Qürur dinləməyə və cavab verməyə mane olmamalıdır
12:26 – 27 Sentyabr, 2016

Sevda Sultanova:  

 

Qüruru çox vaxt ləyaqətlə eyniləşdirirlər. Məncə, bu, fərqli anlayışlardır. Ləyaqət daha dərin hissdir, bəşəridir. Qürur isə lakonikdir. O mənada ki, qürur eqoizmdən doğur və daha çox özünü qiymətləndirmədir, ləyaqət isə həm də başqalarına, başqalarının dəyərlərinə hörmət hissidir. 

Krişnaidlərə görə, qürur saxta hissdir. Yəni  qürur bizə bəzən mane olur ki, səhvimi boynumuza alaq, üzr istəyək, yardım istəməli olduğumuz məqamda kimdənsə yardım istəyək. 

Ona görə qürur fikrimcə, daha kiçik hissdir.

 

İlqar Rəsul:

 

Qürur müsbət çalarlı emosiyadır. İnsanda özünəhörmət, şəxsi ləyaqət hissinin göstəricisidir. Qürurun təminatçısı inam,  iradə, cəsarət, özünə güvən, psixoloji üstünlük, bilik, müdriklik, təcrübə və həyat üçün əhəmiyyətli olan bir sıra başqa amillər dayanır. Qürura oxşar terminlərdən şərəf, qürrə, iftixarı misal göstərmək olar. Ancaq qürurlu olmaq heç də həmişə insana xeyir, şərəf gətirməz. Qürur yalnız yerində nümayiş etdiriləndə müsbət emosiya sayılır.   

İncilə görə qürur, yaxud qürrə özün haqda yüksək fikirdə olmaq, özünü şişirtməkdir və bu, ətrafdakılara özündən əskik hesab etmək duyğuları yaradır adamda. Bu, Allaha xoş olmayan, ona itaətsizlik əlamətidir.

İncil qüruru günah adlandırır: Qürur Allahdan deyil və yaradan nifrət edir ona.

İslamda da qürur haqda bu kimi fikirlər az deyil. Ancaq mən belə başa düşürəm ki, dinlər "qürur" deyəndə əsasən qürrələnməyi, təkəbbürü nəzərdə tuturlar. Halbuki biz qürur deyəndə, məsələn, "Babək" filmində Babəkin xəlifə qarşısında necə şax dayandığını, edama necə məğrur getdiyini - yəni qürurunun sındırılmasına imkan vermədiyi xatırlayırıq.  

Qürurun təbbi, qazanılan və təsadüfi qaynaqları var.

Təbii qaynaqlar - dərk edən, gözəl, cəsur olmaq.  

Qazanılan qaynaqlar - bilgilər, müdriklik, usta olmaq.

Təsadüfi qaynaqlar - sərvət, şöhrət, vəzifə və s.

Bundan başqa iradə, mənəvi rahatlıq və s. də var ki, bunları ruhi qaynaqlar da adlandırmaq olar.

 

Qürurlu olun. Amma onu düzgün zamanında və yerində istifadə edin. Çalışın qürurunuz daha çox qürurunuz təsadüfi qaynaqlara söykənməsin.   

 

Qürur

 

 Qürur insan üçün bir qalxan rolunu oynayır. Belə ki, insan qırıldığında, incidiyində qürurunu ortaya atar və beləliklə sanki qalxanının arxasına keçmiş, atılan oxlara qarşı tədbir görmüş olur. Əlbəttə ki, qürurun gərəkli olduğu situasiyalar vardır. Ancaq yaşanan hadisənin qüruru gərəkli edib etmədiyinə hər iki tərəfin baxış bucağını dəyərləndirdikdən sonra qərar vermək lazımdır. Bununla yanaşı münasibətlərimizdən gözləntilərimiz real olmalıdır. Və bu münasibət irəlilədikcə, ciddiləşdikcə insan qarşısındakına getdikcə daha da artan, yüksələn tələblər yükləyə bilər. Bu halda bir tərəf digər tərəfin ilk düşüncəsiz davranışında ondan inciyər və yenə qürur edərək qabığına çəkilər. Bu da tərəflər arasına böyük bir məsafə yaradar. Unutmayaq ki, dinləyib anlamağa çalışmadan, qürurun dövrəyə girməsi münasibətlərin qopmasına səbəb ola bilər. Bu səbəblərdən dolayı münasibətimizə daha real yanaşmalı, anlamağa çalışmalı və arada yaşanan xoşagəlməz hadisələr zamanı isə fikrimizi düzgün sözcükləri seçərək ifadə etməliyik.

 

 

Tam olaraq APA.TV- də izləyin.

 

X

XƏBƏRLƏR
BÖYÜT