Əvvəlki görünüşündən əsər-əlamət qalmayan Nardaran kəndindən REPORTAJ
10:51 – 17 Fevral, 2016

"Nardarandayıq. Bu, bizim 2016-cı ildə Nardarana ilk gəlişimizdir. Kadrlardan da gördüyünüz kimi qəsəbədə abadlıq, quruculuq işləri davam edir. Bir neçə gün əvvəl isə Nardaranda Sabunçu rayon 42 polis bölməsinin yeni binası istifadəyə verilib".

 

Yeni polis bölməsinin yaradılmasında məqsəd ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaqdır. Polis Bölməsi 2016-cı ildən tam gücü ilə fəaliyyət başlayıb.

 

Prezident İlham Əliyevin sərəncamına əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılıb.

 

Hazırda qəsəbənin abadlaşdırılması ilə bağlı işlər sürətləndirilib. Qəsəbənin rabitə xətləri yenilənir. İş icraçıları tezliklə Nardaranda telekommunikasiya sahəsində heç bir problemin olmayacağını deyirlər:

 

"Rabitə xətlərinin çəkilişinə dekabrın 16-dan başlamışıq. Qəsəbə üzrə bütün xətlər yenilənir. Prezident İlham Əliyevin tapşırığına əsasən qəsəbə yenilənir və biz də tezliklə gördüyümüz işi tam başa çatdıracağıq".

 

İş icraçıları qəsəbədə yeni yolların çəkilişi ilə əlaqədar köhnə kommunikasiyaların  ləğv edildiyini  və yeni içməli su şəbəkəsi yaradıldığını deyirlər. Köhnə xətlər tamamilə ləğv edilir. Bu işlər çərçivəsində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq "Azərsu" ASC tərəfindən 1 kilometrə yaxın içməli su xətti çəkilib və 1200-dən artıq “Smart” tipli sayğac quraşdırılıb. Köhnə xətlərin ləğvi ilə əlaqədar hazırda qəsəbə sakinlərinin içməli suya olan tələbatı su maşınları vasitəsilə təmin olunur.

 

Hazırda Nardaran qəsəbəsində 1900-dən artıq abonent var. Evlərin əksəriyyəti təbii qazla təmin edilib. Kənd sakinləri deyir ki, artıq qazın verilişində heç bir problem yoxdur. Abonentlərin böyük əksəriyyəti evlərdə təbii qazdan istifadə edir. Amma istisnalar da var. "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbəliyev APA TV-yə bildirib ki, bəzi sakinlərin təbii qazdan istifadə edə bilməməsi abadlıq işlərinin başa çatmaması ilə əlaqədardır.

 

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti qəsəbənin küçə və yollarında təmir işləri aparır, yolların genişləndirilməsini, abadlaşdırılmasını həyata keçirir. Təmir işləri ilə əlaqədar genişləndirilən yolun ərazisinə düşən qaz xətlərinin dəyişdirilməsi, başqa istiqamətə keçirilməsi zərurəti yaranıb. Buna görə də həmin xətlər sökülür, başqa ərazilərə köçürülür və yeni xətlər çəkilir. Aparılan abadlıq işlərinə görə də abonentlərin bir qismi müvəqqəti olaraq qazdan istifadə edə bilmir. Abadlıq işləri və yeni qaz xətlərinin çəkilişi başa çatdıqdan sonra həmin abonentlər də mənzillərində təbii qazdan problemsiz istifadə edə biləcəklər.

 

Yenidən qurulan küçənin uzunluğu 2220 metr, ortalama eni isə 8 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə söküntü işlər aparılır. Söküntü aparılan hissələrdə yeni hasar tikilir, yol yatağı bərkidilir, kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılır.

 

Abadlıq quruculuq işləri çərçivəsində qəsəbənin Bakı küçəsindəki evlərin mərkəzi küçələrə baxan hasarları sökülür və yeniləri ilə əvəzlənir. Sakinlər də görülən işlərdən razılıqlarını ifadə edirlər:

 

"Yolun yenilənməsi ilə bəzi köhnə evlər və hasarlar sökülür. Biz özümüz də kömək edirik. Həyətyanı sahəmizdə yeni evin tikilməsi üçün də hər cür şərait yaradılıb. Görülən işlərdən narazı deyilik".

 

Layihəyə uyğun olaraq nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla 4 hərəkət zolağına bölünüb. Piyadaların da rahatlığı nəzərə alınaraq hər iki istiqamət üzrə yolun kənarlarında 1,25 metr enində səkilər tikiləcək, 4500 paqonometr səki daşı düzüləcək.

 

40 min kvadrat metr sahəyə isə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulur.

 

Qeyd edək ki, Nardaran qəsəbəsində asayiş bərpa olunub, qəsəbənin giriş-çıxış yollarına polis qüvvələri və Daxili Qoşunların əsgərləri tam nəzarət edir.

 

X

XƏBƏRLƏR
BÖYÜT