4 gün: terror, diplomatik gedişlər, hərb
19:17 – 22 Dekabr, 2016

APA.TV-nin “Manşet” verilişinin bügünkü mövzusu Suriyada həyata keçirilən hərbi əməliyyatlar, Rusiya səfrinin qətli, Moskvada Rusiya-İran-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü, İran prezidentinin Ermənistana səfəri ilə bağlıdır. Verilişin qonağı politoloq İlqar Vəlizadə aparıcı İlham Tumasın suallarına cavab verib.

 

  • Türkiyənin ən böyük problemlərindən biri odur ki, son aylar xüsusi-mühafizə orqanlarında aparılan təmizləmə işləri qarışıqlığa və çoxlu boşluqlara gətirib çıxarıb. Bunları ört-basdır etmək olmaz. İndi bu sistemdə o qədər boşluqlar yaranıb ki, onlardan istifadə etmək asanlaşıb. Bunlar hamını narahat edən təşkilati məsələlərdir.

 

  • Rusiya səfiri ilə bağlı qətl hadisəsi də sübut etdi ki, bu sahədə ya kifayət qədər lazımi işlər aparılmır, yaxud da onlar istənilən nəticəni vermir. Bunu etiraf etməliyik. Bütün bunları biz Türkiyəni sevərək deyirik. İstəyirik ki, digər güclü siyasi-kriminal dairələr, terrorçular da bunu görərək ondan istifadə edib öz çirkin məqsədlərinə nail olmasınlar.

 

  • İndiyədək görülən təhlükəsizliklə bağlı işlərdən daha fərqli, qəti və ciddi şəkildə tədbirlər görülməlidir. Əgər bu cür tədbirlər görülsə, terror aktlarının qarşısını almaq olar. O zaman konkret nəticələr görməklə Türkiyənin yenidən qüdrətini bərpa etməsindən danışa bilərik.

 

  • Türkiyə bundan sonra təhlükəsizliklə bağlı qəti addımlar atmağa məcbur olacaq, işini Rusiyanın və regiondakı digər güclü təhlükəsizlik orqanları ilə daha çox koordinasiya edəcək. Çünki indiki cinayətkarlıq və terrorçular sərhəd tanımırlar. Koordinasıyasız onlarla bacarmaq çətin olacaq.

 

  • Moskvada Rusiya-İran-Türkiyə üçtərəfli görüşü Türkiyə-İsrail münasibətlərinin düzəlməsinə də öz töhfəsini verəcək. Çünki bundan əvvəl Türkiyə və İsrailin xüsusi xidmət orqanları uzun illər əməkdaşlıq edərək hər iki ölkədə çoxsaylı teraktların qarşısını alıblar. Güman edirəm ki, bu əməkdaşlıq yenidən bərpa olunacaq.

 

  • Əvvəllər İranın bəyanatlarında, səfirlərinin açıqlamalarında Azərbaycanın ərazi bütövlüyü haqda fikirlər səsləndirilib. Ancaq prezident Ruhaninin bu barədə Ermənstanda danışmaması Tehranın ehtiyatlı davranışından xəbər verir. Səbəb də İranın Ermənistanda olan maraqlarındadır. Bilirsiniz, bu, İran diplomatiyasının bariz nümunəsidir, yəni rəsmi mövqe ilə əməl həmişə fərqlənir.

 

  • Andrey Karlovun qətlə yetirilməsi Ərdoğanın Rusiyaya səfəri ilə bağlı da ola bilər. Çünki Ankara və Moskva arasında danışıqlar intensiv hal alıb. Bu səfər ərəfəsində müxtəlif işlər görülür, sənədlər hazırlanır, hər iki tərəf üçün olduqca əhəmiyyətli fəaliyyət var. Görünür, bəzi qüvvələr Karlovu öldürməklə bu prosesi əngəlləmək istəyirlər.

 

  • Sözügedən sənədlərdə tərəflərin Suriyada ortaq məxrəcə gəlməsi nəzərdə tutulur. Karlov isə bu prosesdə mühüm bir fiqur idi. Deməli, sui-qəsd təşkilatçıları vaxt udmağa çalışırlar. Bu sui-qəsd ona görə lazım idi ki, Suriyada proseslər çox sürətlə inkişaf edir və Rusiya-Türkiyə yaxınlaşmasının sürətlənməsi buna qarşı çıxan qüvvələrin planlarına böyük zərbə vura bilər.

 

  • Bu terrorun arxasında Qərblə işləyən və Qərbə arxalanan hansısa qüvvələr yer ala bilər. Hətta bunun FETÖ-nun əməli olduğunu da istisna etmirəm. Onların kimə arxalandıqları aşkardır.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT