Xoşbəxt olmağın yolları - MOTİVASİYA
12:09 – 06 Dekabr, 2016

APA.TV-nin "Motivasiya" verilişinin bu sayında xoşbəxtlikdən danışılıb. 

 

Cavid Zeynallı:

 

Mənim üçün xoşbəxtlik insanın özünü tanıması, minimumlara qane olub özü üçün kiçik dünya yaratmağıdır. Xoşbəxtlik eyni zamanda geniş düşünmək, daxilən böyük olmaqdır. Məşhur bir söz var, deyir, özünü xoşbəxt kimi apar, doğrudan da xoşbəxt olacaqsan. Bu hiss eyni zamanda özünü tanımaqdan, özünü tapmaqdan keçir. Din deyir ki, nəfsinə qalib gələn, ötəri həzzi əbədi həzzə qurban verənlər xoşbəxt adamlardır. Tibb isə bu hissi seraton və endorfin hormonlarının bədəndə artması ilə izah edir. Məsələn, qadın hamilə olanda özünü xoşbəxt hiss edir. Tibb izah edir ki, qadın hamilə olanda onun bədənində endorfinin miqdarı artır. Doğuş zamanı isə pik nöqtədə olur. Yaxud insan güləndə endorfinin miqdarı kəskin olaraq artır. Xoşbəxtlik həm də həyat təcrübəsi ilə bağlıdır. Adətən, müdrik adamlar bu dünyanı, özünü, həyatı daha yaxşı tanıyır, anlayır və olduğu kimi qəbul edir. Əslində, bu da xoşbəxtliyin bir adıdır. Ümumən, insanlar necə xoşbəxt olmalıdır deyə bir anlayış yoxdur. Çünki bu hissi hər kəs başqa cür yaşayır. Resepti olmayan hissdir.

 

Sevda Sultanova:

 

Xoşbəxtlik anlayışına iki baxış bucağından yanaşıram. Hətta pozitiv psixologiyada buna yanaşma ikidir. Yəni burda xoşbəxtliyin formulası belədir: Xoşbəxtlik bərabərdir həyatdan dərin məmnunluq hissi, üstəgəl maksimum müsbət emosiyalar və minimum neqativ emosiyalar. Müsbət emosiyalar anında baş  verən yaşantı xoşbəxtliyə bağlıdır,  dərin məmnunluq hissi isə uzun müddətli mərhələdir, yəni bu halda sən özünlə, daxili aləminlə harmoniyada olursan.

İnsanların təbii ki, xoşbəxtliklə bağlı təsəvvürləri çox fərqlidir. Məsələn, bizim cəmiyyətdə “xoşbəxt ol” ifadəsi deyiləndə avtomatik olaraq ağıla ailə gəlir. Yəni bizdə xoşbəxtlik anlayışı birbaşa ailənin olması faktoruna bağlıdır. Ailə qurmamısansa, sənə bədbəxt adam kimi baxacaqlar, başqa, alternativ həyat tərzini qəbul etmək istəmirlər”.

 

İlqar Rəsul:

 

Xoşbəxtlik insanın daxili rahatlığıdır. Əgər onun bu daxili rahatlığı məişətindən, işindən və ümumiyyətlə həyatının mənası saydığı amillərdən qaynaqlanırsa, belə xoşbəxtlik daha bütöv ola bilir.

 

Tolstoy deyir ki, "Çətin zamanlar keçirirsinizsə, sevdiklərinizi itirdiyinizə görə acı çəkir, ya da gələcəkdən qorxursunuzsa, həyatın yalnız indiki zamandan ibarət olduğunu ağlınızdan çıxarmayın, bütün düşüncə və xatirələrinizi indiki zamana yönəldin. Belə etdiyiniz təqdirdə, keçmişə aid bütün ağrılarınız, gələcəyə dair bütün narahatlıqlarınız yox olub gedər, xoşbəxtliyi və azadlığı duyarsınız".

Məncə insan hər şeydən zövq almağı bacarmağa çalışmalıdır. Bunun özü isanı tam da olmasa müəyyən qədər xoşbəxt edir. Və bu xoşbəxtliyi daha da böyütmək üçün, onu paylaşmalıdır. Səhv eləmirəmsə, Bayronun sözüdür:

 

"Xoşbəxtliyi dadmanın yeganə çarəsi onu paylaşmaqdır; çünki xoşbəxtlik əkiz doğular"...

 

Səbinə Bayramova - psixoloq:

 

Xoşbəxt olmağı bacarmaq üçün hər hansı mütəxəssisə müraciət etmək lazım deyil. Bu insanın içindən gələn bir hissdir. İnsan indi sadalayacağım bir sıra qaydalara əməl etməklə, vərdişlərə yeyələnməklə xoşbəxt ola bilər. Məsələn, başqalarına təbəssüm bəxş etmək. Unutmayın ki, kiməsə təbəssüm bəxş edirsinizsə, onun müsbət enerjisi mütləq sizin özünüzə qayıdacaq...

 

Tam olaraq APA.TV-də izləyin.

X

XƏBƏRLƏR
BÖYÜT