“The Voice France” yarışmasının iştirakçısı: “Hamı şokda idi...”
18:56 – 31 Mart, 2016

“Bakıda doğulmuşam. Burada daim musiqi ilə məşğul olurdum. Sonda elə Bakıda bir fransız xanımla tanış oldum, biz evləndik və Fransaya köçdük”. Bu fikirləri APA.TV –nin “Səhər zəngi” verilişinin qonağı, musiqiçi “The voice France” musiqi yarışmasının iştirakçısı Araz Hümbətli deyib.

 

A.Hümbətli eksperimentlər etməyi sevdiyini deyib: “Həyat yoldaşımın vizası bitmək üzrə idi və o mənə Fransaya getməyi təklif etdi. Sözün düzü, getmək istəmirdim. Çünki fransız dilini bilmirdim. Oraya getməyi heç zaman düşünməmişəm. Fransa mənim üçün çaxır və pendir ölkəsi idi. Amma düşündüm ki, niyə də yox? Özümü sınamalıyam. Fikrim Azərbaycanı təmsil etmək idi. Mən özümü səslə ifadə edirəm. Yaşadığım hissləri səs vasitəsilə ötürürəm. İndi ifa etdiyim mahnını bir neçə saat sonra tamamilə fərqli tərzdə ifa edə bilərəm”.

 

Müğənni bildirib ki, musiqi ilə uşaqlıqdan məşğuldur: “11 yaşımda saksafon ifa etməyə başlamışam. Daha sonra gitara, fortepiano, zərb alətlərində, tarda ifa etməyi öyrənmişəm. Deyə bilmərəm ki, tarda peşəkar ifa edirəm. Əlbəttə ki, məndən “Bayatı- Şiraz” ifa etməyi istəsələr, bir az çalışıb, peşəkar olmasa da, onu öz üslubumda təqdim edərəm”.

 

Musiqiçi "The Voice France" yarışmasındakı çıxışı barədə ətraflı məlumat verib: “Tuluza şəhərində yarışma keçirilməsi barədə elana rast gəldim və iştirak etməyə qərar verdim. Elə Tuluza şəhərində 2, Parisdə 3 mərhələdən keçəndən sonra gözübağlı dinləmələr mərhələsinə dəvət aldım. Yarışmada çox düşünmək lazım deyil, sadəcə, ifa etmək lazımdır. Kris İsaakın “Wicked Game” mahnısını ifa etdim. Çox sadə mahnıdır, amma nədənsə çox sevilir. Hamı bu mahnını eyni tərzdə oxuyur. Buna görə düşündüm ki, nəsə yenilik etmək lazımdı. Studiyada bu mahnını özümə uyğun tərzdə işlədim. Daha sonra isə özüm ifamı video şəklində qeydə aldım. Və həmin yazını yarışmaya göndərdim. Çox istəyirdim ki, orada Azərbaycanı təmsil edim. Fransızlar yeniliklərə maraq göstərirlər. Mən öz mədəniyyətimizi göstərmək istəyirdim. Amma bunu elə etmək lazımdır ki, onlar bunu qəbul etsinlər. Fransada saksafonu, gitaranı hamı ifa edir, amma tar ifa edən yoxdur. Ona görə tarı seçdim ki, obraz yarada bilim. Musiqini məhz mənə lazım olan tərzdə ifa etmək üçünsə, yarışmada məni müşayiət edəcək musiqiçilərin də hazırlıqlı olması lazım idi”.

 

Musiqiçi yarışmada onu müşayiət edən ifaçılara təklif verdiyini və onların etiraz etmədiklərini bildiriblər: “Deməzdim ki, bu mahnı sırf Azərbaycan musiqisi üslubundadır. Sadəcə, burada Azərbaycan musiqisinin elementləri var. Müşayiətçilərə notları vermişdim, buna baxmayaraq, onların ifası məni qane etmədi. Bundan əlavə, mən milli geyimdə çıxış etmək istəyirdim, amma icazə vermədilər. Ən həyəcanlı anlar pərdənin qalxdığı və səhnəyə çıxdığım  anlar idi. Amma mənim tək fikrim musiqimi ifa etmək və Azərbaycanı təmsil etmək idi. İfamdan razı qaldım. Hamı şokda idi. Heç kim mənim zil notlara qalxacağımı gözləmirdi. “Wicked Game” sadə mahnıdı. Bütün musiqi yarışmalarında ifa olunan mahnılardandır və hər ifaçı da eyni tərzdə təqdim edir. Digər məsələ dil ilə bağlıdır. Əgər fransız dilini bilməsəydim, məni ora buraxmazdılar. Buna görə də fransız dilini öyrəndim”.

 

X

XƏBƏRLƏR
BÖYÜT