Tahir Süleymanov: “Qarabağ” şansını “Fiorentina” ilə deyil, “Slovan”la matçda itirmişdi”
17:50 – 10 Dekabr, 2016

“İstək yaxşı şeydir. Amma “Qarabağ”dan birmənalı qələbə gözləmək də doğru olmazdı. Çünki qarşısında İtaliya futbolunun aparıcı komandalarından biri “Fiorentina” idi”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, sabiq FİFA referisi Tahir Süleymanov deyib.

 

Avropa Liqasının qrup mərhələsində sonuncu – VI turunun oyunları keçirildi. Azərbaycanı bu yarışda təmsil edən “Qarabağ” evdə İtaliya “Fiorentina”sına 1:2, “Qəbələ” Almaniyada “Maynts”a 0:2 hesabı ilə uduzdu.

 

Klublarımızın bu qarşılaşmalarını, həmçinin bizim üçün başa çatan avrokubok mövsümünü dəyərləndirən mütəxəssisin sözlərinə görə, Ağdam təmsilçisi rəqibin taktikası səbəbindən lazımı oyunu nümayiş etdirə bilməyib: “Fiorentina” Bakıya qrup lideri kimi gəlsə də, pley-offa vəsiqəni tam təmin etməmişdi. Bu baxımdan da oyunun prinsipial keçəcəyi gözlənilirdi. Ümumiyyətlə, qrup matçlarına baxsaq, “Qarabağ” çox yaxşı çıxış etdi. Amma təəssüf ki, onlar növbəti mərhələ şanslarını “Fiorentina” ilə matçda deyil, “Slovan”la oyunlarda itirmişdilər. İtaliya təmsilçisi ilə qarşılaşmaya gəlincə, burada narazılığım bir çox mütəxəssislərin oyuna təhlili, dərindən yanaşmamasıdır. “Fiorentina” çox güclü klub olmaqla bərabər, meydançaya “ikinci rol”da çıxdı. Yəni ilk növbədə “Qarabağ”ı saxlamaq, ondan sonra oynamaq. Orta xətdə də 2 futbolçusunu dayaq bölgəsinə qoydu ki, bununla da komandamızın qısa ötürmələrinin qarşısını aldı. Sosial şəbəkələrdə də, mətbuatda da çox müzakirə olundu ki, “Qarabağ” topu niyə Şehiçə ötürürdü və ya komandanın oyunu alınmadı. Bunun səbəbkarı məhz rəqib idi”.

 

T. Süleymanov tariximizdə ilk dəfə 1/16 finala yüksəlmək üçün “Qarabağ”ın nədə “axsaması”na da toxunub: “Slovan” Çexiyada çox güclü taktiki gedişlər edərək, “Qarabağ”ı dayandırdı. Komandamız həmin oyunda bir qədər şansını itirməklə yanaşı, elə “Fiorentina” ilə matçı düşünərək, orada istədi ki, 3 xalı qazanıb məsələni böyük ölçüdə həll etsin. Başa düşürdülər ki, “Qarabağ”la “Fiorentina”nın futbolçularını müqayisə etmək olmaz. Belə deyək, “Qarabağ” Çexiyada özü-özünü “yandırdı”. Baxmayaraq ki, “Slovan”ı keçmək gücündə idi. Amma bir qədər ümumi yanaşsaq, biz klublarımıza qrupdan çıxmaq tələbini ortaya qoymağımız da doğru olmaz. Yaddan çıxarmayaq ki, 8 komandalı çempionatımız var. İstəklə yanaşı, ortada peşəkarlıq olmalıdır. Ancaq bunun sahəsində önə çıxa bilərik. 2012-ci ildən başlayaraq, klublarımız davamlı olaraq Avropa Liqasının qrupunda oynayırlar. Bunun ardını gətirmək lazımdır. “Qarabağ”ı da çox tənqid etməyə ehtiyac yoxdur. Onlar “Fiorentina” ilə deyil, “Slovan”la matçda şanslarını itirdilər. Mən hətta deyərdim ki, bu, qrupun ilk oyununda baş verdi. Çünki birinci oyunda “Dalğa Arena”da azarkeşlər küsdülər, heç 6-7 minlik stadionu doldurmadılar. Amma “Fiorentina” ilə görüşdə soyuq havada belə 15-20 min tamaşaçı gəlmişdi. Qrupdan çıxmaq üçün daha böyük işlər görülməlidir”.

 

T. Süleymanov italiyalıları oyunda “Qarabağ”ın müdafiə xəttinin özünü doğrultmadığını və qapıçının səhvinin olduğunu da deyib. Sabiq FİFA referisi oyunu idarə edən həmkarının işinə də qiymət verib.

 

“Qarabağ”dan fərqli, səfərdə oynayan “Qəbələ” “Manyts”la üz-üzə gəldi. Bu matçı da dəyərləndirən qonağımız bildirib ki, Ağdam təmsilçisi ilə müqayisədə onların rəqib sarıdan da bəxti gətirməmişdi: “Almaniya, Fransa komandaları və Avropanın ən köklü klublarından olan Belçikanın “Anderlext” klubu. Bu baxımdan da “Qəbələ”nin şansları minimuma enirdi. Təbiidir, müəyyən xallar qazana bilərdi. Amma bunlar baş vermədi. Komanda ilk oyunda “Anderlext”ə 1:3 hesabı ilə məğlub olsa da, çox gözəl oynadı. Açıq futbol getdi, çəkinmədilər. Həmin “Anderlext” isə Almaniya “Maynts”ına 6:1 hesabı ilə qalib gəldi. Bir şeyi də yaddan çıxarmayaq ki, “Qəbələ” 2 mövsümdür ilk təsnifat mərhələsindən gəlib qruplara vəsiqə qazanır. Bu da son dərəcə ağır bir işdir”.

 

T. Süleymanov “Maynts”la “Qəbələ”nin 1/16 final şansını itirdiyindən matçın formal xarakter daşıması oyunun axarına təsir etdimi” sualına cavabında deyib ki, avrokubok matçları öncəsi Premyer Liqada “Qarabağ” – “Qəbələ” görüşü belə klublarımızın oyununda özünü “göstərdi”: “Matç qalmaqalla yadda qaldı. Bu da psixoloji baxımdan hər 2 təmsilçimizin oyuna təsir etdi. Maliyyə tərəfini götürsək, “Qəbələ” xal qazanmasa belə, “Qarabağ”la birgə büdcələrinə milyonlar gətirdilər. Klublarımızın büdcəsinin formalaşmasında bu mühüm amildir”.

 

T. Süleymanov vurğulayıb ki, “Qəbələ” bir klub olaraq yetişib və Qriqorçukla futbolçularının beynində Azərbaycan çempionu titulunu qazanmaq arzusu var.

 

O, qrup mərhələsinin yekunu ilə bağlı fikirlərini açıqlayıb və buna maneə törədən amillərə də toxunub. 

 

Ardıcıl 3 ildir Avropa Liqasının qrup mərhələsində təmsil olunuruq. Son 2 ildə isə bu komandaların sayı 2 olub. T. Süleymanov bildirib ki, gələcək nikbin baxıb, bu tendensiyanın davamını gözləmək üçün bölgə futbolu inkişaf etdirilməli, çempionatda klubların sayı artmalıdır: “Açığı, indiki durumda gələcəyə nikbin baxmaq üçün elə bir əsaslar yoxdur. Arzu edərdim ki, yeni mövsümdə minimum 2 klubumuz Avropa Liqasının qrupunda oynasın. Təbii ki, kim çempion olacaqsa, Çempionlar Liqasının qrupunda iddialı olmalıdır. Xüsusi vurğulayım ki, Avropanın nəhəng klubları da UEFA-ya təzyiq göstərirlər və Azərbaycan kimi ölkələrin komandalarını böyük yarışda onlarla rəqabət aparacaq gücdə olmadığı üçün istəmirlər. 2017-ci il Çempionlar Liqasının qrupuna düşmək üçün demək olar ki, son şansımızdır. Əgər böyük klubların istəyi həyata keçərsə, Azərbaycan kimi ölkələrin qrupa düşməsi xəyal olacaq. Bu barədə düşünmək lazımdır. Çempionluğa iddialı “Qarabağ” və ya “Qəbələ”nin də son şansımızdan layiqincə istifadə etməsini arzulayıram”.

 

X

XƏBƏRLƏR
BÖYÜT