Ən eqoist insanlar uşaqlardır
15:07 – 25 Oktyabr, 2016

APA.TV-nin "Motivasiya" verilişində bu dəfə eqoizmdən danışılıb. 

 

 

Cavid Zeynallı

 

Eqoist insan üçün yeganə meyar öz mənafeyidir. Onun üçün ətrafdakı insanlar, cəmiyyət qətiyyən maraqlı deyil.

 

Eqoizm iki yerə ayrılır: rasional və irrasional. Rasionalizm ağıla, irrasionalizm isə təcrübəyə önəm verir. Yəni rasional eqoizm şüurlu, irrasional eqoizm instinktiv eqoizmdir. İnsanlar həmişə eqoizmə pis baxıblar, çünki sürü hissi, qəbilə qanunları, ibtidai icma dövründən qalan qanunlar bunu təlqin edib.

 

Eqoistləri başqa bir ikiliyə də ayırmaq olar. Bir var şüurlu eqoist, bir də var şüursuz. Məsələn, şurlu eqoist xoşbəxt və dincdir, meyarı reallıqdır, özünə güvənir və hörmət edir.

 

Şüursuz eqoist isə həmişə “başqalarını” günahlandırır. Mühakimə etməkdən və mühakimə olunmaqdan qaçır. Həmişə narahatdır. Onun aləmində dürüstlük axmaqlıqdır.

 

İngilis filosofu Bekon eqoizmdən danışarkən onu bir cümlə ilə izah edir. "Sənin evin yansa da olar, təki mənim yumurtam bişsin". Mənə görə, bu cümlə eqoizmin şüarıdır.

 

Eqoist olmayan insan yoxdur. Amma eqoizmin normadan çox olması artıq xəstəlikdir.

 

Sevda Sultanova:

 

Mövzu ilə bağlı araşdırma edəndə eqoizmiə konkret tərifin verilməsi ilə rastlaşdım. Yəni eqoist öz şəxsi mənafeyini hamıdan üstün tutan adamdır.  Eqoizm də o hisslərdəndir ki, onun haqqında birmənalı danışmaq çətindir. Bu, eqozimin harada, hansı vəziyyətdə ortaya çıxmasının doğru olub-olmaması ilə bağlıdır. Əgər eqoizm vəziyyətə uyğun deyilsə, onda o, etik-əxlaqi problemə çevrilir. Məsələn, kimsə öz mənafeyinə görə, başqalarının mənafeyini, şəxsiyyətini tapdalayır.

Eqosentrizm deyilən anlayış var, onu bəzən eqoizmlə eyniləşdirirlər. Halbuki, aralarında müəyyən fərq olan məfhumlardlr. Eqsosentrizmin mərkəzində ideya, konsepsiya dayanır. Yəni eqosentrik adamlar yalnız öz dünyagörüşünü,  ideyalarını əhəmiyyətli sayır, digər fikirləri qəbul eləmirlər. İncəsənətdə bunun nümunələrindən biri Tarkovskidir.

 

 

İlqar Rəsul

 

Eqoizm bizi idarə edən fiziki gücdür.

Eqoizim bizi hərəkətə gətirən gücdür. Hərəni bir sürətdə hərəkət etdirir. İnsanlarım müxtəlifliyi də burada nəzərə alınmalıdır. Hətta başqasına kömək etməyin mahiyyətində də eqoizm gizlənir.

 

Mütəxəssislər eqoizmi "zərərli və xeyirli", "təbii və qazanılmış",  "aqressiv və instiktiv" kateqoriyalara da bölürlər.  Kütləvi eqoizmdə var və bu mahiyyət etibarı ilə ictimaiyyət, cəmiyyət əleyhinə, hətta şovinizmə qədər gedib çatır. 

 

Bütün hallarda eqoizm özünün gücündən və xarici formasından asılıdır. Hamısının mahiyyətində yalnız bir məqsəd dayanır. Özünü rahatlamaq, zövq almaq. Başqalarının narahatlığı üzərində rahatlanan adamı eqoist adlandırırlar. Amma əgər insan başqalarını narahat etmədən rahatlanır, öz güzəranını yaxşılaşdırırsa, bunu artıq eqoizm adlandırmırlar, adi insan davranışı, özəlliyi  kimi qəbul edirlər. Bu səhv yanaşmadır əslində. O da eqoizmdir. Amma ziyansız eqoizm.

Dövrlərdən də çox şey asılıdır. Qədim dövrlərdə insanı küçədə əzmək adi hal sayılırdı. Amma indi eqoizmdir. Cəzası da var. Yəni dövrdən və yanaşmadan asılı olaraq eqoizmin mahiyyəti, dərəcəsi də dəyişir.

Əslində bütün insanlar eqoistdirlər. Ancaq bunun dərəcələri var. Mütəxəssislərin fikrincə ən yüksək dərəcə yeni doğulan uşaqlarda, azyaşlılardadır. Onlar ümumiyyətlə özlərindən başqa kimsəni düşünmürlər. Sanki ətrafda onlardan başqa heç kim yoxdur. Hər şey onların olmalıdır.

 

Eqoizm bütün əzabların əsas, yeganə və ən dərin səbəbidir. Fərdi, ailə problemlərindən tutmuş, millətlərarası problemlərə qədər hamısının səbəbi, səbəblərin səbəbidir eqoizm.

 

Həqiqi mən və yalan mən var. Əgər özünüzü düz qiymətləndirsəniz, uğur qazanacaqsınız.

Kimliyini mənindən müəyyən edəcəksən və irəliləyəcəksən. Amma yalan mənindən yox, gerçək məndən. Əks halda səhv istiqamətə gedəcəksən.

 

Gülnarə İnanc - psixoloq

 

Əslində özünü sevmək müsbət keyfiyyətdir. Ancaq bu sevgi əndazəni keçməməlidir. Hər şey kimi özünü sevmək də ifrat dərəcəyə varanda fəsad yaradır. Əgər insan bu həddi keçirsə, və bilirsə ki, o artıq eqoizmin zərərli həddindədir, onunla mübarizə aparmalıdır. Ancaq bu mübarizə, eqoizmlə savaşmaqdan ibarət olmamalıdır. Əksinə, sən özünü sevməkdə davam edəcəksən, "mən yaxşıyam, mən gözələm, mən bacarıqlıyam, amma başqaları da yaxşıdır, gözəldir, bacarıqlıdır. Heç kim məndən artıq deyil, amma mən də kimsədən artıq deyiləm", deyəcəksən və belə yaşayacaqsan. Bu halda insan ona zərər gətirən eqoizmdən tədricən xilas ola bilər. 

 

 

 

Tam olaraq APA.TV-nin "Motivasiya" verilişində izləyin. 

X

XƏBƏRLƏR
BÖYÜT