Onun mənə “xanım” deməsi üçün darıxıram...
13:22 – 28 Yanvar, 2016

APA TV-də efirə gedən “Ötən əsrin adamları” verilişinin budəfəki qonağı Sənubər Həkimovadır.

 

1942-ci ildə Ağstafanın Saloğlu kəndində doğulub. Atası rayonun dəmir yol stansiyasının rəisi olub. Söylədiyinə görə Böyük Vətən Müharibəsi zamanı atası sovet ordusuna neft və benzin daşıyan qatarlara da nəzarət edirmiş. Sonralar bu işinə görə SSRİ-nin bir çox orden və medalları ilə təltif edilib.

 

Ancaq atasını erkən itirib Sənubər xanım. Ailənin ən kiçik övladı hələ anasının bətnində olub atası vəfat edəndə. Anaları təhsilsiz, evdar xanım imiş. Onların böyüməsində analarına ata nənələri dəstək olub. Sənubər xanım deyir ki, anasının onlara ən vacib tövsiyəsi yaxşı təhsil almaqla bağlı imiş. “Biz də bunu etməyə çalışmışıq” söyləyir müsahibim.

 

Sənubər Həkimova  tanınmış folklorşünas alim Mürsəl Həkimovun xanımıdır. Aralarında xeyli yaş fərqi olmasına baxmayaraq gözəl ailə  münasibətləri və böyük sevgiləri olub. Mürsəl Həkimov Sənubər xanımın müəllimi olub.

 

Sənubər xanım deyir ki, Mürsəl müəllim onunla evlənmək təklifi edəndə qapını çırpıb otaqdan çıxıb. "Mənim bu hərəkətimi Mürsəl müəllim razılıq əlaməti kimi qəbul etmişdi o vaxt..."

 

Sənubər xanımın fikrincə, Mürsəl Həkimov insani keyfiyyətlərinə görə, vaz keçilməyəcək biri olub.  

 

Maraqlıdır bu qədər sevilən insanın xanımı necə gəlin olub. Ondan razı qalıblar, ya narazı?

 

Müsahib deyir ki, onun bacı-qardaşına, anasına böyük sayğısı olan, hər işdə ailəsinə sahib çıxan Mürsəl Həkimov kimi birini böyüdən valideynlərə sayğısızlıq günah olardı.  O, bu günahı qazanmamaq üçün bacardığı hər şeyi edib. Və deyəsən elə bu səylərə görə, ona gəlin olduğu evdə münasibət son dərəcə xoş olub.

 

Həyat yoldaşını özünün "həyat universiteti"  adlandırır Sənubər xanım. Və bütün xamınlara Mürsəl Həkimov kimi həyat yoldaşı arzulayır.

 

“Qazandığım yaxşı nə varsa, hamısında Mürsəl müəllimin imzası olub. Xeyli vaxtdır dünyasını dəyişib. Amma mən indi də onun məsləhət verdiyi qaydalarla yaşayıram. Hələ uduzmamışam. O üzdən hər kəsə bir Mürsəl Həkimov arzulayıram. Yaxşı qadın olmaq da böyük işdir. Bu o zaman mümkün olur ki,  həmin qadının yanında, arxasında yaxşı bir kişi var. Təkbaşına yaxşılıq eləmək olar, amma yaxşı nələrsə qazanman üçün arxanda sözün həqiqi mənasında böyük, şəxsiyyətli sima olmalıdır. Mən illərimi belə bir kişi ilə yaşadım. İndi də onun mənə xanım müraciəti üçün darıxıram. Çoxu bu cür müraciət eləyir mənə. Amma heç kimdə Mürsəl müəllimin dediyi tərzdə alınmır o ifadə”.

 

Sənubər xanım Mürsəl Həkimovun ona ali məktəbdə dərs deməsi barədə danışmırdı. Daha doğrusu elə bil utanırdı bu mövzuda nəsə deməyə. Amma yenə də soruşdum.

 

Dedi ki, Mürsəl müəllim ona ikinci dəfə ali təhsil alarkən dərs deyib. Hərdən auditoriyada hamının gülüşünə səbəb olan müəllim tələbə mübahisələri də olurmuş...

 

“Ötən əsrin adamları”nda tam izləyin.

X

XƏBƏRLƏR
BÖYÜT