Azərbaycanda ilk dəfə Uşaqlar üçün Kino Məktəbi yaradılıb - SENSASİYA
14:43 – 10 Mart, 2016

“2001-2005-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin məzunu oldum, Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsinə daxil oldum. Kino sahəsində 2007-ci ildən çalışıram. Hər zaman eşitdiyim iradlardan biri bu idi ki, “nəyə görə bizdə xaricdəki kimi filmlər çəkilmir?” Halbuki, daim dayanmadan işləyirik. Nəticənin olmaması bizi də təəccübləndirirdi”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, “QN” Uşaq Kino Məktəbinin rəhbəri Qalib Mirzəliyev deyib.

 

Yeni yaranan məktəb barədə məlumat verən Q.Mirzəliyev son zamanlar keyfiyyətli filmlərin çəkildiyini bildirib: “Bu iradlar məni düşünməyə vadar etdi. Ətrafımda sənət adamları çox olduğundan düşündüm ki, onlarla birləşib iş görmək olar. Özüm rəssamlıq üzrə dərs deyirdim. Üstəlik, rejissorluq üzrə təhsil almışdım deyə, bu sahə üzrə də dərs deyə bilərəm. İnstitut var, yəni böyüklər üçün kino məktəbi var. Amma orada təhsil almaq üçün öncədən hazırlıqlı olmaq da yaxşı olardı. Elə bu məqamı nəzərə aldım və beləcə uşaqlar üçün kino məktəbi açmaq ideyası yarandı. Araşdırma apardım və məlum oldu ki, xarici ölkələrdə düşərgələr var. Daha sona bizim ustadlarla məsləhətləşdim ki, bizdə belə bir məktəb olubmu? Məlum oldu ki, olmayıb. Bundan cəsarətləndim və qərara gəldim ki, bu məktəbi Azərbaycanda ilk Uşaq Kino Məktəbi kimi təqdim etmək olar. Kino sahəsində çalışanlar çox kömək oldular və dərs deməyə razılaşdılar – operator Nadir Mehdiyev, rejissor Samir Kərimoğlu,  əməkdar artist Pərviz Məmmədrzayev, jurnalist Feliks Vişnevetskiy çox dəstək oldular”.

 

Qonaq bildirib ki, Uşaq Kino Məktəbinə başqa sənətdə çalışan qonaqlar da gəlir: “Ola bilər, onların da təsiri var. Onlar uşaqları motivə edirlər. Proqramlar uşaqların istəyinə uyğun qurulur. Onların maraqları nəzərə alınır. Proqram hər həftə dəyişir. Yaş həddinə gəldikdə isə, məktəbə 7-17 yaş arası uşaqlar qəbul olunur”.  

 

Verilişin digər qonaqları olan “QN” Uşaq Kino Məktəbinin şagirdləri məktəb barədə təəssüratlarını bölüşüblər. Nuran Əkbərova bildirib ki, kinoya uşaqlıqdan maraq göstərib: “Öncə aktrisa olmaq istədim, sonra rejissorluğa marağım yarandı. Və eşidəndə ki, belə layihə var, çox sevindim. Sosial şəbəkə vasitəsilə xəbərdar oldum və yazıldım. Bu dərəcədə təəssürat alacağımı gözləmirdim. Müəllimlər peşəkardırlar. Şərait yüksək səviyyədədir, dərslər çox maraqlı keçir. Kastinqlərdə iştirak edirik. Çox şadam ki, bu məktəbi tapmışam”.  

 

Ruhiyyə Qurbanlı da dərslərdən zövq aldığını dilə gətirib: “Azərbaycanda belə bir məktəbin olduğundan xəbərim yox idi. Maraqlandım və getdim. Çox xoşuma gəldi. Dərslərdən zövq alıram. Rejissorluq, aktyorluq, operatorluq, hətta işığın qurulmasını öyrənirik. Tanınmış insanlar gəlirlər, onlarla sual-cavab edirik”.

 

Ruhiyyə Qurbanlının valideyni Lalə İsmayılzadə qeyd edib ki, məktəb barədə məlumata sosial şəbəkədə rast gəlib və qızına bu məktəbə yazılmağı məsləhət görüb: “Ruhiyyə mütaliəyə meylli qızdır. Hətta qızıma kitab yazmağı təklif etmişəm. Bundan əlavə, xarici ölkələrdəki təhsil proqramları ilə çox maraqlanıram. Rusiyada olan məktəbləri, dərnəkləri görürdüm və istəyirdim ki, bizdə də belə məktəblər olsun. Bir gün sosial şəbəkədə qarşıma bu səhifə çıxdı. Qızımla birgə bu məktəbə yollandım və çox təəccübləndim. Dərslər qeyri-adi tərzdə keçir. Bir dəfə mənə də iştirak etməyə icazə verdilər və çox böyük zövq aldım”.  

11 yaşlı Ləman Orucova isə bildirib ki, yuxarı yaşlarda olan uşaqlarla bir yerdə çalışmaq ona çətinlik yaratmır, əksinə, bu ona müsbət təsir edir: “Onlarla bir sinifdə oxumaq, ünsiyyətdə olmaq çox xoşuma gəlir. İlk dəfə animasiya dərsində iştirak etdim. Məni heç kim məcbur etməyib. Tədricən, alışdıqca, məktəb xoşuma gəlməyə başladı”. 

X

XƏBƏRLƏR
BÖYÜT