Taekvondo üzrə Qran-pri və Dünya Kuboku yarışları haqqında hər şey APA TV-də!
17:29 – 03 Dekabr, 2016

“Rio Yay Olimpiya Oyunlarından sonra komandaya istirahət verməmişik. Bakıda keçiriləcək yarışlara hazırlaşmışıq. Komandamız da turnirlərə hazırdır. Çalışacağıq ki, həm Qran-pridə, həm də Dünya Kubokunda nəticələrimizi təkrarlayaq”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Elnur Amanov deyib.

 

Bakı növbəti mötəbər idman tədbirini keçirməyə hazırlaşır. 5 gün ərzində dünya taekvondosunun diqqəti paytaxtımıza yönələcək. Dekabrın 9-10-da Qran-pri yarışlarının finalı, ayın 12-13-də komandalararası Dünya Kuboku Azərbaycanda təşkil olunacaq. 2 turnirin arasında – dekabrın 11-də isə ilin ən yaxşılarının adı Bakıdan açıqlanacaq. Bu yarışlara hazırlıq barədə danışan çalışdırıcı bildirib ki, təşkilatçılıqla bağlı hər şey qaydasındadır: “Sabahdan bəzi ölkələr Azərbaycana gəlməyə başlayacaq. Türkiyə və Cənubi Koreya milliləri məşqlərini burada davam etdirəcəklər. Bakıya gələcək qonaqlar arasında Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu, Avropa Taekvondo İttifaqının rəhbəri Atanasios Praqalos, həmçinin digər qitə konfederasiyalarının prezidentləri də olacaqlar”.

 

Amanov Qran-prinin finalında Azərbaycanı təmsil edəcək idmançıların adlarını da açıqlayıb. O bildirib ki, həlledici mərhələdə ölkəmiz 5 taekvondoçu ilə təmsil olunacaq: “Kişi idmançıların yarışında 58 kq çəki dərəcəsində ölkəmizin şərəfini Roman Samodurov qoruyacaq. Yeni idmançıdır, gəncdir, boyu hündürdür. Onun üçün bu yarışa qatılmaq yeni təcrübə olacaq. Məhəmməd Məmmədov çəkisini dəyişdiyi üçün bu çəki “boş” qalmışdı. Azərbaycan çempionatında fərqlənən 3-4 idmançını təlim-məşq toplanışına cəlb edib yoxladıqdan sonra belə qərar verdik. Onun nəticəsi bizim üçün önəmli deyil. Əsas odur ki, bir az təcrübə toplayıb, gələcəkdə özünü göstərsin. Digər çəkilərə gəlincə, 68 kiloqramda Ayxan Tağızadə, 80 kiloqramda Milad Beiqi Harçeqani və 80 kiloqramdan yuxarı çəkidə Radik İsayev bizi təmsil edəcək. Qadınlarda bir idmançı ilə mübarizə aparacağıq. 57 kiloqramda Yaprak Eriş  gücünü göstərməyə çalışacaq. Aparıcı idmançılarımız Fəridə Əzizova və Patimat Abakarova zədə səbəbindən həm bu yarışlarda, həm də Dünya Kubokunda iştirak etməyəcəklər”.

 

Yığmamızın taekvondoçusu Ayxan Tağızadə də yarışa hazırlıqdan danışıb. Qran-pridə və Dünya Kubokunda mübarizə aparacaq Avropa Oyunlarının qalibi bildirib ki, yarışların Bakıda olması məsuliyyətini artırır: “Bu səbəbdən də uğur üçün mən, eləcə də, komandamız əlimizdən gələni edəcəyik. Əsas rəqiblərim arasında koreyalı, rusiyalı, belçikalı idmançılar yer alır. Analiz etsək, hamısı güclüdür. Bakı-2015-də də məsuliyyət böyük idi. Əlimdən gələni edib, çempion oldum. Bu dəfə nə olacağını bilmirəm. Məşqlər davam edir, zədə də yoxdur. Yaxşı hazırlaşmışıq. Ötən il olduğu kimi bu dəfə də ən yaxşı döyüşlərimi göstərməyə çalışacağam”.

 

Millimizin üzvü Məhəmməd Məmmədov da istirahət üçün az vaxtlarının olduğunu deyib. Onun sözlərinə görə, yarışa tam hazırdır və komandamızın uğurlu pay sahibi olmaq arzusundadır.

 

Qran-pridə 8 çəki üzrə dünya reytinqinin 16 ən yaxşısı dayanq üzərinə çıxacaq. Avropa Oyunlarında millimizin heyətində olan Məhəmməd Məmmədov 128 taekvondoçu arasında yer almasa da, Dünya Kubokunda qüvvəsini sınayacaq. O, Qran-pridən kənar qalmasında 40 xalının çatmamasını səbəb göstərib.

 

E. Amanov bildirib ki, M. Məmmədovun heyətdə yer almamasında çəkisinin dəyişməsi də rol oynayıb: “O, əvvəl 58 kiloqramda döyüşürdü. İndi isə 63 kiloqramda mübarizə aparır. Bu səbəbdən də heyətə daha yüksək reytinqi olan Ayxanı qatdıq”.

 

Çalışdırıcı Radik İsayevin hazırkı durumuna da aydınlıq gətirib. Zədə səbəbindən yarışda iştirakı sual altında olan Olimpiya çempionumuz müalicəsini tam bitirməsə də, heyətə böyük ümidlərlə daxil edilib: “Harçeqaninin də zədəsi vardı. Amma indi stabildirlər”.

 

Məşqçi Qran-pridə və Dünya Kubokundakı hədəflərindən də danışıb: “Sözün düzü, federasiya qarşımıza heç bir məqsəd qoymayıb. Çünki əsas hədəfimiz Yay Olimpiya Oyunları idi. Biz o yarışa 4 idmançı ilə qatılıb, 3 medal gətirdik. Əlbəttə, bu yarışlarda da məsuliyyətimiz çox böyükdür. Çalışacağıq ki, digər ölkələrin idmançıları burada bizə qalib gəlməsinlər. Bütün gücümüzü ortaya qoyacağıq. Amma konkret qarşımıza heç bir məqsəd qoyulmayıb. Çünki böyük yarışlardan sonra idmançılara istirahət lazım idi. Bu olmasa belə yenə necə lazımdırsa, elə də hazırlaşmışıq”.

 

M. Məmmədov Dünya Kubokunda iddialı olacaqlarını açıqlayıb. O vurğulayıb ki, ötən il Meksikada qazandığı çempion titulunu Bakıda da qorumaq niyyətindədirlər: “İran və Koreya bizə qarşı çox yaxşı hazırlaşır. Meksikada onları böyük xal fərqi ilə məğlub etmişdik. Son yarışla müqayisədə yeni bir komanda – Türkiyə yığması da Bakıya gələcək. 4-5 komanda var ki, onlara ciddi yanaşmaq lazımdır”. A. Tağızadə də komanda yoldaşının sözlərinə həmrəy olub: “Mən öncə fikrimi Qran-priyə, ardınca Dünya Kubokuna yönəldəcəyəm”.

 

Böyük məşqçi də analoji yarışı dəyərləndirib. Onun sözlərinə görə, çempion heyətdə cəmi bir dəyişiklik ediblər: “Yalnız Səid Quliyevi zədə səbəbindən əvəzləmişik. Onun əvəzinə İrandan Məhəmməd Baqirini dəvət etmişik. Dünya Kubokunun reqlamenti də hər ölkəyə 2 legionerlə döyüşməyə icazə verir. London Olimpiadasının gümüş medalçısını komandamıza 6-cı - ehtiyat idmançı kimi çağırmışıq. Çalışacağıq ki, Meksikada bizi təmsil edənlər döyüşsünlər. Əgər kimdəsə zədə olarsa, Baqiri ilə əvəz edəcəyik. Rəqiblərə gəlincə, ötən il yendiyimiz Koreya və İran yığmaları bizə qarşı çox yaxşı hazırlaşıb. Onlardan başqa, Rusiya və Türkiyəni özümüzə ciddi rəqib görürük. Dünyanın ən güclü 8 komandası Azərbaycana gələcək. Biz də onlardan 2-3 dəfə güclü olmalıyıq ki, Dünya Kuboku ölkəmizdə qalsın”.

 

E. Amanov Dünya Kubokunda komanda yarışlarında çəkinin əhəmiyyət kəsb etmədiyini bildirib. Onun sözlərinə görə, mübarizə aparacaq 5 idmançının çəkisinin cəmi 373 kiloqramı keçməməlidir. Çalışdırıcı heyətdə Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Məhəmməd Baqiri ilə yanaşı, Sina Bahrami, Milad Beiqi Harçeqani və Radik İsayevə şans verəcəklərini açıqlayıb. O, qadınlardan ibarət komandamızda isə Yaprak Eriş, Zeyvi Kərimova, Gülhanım Yeşildalla birgə, hollandiyalı Reşmi Uqink və kanadalı Melissa Paqnottanın yer alacağını, Nərgiz Mirzəyevanın isə ehtiyat idmançı kimi düşərgəyə cəlb edildiyini deyib.

 

Dekabrın 11-də ilin ən yaxşı taekvondoçularının, məşqçilərinin və hakimlərin adı da məhz Bakıda açıqlanacaq. Həmçinin ən yaxşı zərbə müəllifi də məlum olacaq. E. Amanov bildirib ki, artıq bu idman növündə öz sözünü deyən Azərbaycan təmsilçilərinin bu siyahıda yer alması mümkündür. Qonaq taekvondoçular isə 2016-cı ildəki çıxışlarına əsasən özlərini ən yaxşılar arasında görmədiklərini deyiblər.

 

Sonda E. Amanov 2017-ci ilin ilk yarışında - Azərbaycan çempionatında yığmamızın əsas heyət üzvlərinə istirahət veriləcəyini istisna etməyib.

 

X

XƏBƏRLƏR
BÖYÜT