Millət vəkili, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyevlə “Həyat dərsi”
18:52 – 10 İyun, 2016

...Atam həmişə deyərdi ki, nə qədər sağam, oxuyun. İndi başa düşürəm ki, atam bizə dərs  verirmiş. Mədəndə işlədiyi üçün, xüsusən, payız aylarında üst-başı  həmişə palçığın, neftin içində olurdu. Uzunboğaz çəkmələrini bir gün qardaşım Əsgərəli çıxarırdı, bir gün mən çıxarırdım, bir gün o biri qardaşım... Hər dəfə də çıxaranda əlimiz neftə, palçığa batırdı. Gedib yuyanda atam gəlib başımızın üstündə durub deyirdi: “Necədir?” Deyirdim ki, yuyuram. Atam: “Görürsən -deyirdi, - mən oxusaydım, oxuya bilsəydim, bu palçığın içində gəzməzdim. Oxuyun, sizin uşaqlarınız ayaqqabılarınızı belə çıxartmasınlar”. Zarafatla deyirdi, amma, mən sonra bildim ki, o bizə böyük bir dərs verirmiş...

 

...Bəlkə buna görə ailəmizdə altı qardaşdan üçü alimdir. İkisi professordur, biri elmlər namizədi, dosentdir. Amma hamımız da riyaziyyatçıyıq. Əsgərəli qardaşım, Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə  qurtarıb. Elə orada da qaldı, Kurçatov adına Atom Enerjisi İnstitutunda 12-13 il işlədi, aspiranturanı da bitirdi. Həm namizədlik, həm də doktorluq dissertasiyalarını müdafiə  elədi. Azərbaycan müstəqillik qazanandan sonra Rusiyadan Bakıya gəldi. Bakıda Elmlər Akademiyasında işləyirdi, indi də məsləhətçi  kimi işləyir. Maşallah, 81 yaşı var, özü də ki, idmançıdır. Ömrü boyu velosiped sürüb, indi də sürür. Kiçik qardaşım Telman Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini qurtarıb. O da Moskvada aspiranturanı bitirdi. Gələndən sonra Politexnik İnstitutunda işləyirdi, indi də İdman Akademiyasında riyaziyyat kafedrasının müdiridir.

 

...Məni böyük qardaşım Eyvazəli 15 yaşımdan boksa apardı. Heç kim bizi buna məcbur etmirdi. Biz gözümüzü açandan atam maaş alandan sonra axşam gələrdi, maaşı verərdi anama. Anam bizdə baş mühasib idi. Elə o qayda bizim hamımızda qalıb. Təqaüd alan kimi axşam gətirib o pulu verirdik anamıza. Mən həm məşqçi kimi maaş, həm də tələbə kimi təqaüd alırdım. Üst-üstə atamdan çox pul gətirirdim evə. Aldığım pulu gətirib anama verirdim, o da 5-10 manat verirdi ki, götür, lazım olar. Ailəmiz 11 nəfərdən ibarət idi. Atam fəhlə işləyirdi. Pis yaşamırdıq. Hamımız bir nöqtəyə vururduq. Anama deyirdim ki, sən ən qənaətcil ailə başçısısan ki, atamın aldığı 120 manatla, bizim gətirdiyimiz pulla  ailəni həm geyindirirsən, həm də yedizdirirsən. Bu baxımdan, anamın xüsusi bacarığı var idi. 1941-1942-cil illərdə atam müharibəyə getdikdən sonra anam da neft mədənlərində fəhlə işlədi. Atam qayıdandan sonra anam yenidən evdar qadın oldu.

 

... Bilirsiniz, ailədə özül necə qoyulursa, uşaqlar da onu o cür qəbul edirlər. 1966-cı ildə Politexnik İnstitutunu bitirdikdən sonra məni kafedrada bir il baş laborant kimi saxladılar, sonra da  müəllim assistent kimi işlədim. Bir gün mənə dedilər ki, rektor çağırır. Getdim, rəhmətlik rektorumuz Əmir Qasımzadə dedi ki, oğlum, niyə oturmusan belə... Dedi, səni Moskvaya aspiranturaya göndərirəm. Müdafiə et, sonra gələrsən. Gəldim atama dedim ki, dədə, məni Moskvaya aspiranturada oxumağa göndərirlər. Həmin dövrdə Əsgərəli artıq Moskvada idi. Dedi ki, göndərirlər, get də, demirəm sizə, nə qədər sağam, oxuyun? Dedim: “Dədə, axı sən tək qalırsan, böyük qardaşım da evlənib”. Dedi: “Birtəhər yaşayarıq, get, göndərirlər, get”. Getdim, orada aspiranturaya girəndən sonra çox çalışdım. 3 ildən də tez müdafiə elədim.

 

...Aspiranturanı qurtarandan sonra atama, anama kömək eləmək üçün evə qayıtmaq fikrində idim. Oranın rektoru dedi ki, “yox, Siz burada qalırsınız”. Beləliklə, mən əvvəl Moskvada Polad Ərintiləri İnstitutunun avtomatika fakültəsində çalışdım. Sonra da, məni Lipinsk Politexnik İnstitutuna göndərdilər. Atam onda deyirdi ki, Lipinsk, ya Bakı, fərqi nədir, bir ölkədir, bir dövlətin nümayəndələriyik. 1971-ci ildən 1984-cü ilə kimi 10 il Lipinskdə Avtomatika və Elektronika kafedrasında kafedra müdiri işlədim.

 

...Necə oldu qayıtdım Bakıya?.. Hər il yayda iyul-avqust aylarında evimizə gələndə, atama, anama hədiyyələr  gətirirdim. Bir dəfə, 1982-1983-cü illərdir, iyul ayıdır, evə gəlmişəm, həmişə olduğu kimi, hədiyyələri paylayıram. Hədiyyələri rəhmətlik anamın qabağına qoyanda, dedi ki, istəmirəm. Baxdım ki, inciyib məndən, heç nə istəmir. “Bilirsən, - dedi - Mehribanın artıq 17 yaşı var. Özün bil, gəlirsən gəl, gəlmirsən gəlmə. Uşağı göndər yanıma, qoy burada bizimlə yaşasın. Qızlar böyüyüb, başqa millətlə münasibət yarana bilər, el içində biabır olarıq. Sən işləyirsən, qal işlə, amma, böyük qızı göndər yanımıza, bizimlə qalacaq. Dedim: “Başa düşdüm, qoy Mehriban bu il məktəbi qurtarsın, göndərəcəyəm. O, məktəbi qurtaran kimi uşaqları göndərdim Bakıya. Özüm də ərizəmi verdim ki, çıxıb gəlim”.

 

...O vaxtlar İnşaat Mühəndisləri İnstitutunun rektoru rəhmətlik Bünyad Sərdarov idi. Onunla eyni dövrdə, başqa-başqa qruplarda oxumuşduq. Mən Azərbaycan qrupunda idim, o rus qrupunda. Yaxşı bildiyim üçün məni rus dili dərslərindən azad etmişdilər, həmin vaxt boş olurdum. O saatlarda rus qruplarındakı ingilis dili dərslərinə girirdim. Məni də həmişə nümunə göstərirdilər ki, ona lazım deyil, bu dili oxuyur, amma sizə lazımdır, oxumursunuz.  Elə o vaxtdan biz Bünyadla dost idik. Bakıya qayıdanda o, məni gördü, soruşdu ki, hara gedirsən. Dedim: “Sənədlərimi Politexnik İnstitutuna vermişəm, öz kafedramda işləməyə gedirəm”. Bünyad mənə dedi ki, ora niyə gedirsən, gəl bizim instituta, mənə Elektrotexnika və Elektronika kafedrasına kafedra müdiri lazımdır. Dedim: “Artıq bütün sənədləri Politexnik İnstitutunun rektoruna vermişəm, yaxşı çıxmaz”. Bünyadın özü gedib rektorla danışmışdı. Sənədləri götürüb öz institutuna aparmışdı. Noyabr ayında məni kafedra müdiri seçdilər. Lipinskdən də teleqram gəldi ki, Siz yenidən kafedra müdiri seçilmisiniz. Bizim rektor teleqram yazdı ki, xahiş edirik, onu azad edəsiniz. 

 

...Mənim idmanda göstərdiyim ən yaxşı nəticələrdən bir neçəsi Politexnik İnstitutunda oxuyan zaman olub. 1961, 1962, 1963, 1964-cü illərdə Azərbaycan çempionu olmuşam. Bizim qrupun uşaqları da yarışa gəlirdilər, məni dəstəkləyirdilər. İnstitutu bitirəndən sonra mən aspiranturaya getdim,  Rusiyada Lipinskə gələn kimi Boks Federasiyasından yanıma gəldilər ki, biz Sizi tanıyırıq. Xahiş edirik, gəlin,  bizə hakim kimi, kömək edin. Mən Rusiyada hakimliyə başladım. Sonra ümumittifaq dərəcəli hakim oldum. 1979-1880-ci illərdə artıq Rusiya komandası ilə beynəlxalq yarışlarda iştirak edirdim. Sonra Praqada imtahan verdim və beynəlxalq dərəcəli hakim adını aldım. Avropa hakimi oldum. 1986-cı ildə Avropa çempionatında ən yaxşı hakim kimi birinci yeri tutdum. Ondan sonra, avtomatik olaraq, mənə AİBA-nın beynəlxalq hakimi adı verildi. Hakimliyə Rusiyada başladım, çünki mən burada boksçu idim. Sonra SSRİ-nin ən yaxşı hakimləri sırasına çıxdım. SSRİ komandasının tərkibində Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında iştirak elədim.

 

...Bakıya qayıdandan sonra da hakimliyi davam etdirirdim. Axırda 2004-cü ildə bizim Olimpiya Komitəsinin komandası ilə iştirak etdiyimiz Olimpiya Oyunlarında boks üzrə baş hakim oldum. Bu, mənim ən böyük hakimliyim idi, çünki SSRİ-dən heç kim Olimpiadada boks üzrə baş hakim olmayıb. Bizim boksçuların oradakı çıxışları Sidneydən sonra çox uğurlu oldu. Mən o illərdə Avropa Boks Federasiyasının hakimlər komissiyasının sədri,  Ümumdünya Boks Komitəsi İcra Komitəsinin üzvü oldum.

 

...Qarşımda bir neçə dəfə seçim olub. İdmançı idim, Politexnik İnstitutunda oxuyan zaman deyirdim, çətin olacaq, boksu atım. Sonra fikirləşirdim, bu qədər işləmişəm, mən necə atım idmanı. Çalışacağam ikisini də çatdırım. Ona görə də səhərdən axşama kimi çalışırdım. Bakıda Əmircanda, Bülbülədə yaşamağımın bir tərəfdən mənə xeyri oldu. Mən gündə iki saat elektrik qatarı ilə yol gedirdim. Bir saat şəhərə və bir saat da geriyə.  O saatları mən məşğul olurdum. Ya mühazirə oxuyurdum, ya elə misallar olurdu ki, o misalları elektrik qatarında həll edirdim. Tanışlarım var idi, kart oynayırdılar, mən qıraqda oturub tapşırıqlar edirdim. Ona görə tapşırıqları edirdim ki, axşam mənim məşqim var. Bir dəqiqəm də boş qalmamalıdır. Artıq 5-ci il idi ki, İnşaat Mühəndisləri İnstitutunda Elektrotexnika və Elektronika kafedrasının müdiri idim. 1986-1987-1988-ci illərdə Qorbaçov birinci katib olanda dedilər ki, bütün müdirlər və rektorlar seçilməlidir. Mənə də öz idmançı dostlarım dedi ki, Bədən Tərbiyəsi İnstitutuna rektor seçirlər, sən də get sənədləri ver. İnstitutu əlaçı kimi bitirmisən, ikinci təhsilin var, elmlər namizədisən, həm beynəlxalq dərəcəli hakimsən, həm də idman ustasısan. Mən idman ustası olandan 5 il sonra mənə ömürlük fəxri idman ustası adı verildi. İdman ustası adı aldıqdan sonra kim 5 il ərzində həmin normanı yerinə yetirirdisə, ona Fəxri İdman ustası adı verilirdi. Deyirdilər ki, sən həm idmançısan, həm boksçusan, həm də alimsən, gətir ver sənədlərini, lap yaxşı olar. Sözün düzü, bir az fikirləşdim, sonra gəldim nazirin yanına. Dedi ki, ver sənədlərini. 1987-ci ildə seçki oldu, məni yekdilliklə institutun rektoru seçdilər.

 

...Həmin dövrdə Ermənistanla Azərbaycan arasında problemlər başladı. Biz çalışırdıq tələbələri qoruyaq, oxudaq. Uşaqlar dərsə gəlmirdilər, bəzən olurdu, saat 12-yə kimi yataqxanada uşaqlarla iş görürdük, danışırdıq. Azərbaycan müstəqillik qazanandan sonra iş bir az yüngül oldu. Azərbaycan üçün, Azərbaycan naminə əlimizdən gələni etməyə çalışırdıq ki, hər şey əvvəlkindən daha yaxşı olsun.

 

...1997-ci ildə hörmətli İlham Əliyev o vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse- prezidenti idi, millət vəkili idi. İclas keçirdik, təklif etdik, bütün idman hərəkatı xahiş etdi ki, İlham Əliyev Olimpiya Komitəmizin prezidenti olsun. Çox sağ olsun, razılıq verdi. 1997-ci il iyulun 31-də biz onu Olimpiya Komitəsinin prezidenti seçdik. Ondan sonra Azərbaycan idmanına, sanki, ikinci nəfəs gəldi. Çox yeniliklər edildi. Bilirsiniz ki, idmançılarımız həmin vaxt xaricdə idi, geri qayıtdılar, onlara şərait yaradıldı. Artıq 2000-ci ildə müstəqil Azərbaycan komandası ilə Sidneyə getdik və orada iki qızıl, bir bürünc medalla birinci uğuru qazandıq. Heç tanımırdılar, soruşurdular Azərbaycan harada yerləşir. Biz onları başa salırdıq.  Beynəlxalq Olimpiya Komitəsində 204 nümayəndə var. Biz orada 34-cü yeri tutduq. Hesab edirəm ki, Azərbaycan idmanının inkişafı, uğurlar, məhz müstəqillik dövrünün və dövlət qayğısının nəticəsidir. Ulu öndərimiz o vaxt idmana böyük qayğı göstərirdi. Heç vaxt yadımdan çıxmaz ki, Heydər Əliyev 1994-cü ildə bütün idmançıları idman sarayına yığmışdı. Çıxışının sonunda dedi ki, hörmətli idmançılar, bundan sonra idmana qayğını öz üzərimə götürürəm. Əmin ola bilərsiniz ki, siz bu qayğını həmişə hiss edəcəksiniz. Bütün idmançılarımız, idman hərəkatı Ulu öndər Heydər Əliyevin, ölkə prezidenti İlham Əliyevin idmana və idmançılara qayğısını həmişə hiss edib və indi də hiss edir. İdmançılar bayrağımızı qaldırırlarsa, deməli, xalqın bayrağını qaldırırlar. Azərbaycan idmanda çox irəli getdi və dünyada tanındı. Müstəqil Azərbaycanın simvollarını idmandan başqa heç bir şey bu cür dünyaya çatdıra bilməz. Yadımdadır, bir dəfə 1996-cı ildə Atlantadan Olimpiya Oyunlarından qayıdan zaman Ulu öndər idmançılarımızı yığmışdı. Namiq Abdullayevi çox sıxdılar. Namiq çempion olmalı idi. Amma o, gümüş medal qazandı.  Çempionatdan cəmi bir gümüş medalla qayıtmışdıq, onu da Namiq almışdı.  Ulu öndər iclasda Namiqə üzünü tutub dedi ki, bala, sənin gümüş medalın bizim üçün qızıldan qiymətlidir. Birinci idmançımızsan ki, orada Azərbaycanın bayrağını qaldırdın. Ona görə də sənin medalın bizim üçün qızıldan da qiymətlidir. Heydər Əliyev göstəriş verdi ki, ona qızıl medala layiq olan mükafatı versinlər. Bir boksçumuz da 5-ci yeri tutmuşdu. Olimpiya Oyunlarında 1-ci yerdən 6-cı yerə qədər qalib sayılır. Dedi ki, sənin də döyüşlərini gördük. Ədalətli yanaşmadılar. Heydər Əliyev ona da bürünc medalın mükafatının verilməsini tapşırdı. Ulu öndər bizim idmançılara ata nəvazişi göstərirdi. Sidneyə yola salanda dedi ki, mən gözləyirəm, qələbə çalarsınız, lap yaxşı, amma, əsas sağ-salamat gedin və sağ-salamat Bakıya qayıdın.

 

...Bilirsiniz, mən Rusiyada işləyəndə bizim laboratoriyamız var idi. Boksda çox vaxt narahatçılıq olurdu. Nəyə görə... Bir də görürsünüz, hakimdir, oturub, subyektiv olaraq, qələbəni düz vermir. SSRİ-nin çox çempionatlarında mən baş hakim kimi səbəbini soruşanda deyirdi ki, mən bunu belə görmüşəm. Deyirdim, hamı qırmızının qələbəsini görüb, amma sən qələbəni göyə vermisən, bəlkə daltoniksən, rəngləri ayırd edə bilmirsən?.. Sonra bir dəfə dedim, bu kompüterdən nəyə görə istifadə etmirik. Kompüterin iki düyməsi var, müsbət və mənfi, qırmızı və göy rəngi  onların üstünə yapışdırırdım. Qırmızı zərbə endirsə, qırmızı düymə, göy vursa, göy düyməni basırsan. Çox rahatdır. Hakim deyir ki, mən saymışam. Necə dəqiq  saymısan ki, döyüşə baxırsan, fikir yayınır. Keyfiyyətli zərbə vurulan kimi düyməni basırsan. Beləcə, döyüş zamanı baş hakim digər hakimlərin işinə baxır. 5 ədəd kiçik kompüter işləyir, informasiya baş hakimin pultuna da ötürülür. Bir sözlə, mən bunu 1981-ci ildə gətirdim Moskvada federasiyaya göstərdim. Rodonyak var idi, dövlət məşqçisi, baxdı, bəyəndi. Ağır çəkili idmançıların Leninqradda SSRİ çempionatı olacaqdı. Dedilər, gətirə bilərsən ixtira etdiyin yeniliyi? Dedim, cəmi 6 kiloqram çəkisi var, niyə gətirə bilmirəm? Getdim, onu apardım ora. Yarışda iştirak edənlər də, hakimlər də çox razı qaldılar. Patenti götürüb Dövlət Komitəsinə göndərdim. 3 ay sonra 1981-ci ildə mənə patent verdilər. Ondan başqa mənim 4 ixtiraya görə də müəllif  hüququm var.

 

...Hərdən deyirəm, bilirsiniz, gənclərimizin həyat tərzi hərəkətdə olmalıdır. Bədən tərbiyəsi ilə məşğul olmalıdırlar ki, orqanizmləri, keyfiyyətcə, daha yaxşı olsun. Ona görə uşaqlar qaçmalıdırlar. Əgər uşaq ora-bura qaçırsa və buna icazə verilmirsə, düz deyil. Hərdən zarafat edirəm ki, Yer kürəsinin cazibə qüvvəsi var. Uşaqlar hərəkət edirlər ki, o qravitasiyaya qalib gəlsinlər. Çünki Yer dartır insanı özünə, tərpənməsən,  get-gedə korlanacaqsan. Biz qravitasiya ilə mübarizə aparan zaman, əzələlərimiz qüvvətli olur. Planetimiz bundan 2 dəfə böyük olsa idi, biz iki dəfə daha güclü olacaqdıq. Ona görə də uşaqlara uşaqlıqdan icazə vermək lazımdır ki, qaçsınlar, tullansınlar, hərəkətdə olsunlar. İdman ən yaxşı üsuldur, uşaqlarımızın mütənasib inkişafına yol açır. Bir də ki, idman təhsilin keyfiyyətinə birbaşa kömək edir. Onun yaşlılara xeyri də danılmazdır. Biz fiziki hərəkət edərək, bədənimizdə olan xaotik prosesləri nizamlayıb laminar rejimə gətiririk. Elə bil ki, turbulent rejimdə olan bədənimizi laminar rejimə gətiririk. Nəyin hesabına?  Əzələ işinin hesabına. Bunu özümdən düzəltməmişəm. İvan Pavlov dünyanın, demək olar, birinci fizioloqlarından biridir. Onun bir sözü var. Hər səhər fiziki işlə, bədən tərbiyəsi və idmanla məşğul olun, o zaman siz əzələ sevincini hiss edərsiniz. Bax bu əzələ sevinci o demək idi ki, sənin əndamın, əzələn artıq Kür çayı kimi laminar rejimdə işləyir.

 

...Millət vəkilliyi, düzdür, sözsüz ki, insanlara qayğı göstərmək üçün yeni imkanlar açır, bununla bağlı, həm də üstümüzə bir yük də qoyur. Deputat olmayanda da mənim yanıma çox adam gəlirdi ki, hansısa rayonda və ya ailədə, yaxud  işdə nəyəsə kömək etmək lazımdır. Fikirləşirdim ki, niyə hamısı mənə müraciət edir. Bir dəfə dedilər, deputatlığa namizəd ver, dedim onsuz da deputatam. Mənim qapım həmişə açıq olub. Kimin nə sözü var idisə, yanıma gəlirdi, bacardığım köməkliyi edirdim. Deyirdim, deputatlıq mənim üçün çətin olmayacaq, çünki deputatlıq funksiyasını, artıq 15-20 ildir yerinə yetirirəm.

 

...Məhz bədən tərbiyəsi və idman sayəsində insan daha sərrast olur. Deyək ki, beyin nə isə fikirləşib və sən bunu icra etməlisən. Əgər sən idmanla məşğul olursansa, o beyinin fikirləşdiyi icranı sən keyfiyyətlə yerinə yetirəcəksən. Əgər sən idmançı deyilsənsə, beyin gözəl bir şey fikirləşib, amma sən onu icra edə bilməyəcəksən. Söhbət gücdən getmir, əgər idmançıya deyilirsə, sən bunu düz mərkəzə qoymalısan, o onu elə də edəcək. Çünki əzələlər qaydasındadır və beyindən əzələyə informasiya gələndə o informasiyanı heç kim pozmur. Orqanizmi də laminar rejimdir. İdmanla məşğul olmayan zaman beyindən gələn informasiya pozulmuş olacaq və sən tam, düzgün icra edə bilməyəcəksən. Orqanizmi təmiz və keyfiyyətli saxlamaq üçün, insan, mütləq, idmanla məşğul olmalıdır. Heç olmasa, gündə bir saat. Tutaq ki, saat 12-də yatmısan, səhər 8-də durmusan. Çox rahatsan. Yox, sən hələ hazır deyilsən, ona görə ki, sən 8 saat yatmısan, hüceyrələrin sənə enerji verib. Həmin o enerji bir tərəfdən sənə lazımdır, digər tərəfdən də mane olur. O enerjini bir az azaltmaq lazımdır. Enerjini azaltmaq üçün də fiziki hərəkət edilməlidir ki, insanın bədəninin keyfiyyəti olsun.

 

... Gələn il 80 illki yubileyimdir. Bir nəvəm artıq Ankarada ali təhsilini başa vurdu,  magistraturanı Londonda bitirdi. Hal-hazırda öz işini gözəl bilir. Onun adı Caviddir. Birinci nəvəmdir. İkinci nəvəm qız nəvəmdir. Bu il BDU-nu beynəlxalq iqtisadi əlaqələr fakültəsini  bitirdi, ADA Universitetində magistraturanı oxuyur. Adı Nərminədir. Üçüncü nəvəm Ağacan hazırda xaricdə oxuyur. Onun da arzusu tibb işçisi olmaqdır. O da bu il qurtarır. Nəvələrimin hamısı oxuyublar. Bizim dövrdə rus dilini yaxşı bilirdilər, bunlar isə ingilis dilini. Dövr belədir, uşaqların ingilis dilini bilməsi çox vacibdir. Bura qayıdandan sonra Cavid öz “CV”sini bir neçə firmaya göndərdi, çağırdılar.

 

...Gənclərin hamısına arzu edirəm ki, birincisi, sağlam olsunlar, ikincisi, yaxşı ailə qursunlar və yaratdıqları ailələr, mənim atamın ailəsinə oxşasın. Hər bir uşaq əlindən gələni etsin ki, Azərbaycana ad gətirsin, onu layiqincə təmsil eləsin, öz sahəsində elə bir iş görsün ki, öz xoşuna da gəlsin, ətrafının da xoşuna gəlsin, rəhbərinin də...

X

XƏBƏRLƏR
BÖYÜT