Baloğlan Əşrəfov: “Dostlarımın çoxu elə bilirdi ki, öləcəyəm və çox xoşagəlməz hərəkətlər etmişdilər”
15:50 – 03 Noyabr, 2013

 

 

“Müğənnilər haqqında “bozbaş müğənni” ifadəsi işlətmək olmaz”

 

“Mən öz üslubu, dəsti-xətti olan, mahnıları ilə milyonların zövqünü oxşaya bilən Azərbaycan ziyalısıyam. Mahnılarım çoxlarına dərman kimi təsir də edir”. Bu fikirləri APA TV-də efirə gedən “Sözaltı”  verilişinin qonağı əməkdar artist Baloğlan Əşrəfov deyib.

 

Uşaqlıqdan musiqiyə həvəsi olan müğənni sənətə necə gəldiyindən danışıb: “Evin tək uşağı olmuşam. Atam məktəb direktoru idi. Maddi problemlərim olmayıb. Musiqi dərsləri alırdım. Sonralar kənd məktəbində bu dərsləri mən təşkil edirdim. Özüm də oxuyanda dedilər ki, səsin də var. Masallıda mənsiz konsert keçməzdi. Mən yaxın rayonlara qastrola gedirdim. Konsert müğənnisi idim. Bakıdan gələn tanınmış müğənnilərlə də səhnəyə çıxırdım. Universitetə də qəbul olmuşdum, filologiya fakültəsində oxuyurdum. Bir dəfə yaxın dostumun toyunda məni görüb toya dəvət elədilər. Gəldim, ata-anama dedim ki, toy müğənnisi olmaq istəmirəm. Onlar heç nə demədilər. Amma dostlar məcbur edirdilər. Beləliklə, toylara getməyə başladım. Hiss elədim ki, xalqa lazımam. Əvvəllər bir həftə, bir ay qabaqdan toy sifarişləri gəlirdi. Sonra bir il əvvəldən toya dəvət edirdilər. Bəzən gələnlərə deyirdim ki, mənim  bu il boş günüm yoxdur. Elə olurdu ki, mənə görə toyu başqa ilə, günə keçirirdilər”.

 

Baloğlan Əşrəfov sənətə marağı ola-ola niyə filologiya fakültəsini seçməyini belə izah edib: “Mən orta məktəbdə yaxşı oxuyurdum, ədəbiyyatı da yaxşı bilirdim. Ona görə ali məktəbə girmişdim. O vaxt ali təhsil almaq mahnı oxumaqdan vacib idi. Ali təhsilimin mənə ziyanı olmadı. Qəzəlləri gözəl öyrəndim”.

 

“Müğənni özü öz səsi haqda qərar çıxarmaz”, - deyən qonaq səsinin Allah vergisi olduğunu iddia edir: “Mənə deyirlər ki, səsin şirindir. Bu, yəqin ki, Tanrının istəyidir. İnsana hər şeyi o verir. Allah belə eləyib ki, mən digərlərindən fərqlənim. Mən oxuduğumu yaşayıram. Səsimdə bir az da Şərq koloriti var”.

 

Baloğlan Əşrəfov Sərdar Ortacın onun mahnısını hər konsertdə ifa etdiyini deyib: “Mənə Türkiyədə xəstəxanada dedilər ki, Sərdar Ortac sizi görmək istəyir. Mühafizəçilər qoymadılar. Sonra onun nümayəndələri ilə danışdıq. Mənə dedilər ki, Sərdar bir mahnımı oxumaq istəyir, dedim, oxusun, qurbandır. O da oxudu.  "Nədəndir" mahnısını mən iki variantda oxumuşdum. O köhnə variantı tapmışdı. Mən onu Şəhriyar adına Mədəniyyət Evində konsertdə oxumuşdum. Sərdar Ortac mahnıya klip də çəkdirdi. İndi hər konsertdə oxuyur. Özü də hər dəfə mənə salam göndərir və sonra oxuyur”.

 

Müğənni qalmaqallarla ad çıxaran şou nümayəndələri kimi ola bilmədiyini deyib: “Allah insanı yaradanda onun hər şeyini özü verir. Çörəyini də, ruzisini də, görkəmini də. Elə müğənnilərimiz var ki, onlara həqiqətən hörmət edirəm. Amma elə işlər görür, elə hərəkətlər edirlər ki, mənim başımı kəssələr də, elə etmərəm. Yəni, o məndə alınmaz. Atlanıb, düşürlər, şər atırlar, ailə-məişət məsələlərindən danışırlar. Belə olmaz. Azərbaycanda elə müğənni tanıyıram ki, dava-dalaşla o qədər məşğuldur ki, mən onun nə vaxt, harada, nə oxuduğunu görməmişəm, bilmirəm”.

 

Toyda oxumağın daha çətin olduğunu deyən müğənni müasir toy müğənnilərinə də iradını bildirib: “Toy ictimai hadisədir. Hamı ailə qurur, övladına məclis edir. Toy müğənnisi sözü haradan çıxıb, bilmirəm. Kim ixtiyar verib ki, müğənni toyda ağzına gələni oxusun? Mən konsertdən çıxıb, toya gələn müğənni olmuşam. Konsertdə nəyi necə ifa eləmişəmsə, toyda da elə oxuyuram. Konsert və verilişdə oxumaq asandır. Toyda 300 nəfər arasında heç kimi seçmək olmaz. Orada səni sevən də var, sevməyən də. Amma konsertdə səni dinləyənlər ancaq səni sevən adamlardır. Verilişə də istəyən baxır, istəməyən baxmır. Amma toy çətindir. Məclisi ələ almaq lazımdır. Toy çox böyük məktəbdir. İndikilər bir kasetlə bu toydan o toya, o toydan bu toya gedirlər. Mən toya ansamblla gedirəm. Bir mahnını ikinci dəfə oxumuram. 50 mahnı da oxusan, gərək təkrar olmasın. Toy sahibi sabah toyuna baxanda deməsin ki, bu bir toyda mahnıların hamısını eyni oxuyub”.

 

Baloğlan Əşrəfov son vaxtlar tez-tez işlənən “bozbaş müğənni” ifadəsinə də fikrini bildirib: “Bozbaş nədir ki? Donuz salatı, ya başqa bir iyrənc yeməkdir? Müğənnilər haqqında “bozbaş müğənni” ifadəsi işlətmək olmaz. Bu, ermənilərin öz adlarına çıxdığı milli yeməyimiz bozbaşı Azərbaycan xalqının gözündən salmaqdır. Ermənilər bu sözü xalqın gözündən salıb özəlləşdirmək istəyirlər”.

 

“Ada layiq olan sənətçi ad almalıdır”, - deyən müğənni sənət adamlarının fəxri ad almaq həvəsindən də danışıb: “İndi bir çoxları fəxri adlarla bağlı insafsızlıq edirlər. Elə bir konsert, teatr salonu yoxdur ki, mən orada konsert verməyim. Ayda üç dəfə sarayda konsertlər verirdim. Sirkdə, Filarmoniyada konsertlərim olub. İslam Rzayevlə Azərbaycanın hər yerini qarış-qarış gəzmişəm. Zaqatalada bir gündə dörd konsert verdim. Xalqın sevgisini qazanan adamlar bu ada layiq görülməlidir. İndi iki-üç mahnı oxuyanlar gəlib saxtakarlıqla ad almaq istəyirlər. Ada layiq olan adamlar onu almalıdırlar. Məni Azərbaycanın hər ailəsində tanıyırlar. Mən xəstələnəndə ayrı - ayrı rayonlarda mənə görə 71 qurban kəsdilər. Bu mənim insan, müğənni olaraq qazandıqlarımdır. Bir konsertdə iki mahnı oxumaqla ad istəmək olmaz”.

 

Səhhəti ilə bağlı ağır günlər keçirən müğənni dar gündə dost hesab etdiklərini də sınayıb: “Ciyərimi dəyişdirdikdən sonra səsimi də bərpa elədim. Dostlarımı saf çürük elədim. Onların bir çoxu elə bilirdi ki, mən öləcəyəm. Və çox xoş olmayan şeylər etmişdilər. İndi mən onların üzlərinə baxa bilirəm, amma onlar başlarını aşağı dikirlər. Bu  günə qədər birinin də üzünə vurub deməmişəm ki, niyə elə elədin?”

 

Baloğlan Əşrəfov bəzi kişi müğənnilərin şit davranışını pisləyib: “Gözümü açandan atamı görmüşəm. O ailəsini dolandırıb, öz ata-anasına hörmət edib. Kənddə seçilib, şit adam olmayıb, şəxsiyyətli olub. Buna görə onu həmişə sevib, hörmət eləyiblər. Müğənni olanda nə olar, gərək özünü elə aparasan ki, xalq sənə hörmət eləsin. Yoxsa elə kişi müğənnilər var ki, ona söz atıb ələ salırlar. Kişi özünə nüfuz qazanmalıdır. Mən kimə elçi getsəm, cavabı müsbət olar. Amma elə adamlar var ki, onu evin kandarına da qoymazlar”.

X

XƏBƏRLƏR
BÖYÜT