Müğənni Cavad Rəcəbov: “Dəvət etsələr, “Eurovision” müsabiqəsində iştirak edə bilərəm”
16:02 – 03 Noyabr, 2013

 

 

“Azərbaycanda ilk dəfə “fonoqram minus”u mən yaratmışam”

 

 “Mənim haqqımda danışanda insanlar “bizim Cavad” deyirlərsə, deməli, mən varam”. Bu fikirləri APA TV-də yayımlanan “Sözaltı” proqramının qonağı Cavad Rəcəbov deyib.

 

İlk dəfə "Nur" instrumental ansamblı ilə birlikdə AzTV-də efirə çıxdığını deyən müğənni bunu təsadüf hesab etmir: “Efirə təsadüfi gələnlər çoxdur. Mən onlardan deyiləm. 1963-cü ildən sənətdəyəm. Düz 51 ildir. Hələ də sevilirəm. Deməli, sənətim var”.

 

Kiçik yaşda atasını itirən Cavad Rəcəbov kədərli uşaqlıq xatirələrini bölüşüb: “Çox əziyyət çəkmişəm. Atam öləndə mənim 4, bacımın 2 yaşı vardı. Anam bizi tək böyüdüb, əziyyətlə. Bizim cənub bölgəsində bir adət var. Ata öləndə uşaqlar çox kiçikdirsə, onları atanın tabutu altından üç dəfə keçirirlər. Atamla bağlı yadımda qalan təkcə budur. Bacımla məni atamın tabutunun altından keçirdilər”.

 

Şərq musiqisinin mahir ifaçısı kimi tanınan müğənni kompüterin olmadığı vaxtda mahnıların necə yazılmasından danışıb: “Bizim musiqi Şərq musiqisidir. Mənim səsimdə hind, fars, ərəb musiqilərinin elementləri də var. Azərbaycanda ilk dəfə “fonoqram minus” deyilən şeyi mən yaratmışam. Onda kompüter-filan yox idi. Mən öz səsimi dünya musiqisinin üstünə yaza bilirdim. Nazim Abbasın bu haqda çəkdiyi film fonddadır. Mən Rac Kapurun, Ququşun orkestrinin ifa elədiyi fonoqramın üstünə öz səsimi yazırdım. İndi bunu etmək asandır, amma texniki imkanların məhdud olduğu vaxtda bu çətin idi. Belə şeylərin hesabına bəyənilmişəm. Ququşun "Ayrılıq" mahnısını Yaqub Zurufçudan qabaq mən oxumuşam. Lakin mən fonoqramı ona görə çıxarmadım ki, hər yerdə götürüb elə oxusunlar”.

 

Repertuarında hind mahnılarına geniş yer verən Cavad Rəcəbov Hindistanda olmadığını deyib: “Hindistanda olmamışam. Sovet dönəmində  Kommunist Partiyasının üzvü olmayanlar ölkədən çıxa bilməzdi. Amma 90-cı ildən gediş-gəliş sərbəstləşdi. Onda da o vaxtın məşhur hind müğənnisi Muhammad Rəfi artıq dünyasını dəyişmişdi. İndi arzum budur ki, gedim onun qəbrinə 20 metr qalmış dizin-dizin sürünüb torpağı öpüm. O elə bir müğənni olub”.

 

Cavad Rəcəbov bir çox mahnının ilk ifaçısı olduğunu deyib: “Bir dəfə efirdə Vasif Məhərrəmli mənim "Həsrətin oldum" mahnımı  yeni aranjemanda oxudu və sonra qeyd etdi ki, bu mahnını Məmmədbağır, Ağadadaş, sonra Qədir Məmmədov oxuyub. Efir başa çatandan sonra özünə zəng edib dedim ki, bu mahnını ilk dəfə 1988-ci ildə “Dan ulduzu” ansamblında mən oxumuşam.

Dedim, Məmmədbağır mənim tələbə yoldaşım olub, o, böyük sənətkardır. Amma o birilər mənim yanımda başını divara vurur. Bundan bir qədər sonra Lənkəranda toyda olanda Vasif yenə həmin mahnını ifa etməzdən əvvəl mikrofonu götürüb məndən mahnının halallığını istədi”.

 

Müğənni dəvət olarsa, “Eurovision” mahnı müsabiqəsində iştirak edə biləcəyini deyib: “Əgər lazım bilib dəvət eləsələr, məmnuniyyətlə qəbul edərəm. Mən bilən, orada yaş fərqi yoxdur. Amma ora layiq mahnı fikirləşmək lazımdır”.

 

Cavad Rəcəbov gəncliyində ailəsində baş verən söz-söhbətləri də xatırlayıb: “Mən xanımımı sevib ailə qurmuşam. Çox da zülm çəkmişəm. Onlar çox əsilli-nəsilli idilər. Mən məşhur olandan sonra evlənməyimizə razılıq verdilər. Əvvəllər sənətimə görə evdə qısqanclıq mübahisələri olurdu. Həmişə yoldaşıma deyirdilər ki, bəs müğənniyə ərə getdiyini bilmirdin? Ona zəng də edəcəklər, vurulacaqlar  da. Sən gərək ayaqlaşasan. Belə-belə hər şey düzəlirdi”.

 

Qonaq indi müğənni olmağın asanlığından da danışıb: “İndi texnika elə inkişaf edib ki, oxumağı bacarmayanlar da səsini düzəldib deyir ki, oxuyuram. Amma gəlib biri canlı oxusun, görüm necə oxuyur. Ya da toyda 6-7 saat oxusunlar”.

 

Cavad Rəcəbov musiqidən başqa heç bir işlə məşğul olmağı sevmir: “Mən kənar işlərlə məşğul olmuram. Kitab filan oxumamışam. Ancaq yazıb yaratmaqla məşğul olmuşam. Mən nə orta məktəbdə oxuyan olmuşam, nə də indi. Amma bütün dünya müğənniləri haqda danışa bilərəm”.

 

X

XƏBƏRLƏR
BÖYÜT