Lənkəran, Bərdədə və Ağcabədidə şəhidlərimiz torpağa tapşırıldı
18:30 – 07 Aprel, 2016

Aprelin 6-da cəbhədə gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş giziri Rusif İbrahim oğlu Ağayev doğulduğu Lənkəran rayonunun Hirkan qəsəbəsində dəfn olunub. APA TV-nin cənub bürosunun məlumatına görə, dəfn mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov,Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

 

Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, onun tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.  

 

Qeyd edək ki, 1987-ci ildə Lənkəran rayonunun Hirkan qəsəbəsində anadan olan Rusif Ağayev 2005-ci ildə Lənkəran Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könullü olaraq xidmətini davam etdirib. Şəhid gizirin iki övladı var.

 

Başqa bir şəhidimiz Musayev Səbuhi Rəfayıl oğlu isə bu gün doğulduğu Bərdə rayonunun Mustafaağalı kəndində torpağa tapşırılıb. Şəhid S. Musayevin dəfn mərasimində Bərdə rayon İcra Hakimiyyətinin rəsmiləri, həmkəndliləri ilə yanaşı minlərlə rayon sakini və hərbçilər iştirak edib. Azərbaycan Dövlət Himni, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndikdən sonra yaylım atəşi açılıb və şəhid hərbçi torpağa tapşırılıb.

 

Şəhidin tabutuna örtülən döyüş bayrağı onun atasına təqdim olunub.

 

***

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan 1996-cı il təvəllüdlü əsgər Ülvin Cəmaləddin oğlu Məmmədov bu gün Ağcabədidə torpağa tapşırılıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, əslən Laçın rayonundan olan Ülvin Məmmədov laçınlıların kompakt şəkildə məskunlaşdığı Taxta körpü qəsəbəsindəki məzarlıqda dəfn olunub.

 

Dəfn mərasimində Laçın, Ağcabədi və Xocavənd Rayon İcra hakimiyyətlərinin rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Şəhidin cənazəsi bükülmüş Azərbaycan bayrağı atasına təqdim olunub.

X

XƏBƏRLƏR
BÖYÜT