Humay Qədimova: “Mənim heç alətim olmayıb”
17:49 – 01 Mart, 2016

“Mənim bu sənətə gəlməyim, bu sənəti seçməyim riskdir. Təsəvvür edin, siz bünövrəsi olmayan bir işə əl atmısınız. Mənim alətim belə olmayıb. Heç tarı alan da yox idi. Məni fikrimdən daşındırmaq istəyirdilər. Buna görə də bu sənətə gəlməyim riskli idi. İlk alətimi mənə müəllimim almışdı. Tar musiqisinə marağım qardaşımdan keçib. Bu gün də riskləri sevirəm”. Bu fikirləri APA.TV–nin “Səhər zəngi” verilişinin qonağı, müğənni və ifaçı Humay Qədimova deyib.

 

Tarzən xanım musiqi seçimində hər şeyin zövqə bağlı olduğunu deyib: “Özümə güvənirəm və öncədən işlərimin uğurlu alınacağına inanıram. Amma tamaşaçıların yeni işi necə qəbul etməsindən də çox şey asılıdır. Digər tərəfdən, hər dəfə kütləni düşünmək olmur. Uğura görə narahat deyiləm. Bilirəm ki, ifa etdiklərim yalnız sənət adamlarına təqdim olunsa, birmənalı şəkildə hamı tərəfindən qəbul olunacaq”.

 

O qeyd edib ki, tar alətinin imkanları çoxdur və bu imkanları üzə çıxarmaq üçün ifaçıdan yüksək bacarıq tələb olunur: “Tar aləti yalnız muğam triosunun tərkibində qəbul olunurdu. Tarın müstəqil alət kimi üzə çıxmasına sevinmək lazımdır. Bu alətin potensialı çoxdur.  Əgər ifaçı bacararsa, bunu üzə çıxarmaq olar. Sərdar Ortaç, Tarkan Bakıya gələndə biz milli alətlərdə onları müşayiət etmişdik. Bu, böyük risk idi. Konsertə hazırlıq mərhələsində ətrafımdakı insanlar buna çox şübhə ilə yanaşdılar. Amma nəticə uğurlu oldu. Deyərdim, sənətdə ilk uğuru məhz bu tramplini aşmaqla əldə etdim”.

 

Humay Qədimova əlavə edib ki, gənclərin borcu alətlərimizi nümunəvi şəkildə yaşatmaqdır: “Qızlardan ibarət muğam üçlüyündə çıxış etmişəm. Mən hər şeyin ən yüksək səviyyədə olmasını istəyirəm. Kollektivdə bu bir az çətindir. Musiqidə çərçivələri qəbul etmirəm. Bəzən səhərə qədər çalışıram. Elə kollektivdən də buna görə ayrıldım ki, öz əlim, öz başım olsun”.

 

 

 

    

X

XƏBƏRLƏR
BÖYÜT