Utananın heç nəyi olmur - MOTİVASİYA
13:12 – 27 Dekabr, 2016

APA.TV-nin "Motivasiya" verilişində utancaqlıqdan danışılıb.

 

Cavid Zeynallı: 

Böyük mənada götürəndə utancaqlıq müsbət qiymətləndirilən hissdir. Utancaqlıq müsbət dəyərləndirilsə, insan xarakterinin keyfiyyət üstünlüyünü göstərsə də, bəzən insana problemlər yaradır, özünü reallaşdırmaq, təsdiq etmək üçün maneələr törədir. Utancaqlıq özünü bir neçə situasiyada büruzə verə bilər. Məsələn, bir çox adamlar göz qarşısında olmağı, diqqət mərkəzində qalmağı sevmirlər. Bu, bilavasitə utancaqlıqla bağlıdır. Yəqin ki, buna kompleks də demək olar. Yaxud insan bacarığını, qabiliyyətini məhz bu hissin hesabına başqalarına göstərə bilmir. Bu da məsələn, işdə problem yarada bilər. Başqa bir tərəfdən utancaqlıq hissi mənə görə insanın daxili rahatlığı ilə bağlı olan amildir. Daxilən rahat olan, komplekslərdən əziyyət çəkməyən, özünə güvənən adam adətən yaxşı mənada utancaqlıqdan əziyyət çəkmir. Utancaqlıq həm doğuşdan yarana bilər, həm də sonradan formalaşa bilər. Daha çox xarakterlə bağlı olan, doğuşdan, təbiətlə gələn hissdir. Amma təbii ki, ailə və iş mühitində də yarana bilər. Bunu daha çox utancaqlığa “yoluxma” kimi dəyərləndirə bilərik.

 

Sevda Sultanova:

Utancaqlıq hissinə bir neçə tərəfdən yanaşmaq olar. Bir tərəfdən komplekslərə, qətiyyətsizliyə, özünəinamsızlığa bağlı ola bilər. Digər tərəfdən etik, əxlaqi kateqoriya ilə əlaqəlidir. Məsələn, hər hansı şəraitdə konflikt baş verirsə, mübahisə edənlərdən biri emosinallıq göstərir, həddini aşır, digər tərəf isə  təmkinlilik nümayiş etdirib, belə deyək, abrına qısılıb qarşı tərəfin səviyyəsinə düşmək istəmir.

Utancaqlıq bir növ sosial maskadır həm də. Yəni o maska altında əyər-əskikliklərini gizlədirsən. Utancaqlığı oynamaq olar necəsə, amma komplekslərini, özünəgüvənsizliyi oynmaq olmur, bu cəhətlər bir şəkildə özünü büruzə verir.

Psixoloqların fikrincə, yeni texnologiylar, internet utancaqlığı müəyyən qədər artırır. Virtualda cəsarətli danışan adamlar, realda çəkingən olurlar. Çünki canlı ünsiyyət kimi vərdişlərini itirirlər. 

 

Ilqar Rəsul:

Bəzən utancaqlıq o dərəcədə olur ki, adam heç cəhd də eləmir bir işə. Əgər yoxlamırsa, demək nəticə inkaredici olacaq. Amma adam üçün bu daha rahatdır, nəinki, cəhd edib heç olmasa şans qazanmaq.

Əgər utancaqlıq-həyəcan güclüdürsə, adam özünün müsbət keyfiyyətini və tərəfini göstərə bilməyəcək. Belə adam inamsız görünür və o heç vaxt rəhbər posta iddialı, namizəd ola bilməyəcək. Məsələ burasındadır ki, hətta ofisiant işinə də adətən öz fikrini dəqiq ifadə edən, inamlı, rahat adam götürürlər. İkinci məqam, bu cür adam bir sıra vəziyyətlərə düşüb  utanmamaq üçün belə hallardan qaçır, məsələn, müsahibəyə getmir.

Belə adamları itələməsən heç nə etmirlər. Bəzən adam o qədər utancaqdır ki, hətta nəyəsə razılaşmağa da qorxur. Halbuki ona istədiyini təklif edirlər.

Utancaqlıq adətən insanın təşəbbüs göstərməsi vacib olduğu zamanlar yaranır. Deyək ki, yad mühitə düşür, utanır. İstənilən utancaq adam evdə öz valideynləri ilə olanda özünü çox inamlı hiss edir, hətta kobudluq, qanmazlıq da edir. Amma yad mühitdə o, nəcib adamdı və s. Xüsusilə bizim mühitdə utancaqlıq çox vaxt mədəniyyət, nəciblik, ciddilik kimi qəbul edilir. Hətta biz deyirik ki, bu əlamət həm də  şəxsiyyətin müsbət keyfiyyətidir. Halbuki bu keyfiyyət insan üçün həm də çox zərərlidir və onu bir çox uğurlardan saxlayır. Yox, əlbəttə ki, bu duyğunu aşıb utanmaz adama çevrilmək də bir şey deyil. Sadəcə hər addımda utanmaq zərərlidir.   

 

Tam olaraq APA.TV-nin "Motivasiya" verilişində izləyin. 

X

XƏBƏRLƏR
BÖYÜT