Tarixçi Vaqif Abışov: “Mücadilə olmasaydı, daha böyük itkilər ola bilərdi”
18:23 – 30 Mart, 2016

“Təkcə, anım günlərində, ildönümlərində deyil, faciə günlərini yad etmək, geniş ictimaiyyətə çatdırmaq hər zaman borcumuzdur. 1918-ci ildə nəinki Azərbaycanda, Cənubi Qafqazda, bütün dünyada böyük hadisələr baş verməkdə idi”. Bu fikirləri APA.TV –nin “Səhər zəngi” verilişinin qonağı, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov deyib.

 

Qonaq, ilk növbədə, I Dünya Müharibəsini qeyd etmək lazım olduğunu bildirib: “2 imperialist qüvvə arasında gedən mübarizə dünyanı lərzəyə salmışdı. İkinci böyük hadisə 300 ildən çox hakimiyyətdə olan, Rusiya İmperiyasını idarə edən Romanovlar sülaləsinin (1613-1917) iri burjuaziya və mülkədarlar tərəfindən 1917-ci ilin fevralın 27-də hakimiyyətdən salınması idi. Bu hadisəyə bəzən Fevral Burjua İnqilabı da deyirlər. Üçüncüsü isə, Cənubi Qafqazda, xüsusilə, Azərbaycanda baş vermiş hadisələr idi. Qeyd etmək istəyirəm ki, həmin günlərdə Azərbaycanın qabaqcıl ziyalıları Azərbaycan xalqını tək qoymadılar. Əks halda, Azərbaycan xalqı daha böyük faciələr yaşaya bilərdi. Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov və s. Onlar Moskva, Sankt-Peterburqda, Berlində, Parisdə, dünyanın müxtəlif ölkələrində oxumuş, hüquqi və iqtisadi biliklərə malik şəxslər idi”.

 

V.Abışov deyib ki, onlar həm də maddi baxımdan güclü insanlar idi. Yəni, həm elmli və maddi vəziyyəti güclü idi: “Və onlar “bu xalq geridə qalıb, təhsili yoxdur” deyərək, həm biliklərini, həm də maddi imkanlarını işə salaraq xalqı məhv olmağa qoymadılar. Cənubi Qafqaz həm ərazi, həm də əhali baxımından Azərbaycan türklərinin əlində idi. Sadəcə, əraziyə sahib çıxmaq lazım idi. Digər xalqlarla müqayisədə, Azərbaycan xalqı daha böyük itkilərə məruz qaldı. 1918-ci ilin mayın 28-nə qədər Azərbaycan xalqı çox böyük müsibətlərlə üzləşdi. Mücadilə olmasaydı, daha böyük itkilər ola bilərdi. 1917-ci il fevralın 27-dən sonra müvəqqəti hökumət quruldu və Cənubi Qafqaz, o cümlədən, Azərbaycan aktiv siyasi mübarizə meydanına atıldı. Həmin dövrdə Cənubi Qafqazda iki siyasi mərkəz vardı – Bakı və Tiflis. Bakıda da çox böyük iğtişaşlar baş verirdi. Nəzərə almaq lazımdır ki, Çar Rusiyası strateji əhəmiyyət kəsb edən, eyni zamanda neft resursları və təbii resurslar baxımından zəngin olan ərazini əldən vermək istəmirdi. Mücadiləyə hər kəs qoşulmuşdu – bolşevik, menşevik, daşnaklar, o cümlədən də, digər qüvvələrin, eston, alman milli şuraları və s”.

 

Azərbaycanın isə bu mücadilədən kənarda qala bilmədiyini xatırladan tarixçi, məhz buna görə də 1917-ci ilin mart ayında Müsəlman Milli Şurasının yaradıldığını diqqətə çatdırıb: “Məhəmmədhəsən Hacınskinin rəhbərlik etdiyi şuraya bütün ziyalılar qoşuldu. Müavin isə Məhəmməd Əmin Rəsulzadə idi. 1917-ci ilin martında Gəncədə Nəsib bəy Yusifbəyli, İsmayılxan Ziyadxanlı, Həsən bəy Ağayev və b. “Türk-Ədəmi-Mərkəziyyət” partiyası yaratdılar ki, xalqı maarifləndirsinlər. Həmçinin, 1911-ci ildə yaradılmasına baxmayaraq, “Müsavat” partiyasının aktiv mübarizə meydanına qoşulmasını qeyd etmək lazımdır. Bir müddət sonra keçirilən toplantıda bu iki partiyanın birləşdirilməsi qərarı verildi. Çünki məram eyni idi – Azərbaycan xalqını xilas etmək. Yeni yaranan partiyanın ilk qurultayı 1917-ci ilin oktyabr ayında keçirildi və sədr Məhəmməd Əmin Rəsulzadə oldu. Proseslər qarşıdan gələn mübarizəyə hazırlıq məqsədi daşıyırdı. Müsəlmanların bu formada birləşməsi düşmən qüvvələri narahat etməyə başladı”.

 

Tarixçi, azərbaycanlıların kütləvi soyqırıma məruz qalmalarının səbəblərini sadalayarkən, müsəlmanların hərbi təcrübələrinin az olduğunu və Azərbaycanın mübarizə meydanında tamamilə yalnız olduğunu xüsusilə vurğulayıb: “Çar Rusiyasının siyasəti nəticəsində 1828- ci ilin “Türkmənçay” müqaviləsindən sonra biz tüklərə tatar deyirdilər. Bu səbəbdən də Bakıda olan qırğınlara bəzən erməni-tatar qırğını deyirdilər. Daha öncəki illərdə müsəlman ziyalılar Çar Rusiyasının tərkibində yaşayan xalqları gələcəkdə müstəqil görmək istəyirdilər. Bu səbəbdəndir ki, 1905-ci ildən etibarən hər il, hətta bir neçə dəfə Ümumrusiya müsəlmanlarının qurultayları keçirilirdi. Türk xalqları öz azadlığı uğrunda mübarizəyə başlamaq istəyirdilər. 1917-ci ildə tərtib olunan təqvimlərdə əhalinin 90% türklərin olduğu aydın görünür. Ümumiyyətlə, Cənubi Qafqaz quberniyalarında – Bakı, Tiflis və İrəvan- yaşayan əhalinin 90% türk müsəlmanlar idi. Siyasi baxımdan üstünlük qazanmağımızın səbəblərindən biri də bu idi – yeni yaranan partiya seçkilərdə birinci yerə çıxmışdı. Bu hal həm düşmən qüvvələri, xüsusilə də imperiyanı qorxuya salırdı. Rusiya Bakını əldən vermək istəmirdi. Bunu nəzərə alaraq, ardıcıl olaraq, Bakıya pul, silah-sursat, hərbi qüvvələr göndərilirdi. Müsəlmanların isə hərbi qüvvəsi yox idi. Səbəb budur ki, 1828-1917- ci illərdə türk müsəlmanları orduya çağırılmırdı. Hətta 1887- ci ildə xüsusi vergi tətbiq edilmişdi ki, türk müsəlmanlar orduya getməsinlər. Lakin erməni və gürcülər orduda xidmət keçir və təcrübə əldə edirdilər. Üstəlik, I Dünya Müharibəsi gedirdi. Anadoluda gedən qırğınlarda ermənilər türklərə qarşı çox böyük qırğınlar törətmişdilər. Osmanlı İmperiyası onları qovanda onlar Azərbaycana gəldilər. Və ermənilər orada qazanılan “təcrübə” ni burada tətbiq etməyə başladılar. Və həmin dövrdə Azərbaycanın arxasında heç bir dövlət durmadı. Osmanlı müharibə aparırdı. Yəni, Nuru Paşa gələnə qədər Azərbaycanın heç bir köməyi yox idi”.   

 

X

XƏBƏRLƏR
BÖYÜT