Ailədaxili qətllər nədən xəbər verir?
19:24 – 19 Dekabr, 2016

APA.TV-nin “Manşet” verilişinin bügünkü mövzusu son zamanlar Azərbaycanda ailə-məişət zəminində baş verən hadislərlə bağlıdır. Psixoloq Təhminə Çələbi mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarına cavab verib.

 

  • İnsanların psixotipləri, temperamentləri çox önəmlidir. Bir də ki, Azərbaycanda kişilər əgər kiməsə qarşı aqressivlik göstərirsə, bizim cəmiyyət bunu bir kişilik xarakteri kimi qəbul edir və ya belə qələmə verir.
  • Ailədə uşaq gözünü açıb öz valideynlərinin bir-birinə qarşı aqressivliyini görürsə, bu cür vəziyyət zaman keçdikcə uşaq üçün normal bir hala çevriləcək. Həmin ailədə böyüyən uşaq da bütün bunları öz davranış qaydaları siyahısına daxil edəcək.

 

  • Əgər fikir versəniz, avtobusda, metroda, küçədə bilmədən birinin çiyninə toxunduğunuz zaman həmin insandan aqressiv cavab alırsınız, hətta üzr istəsəniz belə. Təbii ki, bunu hamıya şamil etmək olmaz. Məsələn, Avropa ölkələrində maşınların siqnal verməsinə çox nadir hallarda rast gəlmək olar.

 

  • Əslində dövlət təhsil ocaqlarımızı psixoloqla təmin edib. Ancaq gəlin görək psixoloqlar öz üzərinə düşən öhdəlikləri necə yerinə yetirir və onların maddi stimul varmı? Əgər məktəblərdəki psixoloqlar testlər vasitəsilə məktəblilərin aqressivliyi ilə bağlı müəyyən tədbirlər görsələr, cəmiyyətimizdə aqressiv insanlara çox az hallarda rast gəlmək olar.

 

  • Səbəbləri araşdırsaq, boşanmaların sayının ən çox evliliyin 1-3 ili arasında baş verdiyini görərik. Tanışlığın birinci ilində gənclər arasında uyğunlaşma dövrü gedir. Daha sonra sevgililik dövrü başlayır. Evləndikdən sonra isə gənclərin çətinlik dövrü başlayır. Yəni iki eqolı insan bir evi paylaşır. Bu isə çox çətindir.

 

  • Gənclərimiz düzgün ailə qursalar, düzgün də boşanarlar. Ailənin dağılmasının qarşısını almaq üçün gənclərimiz evlənməmişdən öncə psixoloqa və ailə psixoterapevtinə müraciət etməlidir.

 

  • Əslində ailənin dağılmasına kiçik problemlərin yığılması və birdən partlaması səbəb olur. Son zamanlar sosial şəbəkələrdən geniş istifadə edən gənclərimiz bir-biri ilə az ünsiyyətdə olur. Halbuki əgər kiçik problem yaranarsa, bunu öz aralarında danışıqlar vasitəsilə tez bir zamanda həll edə bilərlər. Bir də ki, gənclərimiz öz aralarında xırda bir problem yaşanan kimi də dərhal öz valideynlərinə müraciət edirlər. Bu isə çox səhv bir addımdır.

 

  • Ümumiyyətlə, insanın psixoloji problemləri olduqda, yəni ailədə müəyyən münaqişələr olduqda, yeniyetmələrlə bağlı, uşaqların tərbiyəsi, uşaqların məktəbə hazırlanması, yəni adaptasiyası, evliliklə bağlı müəyyən problemlər olduqda psixoloq-psixoterapevtə və yaxud psixoloq-konsultanta müraciət etmək lazımdır. Əgər orda müəyyən dərman preparatlarına ehtiyac olsa, bu zaman psixoloq özü psixiatra, həkimə bir göndəriş verir.

 

  • Bəzən burda sözün kökü insanları qorxudur. "Mən dəli deyiləm, həkimə getmirəm" deyirlər. Amma əvəzində çox ağır dərmanlar qəbul edirlər. Hansı ki, orda sadəcə psixoanaliz lazımdır. Seanslar vasitəsilə insanın yaşanmamış emosiyalarının təhlili. Yəni emosiyaların təhlili zamanı insan istədiyi rahatlığa bəzən qovuşa və daxili rahatlığını tapa bilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT