Aktyor Azad Şükürov: “Kaş xarici kanallar Azərbaycan seriallarını almaq istəsinlər”
18:51 – 29 Fevral, 2016

“Həyatda kifayət qədər barışdırıcı mövqe tutan, hər kəsin mehriban olmasını istəyən adamam. Amma obrazım tamam fərqlidir. Elə məni cəlb edən də bu məqam oldu. Obrazımın barışmaz, ifrat dərəcə kəskin olması tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Bununla bağlı çoxlu tənqidlər olur. Amma obraz daha da kəskin olacaq”.  Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, əməkdar artist Azad Şükürov deyib.

 

“Vicdan haqqı” adlanan yeni serialdakı rolu barədə ətraflı məlumat verən qonaq bildirib ki, tamaşaçılar tərəfindən kifayət qədər diqqət qazanıblar: “Heyət keçən ilin may ayından etibarən yığılmağa başlayıb. Çox böyük sınaq mərhələsindən keçmişik. Öncə, foto sınaqlar keçirilib. Daha sonra isə çəkilişlər oldu. Əsas istədiyimiz tamaşaçı etimadını doğrultmaqdır. Çox sevindim ki, Rövşən İsax məni yada saldı və filmə çəkmək istədi”.

 

Əməkdar artist qonorar məsələsinə də münasibət bildirib: “Çox istərdim ki, aldığım qonorar heç olmasa müqayisə olunduğumuz ölkələrdə çalışan aktyorların qonorarının yarısı qədər olsun. Onda mən papağımı göyə atardım. Bütün aktyorlar bunu arzulayır. Təbii ki, rejissoru günahlandırmaq olmaz. Mühit belədir, inkişaf olduqca biz də istəyimizə nail olacağıq. Digər böyük bir istəyim budur ki, xarici kanallar Azərbaycan seriallarını almaq istəsinlər. İnanıram ki, o gün uzaqda deyil. Yaxşı seriallar çəkilsə, alan da olacaq”.

 

Aktrisa Ceyran Qasımova da sözügedən serialda öz rolu barəsində danışıb: “Mən azərbaycanlı qadın obrazını canlandırıram. Əksər qadınlar özlərini bu obrazda görə bilərlər. Kişidən qorxsa da, oğlunu çox sevir, ona görə özünü ölümə də atar. Şəfiqə oğlunun sevgisini dəyərləndirməyi bacardığı üçün onu çox sevirəm. Sussam da, içimdə Telman müəllimə qarşı daim mübarizə aparıram ki, kaş oğlum sevdiyi qızla qovuşa biləydi. Şəfiqənin rolu sülh yaratmaqdan ibarətdir”.

 

Aktyor Elşad Süleyman isə qeyd edib ki, serialın uğur qazanacağına inanır, çünki mövzusu aktualdır: “Bu gün boşananların sayı həddən artıq çoxdur. Əksər hallarda səslənən fikirlər belə olur- “oğlan yaxşıdı, anası yaşamağa qoymadı”, “xanımım yaxşıdı, anası və atası yaşamağa qoymadı”. Bu mövzu heç zaman aktuallığını itirmir. Camaata maraqlı olduğu üçün bu mövzuya müraciət edilib. Düzdü, indi valideynlərin işimizə qarışmasına etiraz edirik, amma biz də belə olacağıq. Rəylər çoxdur. Səhvləri çox dəqiqliklə qeyd edirlər. Bu bizi sevindirir. Obrazıma gəlincə isə, Fuad çox mədəni oğlandır. Sevib-seçdiyi qızla nişanlanıb. Amma bir gün evə gələndə nişanın qaytarıldığını öyrənir. Tamaşaçıları çox həyəcanlı bölümlər gözləyir”.

 

X

XƏBƏRLƏR
BÖYÜT