Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı ilə “Həyat dərsi”
11:58 – 12 Aprel, 2016

...Mən düşünürəm ki, hər bir insanın həyata baxışında peşəsinin təsiri var. Riyaziyyat da qeyri-adi bir peşədir. Çünki bir tərəfdən mücərrəddir. İnsanlar ondan qorxurlar, digər tərəfdən riyaziyyat təbiətin dilidir. Yəni riyaziyyat olmasa, nə fizik, nə kimyaçı, nə də geoloq təbiəti öyrənə bilməz. Çünki onların dili, onlardakı  harmoniya riyazi düsturlarla ifadə olunur. Ona görə də riyaziyyat həm  lazımlı bir dildir, həm də çox çətindir. Necə ki, dilin özü. Təsəvvür edin ki, birdən-birə yapon dili öyrənmək  istəyirsiniz, sizə çox qəribə gələcək. Çünki  çox fərqli bir şeydir. Amma onu öyrənəndən sonra, riyaziyyatın o gözəlliyini duyandan sonra görürsən ki, riyaziyyat qeyri-adi dərəcədə gözəl bir elmdir. Riyaziyyatın gözəlliyini duyandan sonra ona aşiq olursan, onun əsiri olursan. Təəssüf ki, musiqidən, ədəbiyyatdan fərqli olaraq, o, gözəlliyi  çox insanlar görə bilmir, çünki onu görmək üçün peşəkar  bir baxış, ciddi bir məktəb keçmək tələb olunur.

 

...Kim riyaziyyatçı ola bilər, niyə olur? Hər halda bir riyazi qabiliyyət deyilən, yəni, mücərrəd düşüncəyə, məntiqə, məntiqlə fantaziyanı birləşdirə bilən bir təxəyyülə ehtiyac duyur riyaziyyat. O olmasa, riyaziyyatçı olmaq olmur. Görünür insanın içində, genində, qanında o şeylər olmalıdır. Amma bununla bərabər, yaxşı riyaziyyatçı olmaq insanın inkişafından, onun müəllimindən, məktəbindən, hansı elmi məktəbə düşməsindən də çox asılıdır. Yəni  təməl  olan bir təxəyyül, bir quruluş, genetika varsa, orada bir bina qurulur. O riyaziyyat binasını quran zəhmətdir. Bu ikisi birləşməsə və bu quruculuq işində ehtiras olmasa, nə riyaziyyat nə də bu dəqiq elmlərdə uğur qazanmaq olmur.

 

...Həyatın qanunauyğunluqlarını daha dəqiq dərk etmək məsələsi, düşünürəm ki, bütün riyaziyyatçılara  aiddir. Düzdür,  indi riyaziyyat o qədər geniş elm olub ki, riyaziyyatın bir sahəsi ilə məşğul olan adam çox şaxələnib və çox dərinə gedib. Ona görə, onun bir sahəsi ilə məşğul olan adam ola bilər ki, o biri sahəni heç yaxşı anlamasın. Yəni onun əlifbasını bilsin, amma dərin qanunlarını bilməsin.

 

Bütün riyaziyyatçıları birləşdirən, dediyim kimi, bu dərin məntiq, fantaziya, gözəllik axtarışıdır. O riyazi qanunlar necə axtarılır. O riyazi qanunlar təbiətdə mövcud olan bir mütənasiblikdir, bir harmoniyadır, bir ahəngdir. Bu gözəllik axtarışı, estetik olmaqla yanaşı, həm də çətin bir işdir. Bu baxımdan bütün riyaziyyatçılar bir-birinə bənzəyirlər. Baxmayaraq ki, hərəsi bir sahə ilə məşğul ola bilər. Həndəsə ilə məşğul olanla, tutaq ki, riyazi analizlə məşğul olanlar fərqlidir. Cəbrlə məşğul olan onlardan fərqlidir. Amma onları birləşdirən vahid bir riyaziyyat evi, böyük bir gözəllik dünyasıdır.

 

...Xəzər Universiteti, Avrasiya Akademiyası və s. kimi fərqli modellər yaratmaq, yeniliyə can atmaq məsələsi xarakterdən irəli gəlir, yoxsa zamanın tələbindən? Düşünürəm ki, hər ikisindən. Məsələn, mənim çox xəyallarım olub, bu gün də var, arzularım da var. Həyata keçməyən arzularım mənim eləyə bildiklərimdən qat-qat çoxdur. Yəni ola bilər, o qədər ağıllı, dərin adam deyiləm, ona görə həddindən artıq çox fikirləşirəm ki, bu işi görüm, bu işi qurum. Amma müəyyən bir zaman, mühit olmasa, o işlərin bir hissəsini həyata keçirə bilmirsən. Bəzən mühiti də bir az dəyişdirməyə məcbur olursan. Yəni bir yerdə bir ev tikmək istəyirsənsə, sən o evin ətrafını da düzəltmək istəyirsən. Bir bağ salırsan, hasar çəkirsən ki, küləyin qabağını alasan. Mühit də göydən düşmür, buna hazır deyil. Amma, bununla bərabər, xəyalında olanları  həyata keçirmək üçün sənin bir gücün, vasitən olmalıdır. Zaman da sənə yetməlidir. Elə proqram var ki, mən onu tək həyata keçirə bilmərəm, onu nəsil həyata keçirməlidir. Amma bu mənim beynimə gəlir, nə edə bilərəm.

 

Amma  elə  şeylər də var  ki, mən əmək sərf edərək, təşkilatçılıq göstərərək və o işə ehtiras bəsləyərək həyata keçirə bilirəm, onlar baş verir. Digərləri də ya beynimin içində qalır, ya da bir vərəq kağızda.

 

...Mənim ən çox sevmədiyim şeylərdən biri şikayət eləməkdir. Çünki şikayət zəiflik əlamətidir. Yəni mən nəyisə eləmək istəyirəm, ətrafdakılar bunu qoymurlar. Başlayırsan ətrafdakıları qınamağa, özünü qınamağa ki, bəlkə, sənin istədiyin düz deyil, bəlkə sənin gücün çatmır. Ona görə inanın, səmimi deyirəm, filan bədxahlarım var, filan düşmənlərim var deyə, xüsusi görüşüm və baxışım yoxdur. Təbii ki, insanlar olub ki, mənim gördüyüm işi bəyənməyiblər, hətta bir az mane olublar və olacaqlar da, mən bunu təbii qəbul edirəm. Mən onları nə mənada qınamıram?.. Mən elə düşünürəm ki, onlar elə fikirləşirlər ki, düz edirlər, mən səhv edirəm, mənim qabağımı kəsmək lazımdır. O, ola bilər, səmimi olaraq, bu cür düşünür, onun baxışı elədir. Sokrat deyirdi ki, insanla pisliyi pis olduqları üçün eləmirlər, sadəcə, elə fikirləşirlər ki, düzgün edirlər.

 

...Elə işlər var ki, sən tək görə bilməzsən. Şeri tək yazmalısan. Şeri, ya məqaləni  iki adam oturub yaza bilməz. Amma mən universitet qururamsa, təkbaşına qura bilmərəm. İdeya olur, plan qurursan, sonra insanları cəlb eləməlisən, o insanlar sənin ideyanı bəyənməlidirlər, dəstəkləməlidirlər və səninlə bərabər çalışmalıdırlar. Onlara minnətdar olursan. Onlar bu mənada mənim xeyirxahlarımdır, çünki, mənimlə birlikdədirlər. Mənim irəli sürdüyüm ideyanın yanındadırlar. Bu ideyanın həyata keçməsində mənim rolum qədər onlarınkı da var. Şübhəsiz, mənim çox məşğul olduğum sahələrdən və ən çox yazdığım, 20-25 ildə fəaliyyət göstərdiyim sahə, mədəniyyətlər tarixi, elm tarixi, fəlsəfə tarixi, ədəbiyyat, dil tarixi, ümumiyyətlə, geniş mənada cəmiyyət tarixidir. Bir var siyasi tarix ki, bu hökumətlər oldu, bu ordular oldu, bu savaşlar oldu. Bunu hər yerdə yazırlar. Amma bir də var, insan cəmiyyəti, necə oldu ki, biz bu günə gəldik, geniş mənada mədəniyyətlər tarixidir. Mən o sahə ilə məşğul oluram. Belə deyək ki, riyaziyyatdan sonra o sahə üzrə mütəxəssisəm. Onda ən qədim dünyada yazının başlanmasından bu günə böyük mütəfəkkirlər olub, böyük fikirlər olubdur. Orijinal fikirlər olub, o fikirlər üst-üstə toplanıb ki, onu öyrənməlisən. Mən ona görə bu gün həyatda olmayan və tarixin yetişdirdiyi nəhənglərə borcluyam və minnətdaram. Çünki, onlardan öyrənmişəm, həmişə öyrənəcəyəm və həmişə də hiss edirəm ki, öyrəndikcə, bir tərəfdən zənginləşirsən, digər tərəfdən də başa düşürsən ki, nə qədər şeyləri sən bilmirsən. Sənin bildiyin, dəryada bir damcıdır. Misal üçün, bir anlığa belə təsəvvür edək, bir var çökəkdə durub baxırsan ətrafa, yaxın ətrafı görürsən. Bir az hündür təpənin üstünə çıxırsan, ətrafı daha çox görürsən. Dağın zirvəsinə qalxırsan göz görən qədər ətrafı görə bilirsən. Bilik də o cürdür, nə qədər çox oxusan, düşünsən, yaradıcılıq fəaliyyəti göstərsən, o qədər çox görürsən və görürsən ki, görmədiyin daha çoxdur, bilmədiyin daha çoxdur. Bu, alimlərin xeyrinədir, bir qayda olaraq nəhənglər təvazökar olur. Bu, insanı insan edən çox böyük bir hissdir. Çünki bir var yekəxanalıq, bu, nisbətən balaca insanlara xas olan bir şeydir- yekə görünmək istəyirlər. Amma insan ətrafındakı nəhəngləri görəndə, deyir ki, mən nə qədər az bilirəm, nə qədər az iş görmüşəm.

 

...Mən Moskva Dövlət Universitetində aspiranturada oxuyanda, oxuduğum yerdə nəhənglər var idi, 20-ci əsrin klassik riyaziyyatçıları, riyaziyyatı yaradanlar! dərslərinə, seminarlarına gedirdik. Mənim onlardan ən çox eşitdiyim, ən çox işlətdikləri söz: “Bilmirəm” idi. “Mən bunu bilmirəm, filankəsdən soruşun, o, məndən yaxşı bilir. Mən bilmirəm”. SSSR-nin akademiki deyirdi ki, bu aspirant onunla məşğul olur, ola bilər o, məndən yaxşı bilir. Yəni bu, gerçək alimə xas olan xüsusiyyətdir. O cür insanlarda göstəricilik ola bilməz, onlarda aşağılıq kompleksi də yoxdur. Yəni insan bütövdür. Yəni bir insansan, ona qanesən. Həmişə şagirdsən, həmişə təbiəti, insanları, cəmiyyəti öyrənirsən.

 

...“Peşəkarlıq, planlaşdırma, iş görmək ehtirası üstəgəl möhkəm iradə bərabərdir uğur” düsturu ilə mən qeyri-adi bir şey deməmişəm, sadəcə prosesi izah etmişəm. Birincisi, insanda bir axtarış, bir nöqtəyə çatmaq ehtirası var. Məsələn sprinter deyir ki, mən 10 saniyəyə 100 metri qaçmalıyam. Bu ciddi bir məqsəddir, bir an belə itirməməlisən, burada qələbə çalmaq ehtirası, yarış ehtirası var. Bu, insanı irəliyə aparır. Sonra qabağında bir maneə var, sən o maneəni aşmalısan. Maneəni necə aşacaqsan? Peşəkarlığınla və iradənlə. Həyatımız çöldə, iş yerində  maneələrdən, problemlərdən ibarətdir. Riyaziyyat özü problemləri həll etmək deməkdir. Orta məktəbdən məsələ, misal həll etməlisən. Məsələ, misal bəzən asan, bəzən də çətin olur, müəllim də həll edə bilmir, istedadlı şagirdinə dönür ki, gəl, bunu görək necə həll edirik. Yəni o maneələri aşanda bəzi insanlar ruhdan düşə bilir. Amma iradəli və peşəkar insan, ehtiraslı insan deyir ki, bu da bir problemdir, mən onu həll etməliyəm. Həll etmək üçün bir metod tapırsan, həll edib məqsədə doğru gedirsən.

 

...Peşəkar olmayan da məqsədinə çata bilir, düzdür. Amma o, asfalt yolla gedir, maneələr olmur, kömək edirlər, əlindən tutub aparırlar,  elə şeylər olur. Bilirsiniz dünyada lap qədimlərdə də ideal cəmiyyət olmayıb. Mənim işim cəmiyyətləri, mədəniyyətləri öyrənməkdir. Çox fərqli mədəniyyətlər, dövlətlər olub. Məsələn qədim Yunanıstan deyirik. Sokrat, Platon, Aristotel, Arximed kimi dünyanın nəhəngləri yetişib orada. Biz Yunan dövrünə mədəniyyətin beşiyi kimi baxırıq. Amma orda o qədər haqsızlıqlar olub ki... Məsələn, Sokrat kimi filosofu demokratik quruluşda səsvermə yolu ilə ölümə məhkum ediblər. O zaman da istedadsız adamları irəli çəkmək, istedadlıya mane olmaq istəyənlər olub. Yəni ideal cəmiyyət olmayıb.

 

İstedadlı, ehtiraslı insan qarşısına kiçik deyil, böyük problemlər qoyur. Sanki dağa çıxırsan. Bir var təpəyə çıxırsan, bir də var güclü alpinist deyir ki, mən ən yüksək zirvələrə getməliyəm. Əvvəl Qafqaz dağlarına gedir, sonra Himalaya və s. Çünki o, ondan ləzzət alır. Yəni istedadlı, güclü insan qarşısına böyük problem qoyur və onun həli ilə məşğul olur. Ona görə uğur da, uğursuzluq da o problemin ətrafında olur. Onu aşanda qarşısına qeyri-adi dərəcədə böyük bir iş görmək məqsədi qoyur, aşmırsa da, o prosesdə o heç nə itirmir. O, qazanır. Çünki zirvəyə doğru yol gedir.

 

Zirvəyə doğru gedəndə həmişə çıxa bilmirsən ki. Alpinizmdən danışdıq. Mən dağa çıxmaqla məşğul oluram, bu prosesi bilirəm, ona görə deyirəm. Məsələn, Everest və ya ondan kiçik zirvəyə çıxmaq üçün böyük komanda gedir. Onlar dəstə-dəstə qalxırlar. Onların bir hissəsi bir yerdə qalır. Ərzaq və s. göndərirlər. Digər hissədə başqa komanda çalışır. Zirvəyə bir neçə adam çatır, bəzən bir adam çatır. Bütün komanda o lider üçün işləyir, çünki o, ən dözümlüsü, ən qabiliyyətlisidir. Amma onun özünə də bir kömək lazımdır, komanda ona kömək edir. Məqsədinə də yetişir.

 

...Çoxşaxəli fəaliyyətlə məşğul olmaq nə qədər paradoksal görünsə də, ciddi bir hünər deyil. Mən tək deyiləm. Uşaq vaxtından çox sahələrlə maraqlanırsan. Maraqlanan zaman birinin vasitəsi ilə digərinə maraq göstərirsən. Mən sadəcə, onların hamısı ilə maraqlanırdım və öyrənirdim. Yəqin ki, bunun özü də bir qabiliyyətdir. Məsələn, riyaziyyatı qalın-qalın, cild-cild kitabları oxuyaraq öyrənə bilmirsən. Gərək bir hissəsini öyrənəndən sonra qalan hissəni özün edəsən. Özün məntiqlə özünü sınayasan ki, bu yolu artıq keçiblər. Yəni bu səndə bir vərdişə çevrilir ki, həmişə problemi həll edə-edə nəticəyə çatacaqsan.

 

...Dəqiq elmlərlə yanaşı tarix, fəlsəfə, dilçilik, ədəbiyyatşünaslıq, poeziya kimi müxtəlif sahələrlə məşğul olanda, insan həm də dincəlir. Misal üçün, riyaziyyat və fizika ilə məşğul olandan sonra, gedib tarix oxuyanda, sanki dincəlirsən. Oturub çay içən kimi, istirahət edən kimi bir şey olur. Sonra ondan keçirsən şerə, ədəbiyyata, o da istirahət olur. Mühit dəyişir, məsələn, meşədən çıxırsan çəmənə düşürsən, dərəyə, oradan dağa gedirsən, arana gedirsən, bulaqdan su içirsən, gəzirsən, onda seyr etmək səni yormur. Təbiətin müxtəlif tərəflərini gördükcə, ruha gəlirsən. Ona görə müxtəlif işlərlə məşğul olmaq, nəinki, adamı yormur, həm də kömək edir.

 

...Sağlamlığımı qorumaqla ciddi məşğul olmuram. Sadəcə, uşaq vaxtından idmanı çox sevmişəm və dünyanı dolaşan həyat arzulamışam. Həmişə futbol oynayırdım, həmişə güləşmişəm. Şahmat dəlicəsinə sevdiyim oyunlardan olub. Voleybolu sevirəm. İndi də komanda ilə yığışırıq, yay vaxtı həftədə iki dəfə voleybol oynayırıq .

 

Yəni dünyadan çox şey istəmirsən, əlində olanlar səni qane edir, həzz ala bilirsən onlardan. Kitab oxuyursan, həzz ala bilirsən. Bir yerə gedirsən, yeni bir şey öyrənirsən, həzz alırsan. Balaca bir qaralama edirsən, ya elmi bir şey, ya bədii, həzz alırsan. Bu yaxınlarda biz Avrasiya Akademiyasını təşkil edəndə 5 təsisçi idik. Təsisçilərdən biri Xalil İnancık çox görkəmli tarixçidir, Osmanlı dövrünün ən böyük tarixçisidir və 22 il Amerikada məşhur universitetlərdə işləyib. 100 yaşı var. 1916-cı ildə anadan olub. O insanla, misal üçün, yaxınlarda bir dəfə də görüşdük, başı çox aydın, 2 ildən bir ya monoqrafiya ya dərslik kimi bir kitab yazır, məqaləsini yazır, doktorantlara evində dərs deyir, hərəkətində bir az məhdudiyyət var, amma qalan hər şey yerindədir. Çünki yaradıcı həyat keçirmək özü idman etmək kimi bir şeydir, idmanın bir növüdür. Sənin beynin idman edir, hüceyrələr hamısı işləyir, beynin hüceyrələri işləyən zaman digər orqanlara kumandanı məhz o verir. Qan daha yaxşı işləyir, yəni içində bir ahəng olur.

 

Mən xüsusi bir sistem düşünməmişəm, sadəcə, bu, mənim həyat tərzimdir. Mənəvi və fiziki- sanki ikisi də bir-biri ilə qovuşur. Mən xeyli şeylər edə bilməmişəm, həmişə onlar haqqında düşünürəm və ümid edirəm ki, onlardan bəzilərini edəcəyəm.

X

XƏBƏRLƏR
BÖYÜT