Valideynlə yeniyetmə arasındakı uçurum...
17:52 – 30 Oktyabr, 2013

Əjdər Ağayev: “Mədəniyyətin inkişafı insan əxlaqına ziyan vurur”

 

“Atalar və oğullar problemi bütün zamanlarda olub. Bunun da kökü ondadır ki, hər kəs öz zamanının övladıdır. Valideynlərin dünyaya gəlməsi, böyüməsi, müəyyən yaşa çatması, valideyn olmasına qədər zaman çox dəyişir, yenilənir. Övladlar irəli can atırlar, atalar onları öz zamanlarında olduğu kimi saxlamaq istəyirlər”. Bu fikirləri APA TV-də “Mizan” verilişinin qonağı olan Təhsil Şurasını sədri Əjdər Ağayev deyib.

 

Qonaq yaşlı nəsillə gənc nəsil arasında ziddiyyətli baxışların səbəblərinə toxunub: “XX əsrdə maarifçilik genişləndi. Artıq XIX əsrdə olduğu kimi, papaqçı ata oğlunun da papaqçı olmasını istəmirdi. XXI əsrdə maariflənmə daha çoxdur, amma kapitalist münasibətləri buna bir qədər maneə törədir. Müəyyən qurum daxilində təhsil arxasınca düşənlər də var. Odur ki, valideynlə övlad arasında iqtisadi çətinliklərdən doğan problemlər yaranır. Kompüter əsridir, övlad daha çox məlumatlıdır, ata ilə onun dünyagörüşündə ziddiyyətlər yaranır.”

 

 

“Artıq 22 ildir ki, Azərbaycan sosialist mühitindən çıxıb. Sovet sistemində hər millətin öz dəyərlər sistemi vardı. Azərbaycan da öz dəyərlər sistemində rahat idarə olunurdu. Ailədə pillələr dəyişməz, bölünməz şəkildə bir-birini əvəz edirdi. Atanın, ananın, babanın, nənənin, əminin, dayının, bir sözlə, hamının öz yeri vardı” - deyən psixoloq Tariyel Faziloğlu problem barədə fikrini bildirib. Psixoloq belə hesab edir ki, klassik Azərbaycan ailə modelində baş verən dəyişiklik cəmiyyətdə öz əksini tapır: “Azərbaycanın dəyərlər sisteminin kökündə klassik ailə modelimiz dururdu. O model bu günkü modern ailə modelindən çox fərqlidir. Klassik ailə modelində ailə yalnız ata-ana, övladlar deyildi, baba, nənə, nəvəyə qədər ailə sayılırdı. Oradakı münasibətlər fiziki münasibətlərdən daha yuxarıda dururdu - insani münasibət. Birdən-birə bütün dünyaya açılmaq, geniş informasiya məkanına çıxmaq, buna hazırlıqsız insanları informasiya seli ilə üz-üzə qoydu. Bu, cəmiyyətdə şaşqınlıq yarandı. Bütün sosial münasibətlər darmadağın oldu. Elə bil bina dağıldı, yerində yeni bina tikintisi başlandı. Bütün dəyərlər sistemi, eləcə də ailə dəyərləri alt-üst oldu”.

 

Tariyel Faziloğlu yeniyetmələrdə də psixoloji dəyişiklik olduğunu deyib: “Yeniyetmələrdə emosional davranış rasional davranışı üstələyir. İstənilən hadisələrə emosional reaksiya verir, çünki özündən asılı olmur. 20 il əvvəl yeniyetmə qızlar ev işlərinə meylli idilər, oğlanlar isə kişi işlərinə baş qoşmağa başlayırdılar. İndi yeniyetmə oğlan böyüdüyünü bildirmək üçün cinsi münasibətə cəhd edir. 20 il bundan əvvəl qızla oğlan küçədə gedəndə hamı onların dost, yoldaş, bacı-qardaş olduğunu düşünürdü. Onları sevgili hesab etmək üçün xüsusi göstərici olmalı idi. Bu gün bacı-qardaş küçədə gedəndə hamı onları sevgili hesab edir. İnsanların münasibəti sosial münasibətdən fiziki münasibətə tərəf geriləyib. Bu da valideyn yeniyetmə arasındakı ziddiyyətlərə gətirib çıxarır. Dəyərlər sistemi genetik kodlaşdırmadır, onu istəsən də dəyişə bilməzsən. Eroziyaya uğrayar, amma məhv olmaz. 80-ci illərdə Türkiyədə iki qanun qəbul olundu. Birinci mənəviyyat dərsləri keçilməyə başlandı, 1-ci sinifdən axıra qədər. İkinci qanunla kütləvi informasiya vasitələrində erotik və zor tərkibli informasiyaların getməsinə qadağa qoyuldu. Bu iki qanun Türkiyədə eroziyaya uğrayan dəyərləri bərpa etməsinə şərait yaratdı”.

 

Əjdər Ağayev cəmiyyətdə baş verənləri əslində inkişafın əlaməti olduğunu deyib: “Hamı belə hesab edirdi ki, mədəniyyətin inkişafı insanı yüksəldir. Lakin  ilk dəfə Jan Jak Russo sübut etdi ki, mədəniyyətin inkişafı insan əxlaqına ziyan vurur. Bu gün bizdə də mədəniyyət çox sürətlə inkişaf edir”.

 

X

XƏBƏRLƏR
BÖYÜT