Balaban səsi: sirdaş, yoldaş, qəmdaş...
14:09 – 15 Avqust, 2016

Həzin duyğuları-sevgini, həsrəti, ağrını, itkini, könül fəryadını balaban qədər məhrəm, mənalı ifadə edən ikinci musiqi aləti tapmaq çətindir. Balaban insanın bölüşdüyü, sirrini-sözünü pıçıltı ilə deyə bildiyi ilk əl çatan musiqi alətlərindəndir. Balabanın səsindəki həzinlik, inilti, sızıltı başqa musiqi alətlərindən fərqlidir... Balaban insanın mənəvi dünyasındakı səs, ahəng çalarlarını daha dəqiq ifadə edir, insanlara həm sirdaş olur, həm də dinləyənlərə olumlu-ölümlü dünyanın ən ağır dərdlərini daşımağa, onları ovundurmağa təkan verir.

 

 

El arasında bu alətə "yastı balaban", "balaman", "mey" də deyilir. “Bala” və “ban” sözlərinin birləşməsindən əmələ gələn bu ad “kiçik, həzin səs”  mənasını verir. Yumşaq və həzin səsə malik balabandan ansambl və orkestrdə, həmçinin solo ifa aləti kimi də istifadə edilir. Bəzən aşıqların ifası da balabanla müşayiət edilir.

 

Mütəxəssislərin rəyinə görə, balabanın 4-5 minillik yaşı var. Arxeoloqlar Ucarın Bərgüşad kəndi yaxınlığında yerləşən Qaratəpə adlanan ərazidə gümüş üzük tapıblar. Bu gümüş üzüyün üzərində göy rəngli qaşla balaban ifaçısının cizgiləri həkk olunub. 

 

Sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə bildirib ki, bəzi mütəxəssislər sözügedən üzüyün üzərində əks olunan bu aləti ney və yaxud tütək adlandırırlar: “Böyüdücü şüşə vasitəsi ilə baxanda isə ifaçının yanaqlarının şişmiş vəziyyətdə olduğu açıq-aydın görünür. Bu cür ifa tərzi zurna və balabana məxsusdur. Alətin quruluşu isə balabana daha çox bənzəyir. Odur ki, mütəxəssislərin qənaətinə görə, yaşı 2 min ildən artıq olan bu tapıntı məhz balabanla bağlıdır”. A.Nəcəfzadə balabanın hər kəs tərəfindən sevilən alət olduğunu qeyd edib: “Onda ifa etməyi arzulayanlar da az deyil. Sadaladığımız bütün faktlar sübut edir ki, bu alət yalnız Azərbaycana məxsusdur. Ermənilər alətin adını dəyişib düdük qoyublar və onu dünyaya özlərininki kimi təqdim ediblər. Əslində, bu sözün heç bir etimoloji açıqlaması yoxdur. 1986-cı ildə Ermənistanda gənclərin I Zaqafqaziya müsabiqəsi keçirilirdi, o müsabiqəyə mən də qatılmışdım. Orada ifamı bir neçə alətdə və əlbəttə ki, balabanda təqdim etdim. Münsiflər heyətində olan erməni musiqiçi bildirdi ki, “azərbaycanlı balası bizim qədim düdük alətimizdə çox gözəl ifa edir”. Mən də ona sual etdim ki, “düdük ermənicə nə deməkdir”. Cavab verdi ki “eto ot slova duyet”. Sonra ona dedim ki, o zaman belə çıxır ki, bu, rusların alətidir, mən ermənicə mənasını soruşuram. O da mənə dedi ki,  hər sözün etimoloji açıqlaması olmur”. 

 

Balaban bir sıra ədəbi mənbələrdə, klassik şairlər tərəfindən vəsf edilib. XI əsrdə yaşamış klassik Azərbaycan şairi Qətran Təbrizi divanının  bir neçə yerində balabanın adını çəkib. Azərbaycanın dahi musiqişünası Ədbülqadir Marağalı əsərlərində balabanın adına rast gəlinir. Bu cür mənbələr başqa heç bir xalqda yoxdur.

 

O dövrün balaban ifaçılarının adı təəssüf ki, dövrümüzə gəlib çıxmayıb. XVI əsrdə yaşamış azərbaycanlı şair, tarixçi İskəndər Munşi öz əsərlərində Ustad Əsəd Surnayi, Hüseyn Surnayi, Şahməhəmməd Surnayi kimi zurna ifaçılarının adını qeyd edir. Zurna çalanların ilkin öyrəndiyi alət isə balaban olurmuş. Deməli onları həm də balaban ifaçıları saymaq olar.

 

Balabanın Azərbaycan milli musiqi aləti olmasına dair daha bir sübut isə rusiyalı rəssam Qriqoriy Qriqoriviç Qaqarinin rəsm əsəridir. Əsərdə XIX əsrin ortalarında Şamaxıda fəaliyyət göstərən Mahmud Ağanın məclisləri əks olunub və o məclisdə Mahmud Ağanın ən çox sevdiyi balaban ifaçısı Murad Mirzalıoğlu təsvir olunur.

 

Azərbaycanın böyük şairi Rəsul Rzanın 12 noyabr 1937-ci il  tarixli “Ədəbiyyat” qəzetində çap olunan bu misralarını yada salmamaq qəbahət olar: 

Könüllər nəşəli, ürəklər sərin,

Bülbül kimi ötür, şirin dillərin, 

Bizeni, Motsartı sevən illərin, 

Yastı balabanı, tarı bol olsun.

 

Ötən əsrin 30-cu illərində insanlarımızla yanaşı, çalğı alətlərimizə qarşı bir etiraz dalğası vardı. Daha çox  Qərb musiqisinin, Qərb alətlərinin tədrisi tövsiyə olunurdu. Amma bu misralarda öz milli musiqimizi unutmamağın vacibliyi qeyd olunur ki, bu da hər şeydən əvvəl, həm də ədəbi fakt kimi önəmlidir. Azərbaycanda ilk xalq çalğı alətləri orkestri dahi Üzeyir bəy Hacıbəylinin təşəbbüsü ilə 1931-ci ildən yaradılıb və 1932-ci ildən fəaliyyətə başlayıb. Həmin dövrdə ifaçıların not oxumaq üçün savadları olmayıb. Üzeyir bəy bu səbəbdən hər alət üçün ayrıca dərsliyin hazırlanmasını tövsiyə edib.

 

Nəfəs alətləri ifaçısı Saleh Əbdüləlimov da balaban aləti ilə bağlı dərslik hazırlayır. Sözügedən dərsliyin redaktoru da Üzeyir bəyin özü olur. Həmin dövrdə bizim dərsliklər Moskvada, xüsusi razılıq əsasında çap olunurdu. Moskvadan cavab gəlir ki, bu dərslik “Şkola dlya duduka” adı altında çap edilməlidir. Üzeyir bəy də  qeyd edir ki, bizim xalq bu alətə heç vaxt duduk deməyib və odur ki, xalqın heysiyyətinə toxunmayın. Əgər belədirsə, bizə bu adda dərslik lazım deyil. Həmin səbəbdən bu dərslik çap olunmur. Sözügedən dərslik son illərə qədər əlyazma şəklində Hüseyn Cavidin ev muzeyində saxlanılıb.

 

Sevindirici hal odur ki, dərslik bu yaxınlarda çap olundu. Bu gün Azərbaycan Milli Konservatoriyasında və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində balaban sinfi fəaliyyət göstərir. Sovet dönəmində balaban yalnız texnikum səviyyəsində tədris olunub ki, bunun da səbəbi gözəgörünməz əllərin çalğı alətimizə göstərdiyi təzyiq idi.

 

Üzeyir bəy bilirdi ki, milli nəfəs alətləri bir-biri ilə qohumdur. Saleh Əbdüləlimov da ixtisasca klarnet ifaçısı olub. Bu alətin öz inkişaf mərhələsinə çatması üçün dərsliyin çox böyük önəmi var. Bu yöndə də o balabanın inkişaf etməsi üçün işıq ucu tutub. Yəqin ki nəşrlə bağlı problemlərdən dolayı Ərtoğrul Cavidə verilib və bu fakt bizə Hüseyn Cavidin ev muzeyində məlum olub. Son illər isə dərslik Nazirlər Kabinetinin göstərişi ilə nəşr olunub və redaksiya heyətində mən də varam. 

 

Azərbaycan milli nəfəs alətlərinin tanınmış ifaçısı İlham Nəcəfov deyib ki, son illər balaban beynəlxalq arenalarda həzinliyi ilə səsimizi dünyaya çatdırır: “İstər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə, istərsə də digər ölkələrdə baş tutan konsert və müsabiqələrdə Azərbaycan balaban ifaçılarına yer verilir. Gənclərimiz balaban alətində qüsursuz ifaları ilə ən yüksək yerlərə layiq görülərək, əvəzsiz Azərbaycan musiqi səltənətinin özünəməxsusluğunu və ucalığını bütün dünya xalqlarına nümayiş etdirirlər”.

 

Balaban musiqi aləti ərik, qoz, tut və ya armud ağacından hazırlanır. Uzunluğu 28-30 santimetr olur və üzərində səkkiz dəlik açılır. Balabana qarğıdan hazırlanmış müştük taxılır və alətin səsi onun üzərinə keçirilmiş qısqac vasitəsilə nizamlanır. Ağsulu yastı balaban ustası Əli Kərimov çağdaş Azərbaycan zurna-balaban məktəbinin yaradıcısı hesab olunur.

 

Balaban alətinin düzəldilməsi prosesini Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının emalatxanasında çalışan və uzun illər bu işin peşəkarı olan usta Sifadə Nərimanov nümayiş etdirir. Alətin düzəldilməsi prosesində tokar dəzgahından istifadə olunur.

 

Usta ağacı balaban formasına saldıqdan və qamışı oturtduqdan sonra musiqi alətində dəliklər açılır.

 

Hazır gövdənin üst hissəsində səkkiz, alt hissəsində bir oyuq olur. İfa zamanı hər iki əlin barmaqları ilə oyuqlar açılıb-bağlanır. Balabanın baş hissəsinə qarğıdan xüsusi ölçüdə sıxılaraq yastılanmış müştük taxılır. Ona görə bəzi hallarda bu alətə "yastı balaban" da deyilir. Müştüyün üzərinə keçirilmiş qısqacın vasitəsi ilə alətin səs ucalığı və kökü nizamlanır. Balabanın keyfiyyəti onun materiallarının qurudulmasından asılıdır. Ağac nə qədər mükəmməl qurudularsa, alət o qədər keyfiyyətli alınar. Qurudulma zamanı materiallar çatlamamalıdır, buna görə ağaca əlif yağı vurulur. Balaban istehsalında üzüm tənəyindən hazırlanan sıxacın xüsusi rolu var. Sıxac tənzimləyici rolunu yerinə yetirir, alətin köklənməsinə və balabanın baş hissəsinin genişlənməməsinə yardım edir. Sıxacı aşağı çəkməklə, alətin səsini dəyişdirmək və kökləmək mümkündür. Hər musiqiçi balabanı öz üsulu ilə kökləyir. Kökləmə ya nəfəslə, ya sıxacla həyata keçirilir.

 

Balabanın səs diapazonu kiçik oktavanın "sol" səsindən ikinci oktavanın "re" səsinə kimidir. Çalğıçının ustalığından asılı olaraq, bir neçə səs artırıla bilər. Balabanın ən savadlı və mahir ifaçıları ruhları muğamla yoğrulmuş azərbaycanlılardır.

 

Azərbaycanda bu alətin yarandığı gündən etibarən çoxsaylı və mükəmməl ifaçıları olub. Bu gün Şirzad Fətəliyev, Əlixan Səmədov, Rəfael Əsgərov bir çox ölkələrdə Azərbaycanın balaban səsini ucaldırlar. Balaban həm də gənc nəslin sevimli və vazkeçilməz musiqi alətidir. Peşəkar gənclərin istər solo, istər qrup halında çıxışı isə insanın ruhunu oxşayır. 

 

Azərbaycanın mahir balaban ifaçısı, əməkdar artist Şirzad Fətəliyev deyir ki, balaban onun həyatıdır: “Balaban deyəndə ilk olaraq bizim soyumuz, kökümüz yada düşür, bu, Azərbaycan musiqisinin söykəndiyi dirəklərdən olan musiqi alətimizdir. Mənim çox sevdiyim alətdir, ona görə ki, mən gözümü açıb bu alətin səsi ilə böyümüşəm. Balabanı çox sevirəm və həyatımı bu alətə bağlamışam. Bizim körpəliyimiz balaban iniltisinin sədaları ilə keçib. Atam ustad Əli Kərimovun tələbəsi olub və balabanı ondan öyrənib. Evimizdən həmişə balaban səsi gəlib”.   

 

Ermənilər Azərbaycanın bir çox milli mədəniyyət nümunələri kimi balabanı da hədəfə alıblar. Onların apardığı saxta təbliğatın nəticəsidir ki, dünyada balaban bəzən erməni düdüyü kimi tanınır.

 

Balaban səsi insan səsinə yaxın səs kimi qeyd edilir. İnsanın daxilindəki iniltisinin, kədərinin səsidir sanki. Bu alətdə ermənilərin "bizimkidir" deyə bağırdıqları, təqdim etdikləri  “Sarı gəlin”, “Gözəlim sənsən”, “Sən gəlməz oldun” və digər Azərbaycan musiqilərinin hər bir notu bizim kökümüzdən xəbər verir. Balaban alətinin 2 və 5-ci dəlikləri "Segah" pərdəsi, 7-ci dəliyi isə "Mahur" pərdəsi adlanır. Bu bölgü yalnız Azərbaycanın milli musiqi aləti balabana xasdır. 

 

“Bu alətin adı balabandır. Balabanın ifasında da istənilən musiqidə bu bilinir” -  deyir Şirzad Fətəliyev.

 

...Musiqi insan duyğularını ifadə edən ən qədim sənət növüdür. O bütün sərhədləri maneəsiz aşır. İfaçı ilə musiqi alətinin  birgə möcüzəsi milliyyətindən, dilindən, dinindən asılı olmayaraq bütün dinləyənləri öz sehrinə salır. Balaban, bu mənada ən ön sıralarda duran və yalnız bizə məxsus olan milli musiqi alətlərimizdəndir.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT