində gənclər valideyn ilə birgə yaşasınlar. Bu elə yeni evlənən cavanların özləri üçün faydalıdır. Onlar qarşıya  çıxan çətinlikləri ağsaqqalların təcrübəsi ilə daha asan həll edə bilərlər".

 

Kiçik ailənin tərəfdarı olan psixoloq K.Cəfərova isə mövqeyini belə izah etdi: " Yeni ailə quran gənclərin müstəqil yaşamaları məsləhətdir. Psixoloqlar tövsiyə edir ki, gənc ailəni sərbəst buraxın, müdaxilə etməyin. Çünki evliliyin ilk illəri tərəflərin bir-birinə adaptasiya dövrü hesab olunur. Bu dönəmdə cavan ər-arvad həm xasiyyət, hər davranış, həm də intim münasibətlər baxımından bir-birinə uyğunlaşma dövrünü yaşayırlar. Belə bir prosesdə kənardan hər hansı bir müdaxilə onların ailə həyatına mənfi təsir edəcək. Odur ki, evliliyin ən azı ilk 3 ilində cavanların ata-ana ilə böyük ailədə deyil, kiçik ailədə yaşamaları faydalıdır".

 

Pedaqoq R. Rüstəmov isə bildirdi ki, gənclərin böyük, yaxud kiçik ailədə yaşamasına tərəflərin özü qərar verməlidir: "Ailə eyni mədəni və mənəvi  dəyərləri paylaşan, qarşılıqlı hörmət və sevgi əsasında qurulan müştərək yaşam formasıdır. Ailə qurmazdan əvvəl qadın yaşayacağı ailənin böyüklüyünə və kiçikliyinə nəzərə salmalıdır. Bu məsələ evlilikdən əvvəl kişi və qadın arasında müzakirə olunmalıdır və qərarı gənclər verməlidir. Bəzən düşünülmədən atılan addımlar sonradan peşmançılıqla nəticələnir. Məsələn, qadın böyük ailədə yaşamağa hazır olmadığı halda kişinin valideyni ilə birgə yaşamağa razılaşır. Amma böyük ailədə yaşamağa hazır olmadığı üçün bu qərarı gələcəkdə ciddi problemlər yaradır. Odur ki, gənclər ailə ilə bağlı məsələləri, o cümlədən də harada və necə yaşayacaqlarını da əvvəlcədən müzakirə edib, qarşılıqlı razılıq əsasında qərar verməlidirlər".

 

X

XƏBƏRLƏR
BÖYÜT