Gitara ifaçısı Rəhman Məmmədli: “Tar, kamança olan yerdə gitaranı ecazkar alət adlandıra bilmərəm”
18:17 – 17 Mart, 2016

“Tar, kamança olan yerdə gitaranı ecazkar alət adlandıra bilmərəm. Bütün həyatım boyu təəssüf etmişəm ki, xalq musiqisinə, muğamlara məhəbbətim ola-ola niyə tar çalmamışam? Alətin pisi olmaz, sənətkarın pisi olar”. Bu fikirləri APA.TV–nin “Səhər zəngi” verilişinin qonağı, gitara ifaçısı Rəhman Məmmədli deyib.

 

İfaçı bu sənəti Azərbaycana ilk dəfə Rəmişin gətirdiyini qeyd edib: “Bunu danmaq olmaz. Bu, Rəmişin zəhməti idi. Amma bu o demək deyil ki, sənət Rəmiş ilə bitməli idi. İnkişaf olmalıdır. Rəmişdən sonra gitara çalanlar çoxaldı. İslam Rzayevin ansamblında Vilayət var idi, gitara ifaçısı, çox böyük ifaçı idi. Məndə xainlik yoxdur. Mən həmkarlarımda, yeri gələndə böyüyümüzdə də o qısqanclığı görürəm. Amma mən gözəl ifaçı görəndə elə bilirəm öz övladımdır. Bu gün çox gözəl ifaçılar var. Bu isə sənətin yaşaması üçün stimuldur”.

 

İfaçı bildirib ki, hazırkı dövrlə əvvəlki dövrü müqayisə edəndə fərqlər çoxdur: “Ədəb-ərkan, etik normalar var. Bu mənada bir qədər axsama var. Mən özümü orta nəslə aid edirəm. Habil Əliyevlə çox böyük dostluğumuz olub. Yeri gələndə, ayaqqabısının tozunu silmişəm. Bu gün belə normalar azdır. Hər hansı məclisə dəvət alanda məni solist kimi təqdim edirlər, amma musiqiçilər yerindən tərpənmirlər. Belə hallarla rastlaşıram. Mən tək-tük ifaçılardanam ki, ibtidai təhsilim, müəllimim olmayıb. Mən bu sənəti evimizdə öyrənmişəm. Amma bu sənət bizi aldatdı. O zaman qazanc problemi yox idi. O vaxtlar istirahət üçün gün axtarırdıq. 30 gün ard-arda pul qazana bilirdik. Zaman, cəmiyyət, tələbat dəyişir. Zövqlər aşağı düşüb”.  

X

XƏBƏRLƏR
BÖYÜT