Məryəm Əlibəyli: “Kanallarımızda uşaq verilişləri yox dərəcəsindədir”
19:03 – 28 Mart, 2016

“Müxtəlif situasiyalarla rastlaşırıq. Düzdür, hər uşaq bir ailədən gəlir və hər birinin özünə xas xüsusiyyətləri var. Amma sonda mən istədiyim vəhdəti qazana bilirəm. Bir məsələ də var ki, əgər uşağı sevməsəm, onunla işləmək çətin olacaq. Ən çətin uşaqda belə bir xüsusiyyət tapıb, ona görə uşağı sevməyə başlayıram”. Bu fikirləri APA.TV –nin “Səhər zəngi” verilişinin qonağı, musiqişünas, bəstəkar Məryəm Əlibəyli deyib.

 

M.Əlibəyli bildirib ki, “Can bala” qrupu artıq yeni tərkibdə fəaliyyət göstərir və 2-3 aylıq təcrübələri var: “Məni sevindirir ki, heç kim “Can bala”nı unutmayıb. Hər dəfə yeni heyəti bir başqa maraqla qarşılayırlar. Digər qrupun üzvlərindən fərqli olaraq, bu qrupun üzvləri tam fərqlidirlər. Şıltaq, ərköyün, öz sözünü deyən, lider. İlk baxışda tərəddüd elədim. Bu uşaqları əlimə ala biləcəyəmmi? Amma sonra özümə dedim ki, kifayət qədər təcrübəm var və bunu bacararam. Çox az zamanda bir-birimizi başa düşdük”.

 

Gününün əsas hissəsini uşaqlarla keçirən M.Əlibəyli deyib ki, əgər bizdə uşaq kanalı olsaydı, uşaqlar öz kanallarımıza baxardılar: “Hazırda acınacaqlı vəziyyət var. Kanallarımızda uşaq verilişləri yox dərəcəsindədir. Olanları da bağlayırlar. Uşaqların da özlərini göstərə biləcəkləri bir yer yoxdur. Hazır oluruq, amma çıxış etməyə yer tapmırıq. “Can bala” qrupunun “Youtube” kanalında olan klipinin 1 milyon baxışı var. Hər reklamlı müğənni belə bu baxışı əldə edə bilmir. Eləcə də, “Cücələrim” klipinin. Təbii ki, istərdim daha yaxşı şərait yaradılsın. Daha çox və daha maraqlı işlər görmək olar”.   

X

XƏBƏRLƏR
BÖYÜT