Fuad Məmmədov: “Yalnız əsl dostluq, əsl məhəbbət və yüksək ruhi mədəniyyət pulla alınmır”
12:58 – 30 Dekabr, 2016

...İlk tərbiyəni və dərsi mənə nənəm verib. Ana nənəm Qeysər xanım Kaşıyeva ilk azərbaycanlı qadın rəssam olub. AzTV-də ona həsr olunmuş bir saatlıq film də var. Hər il həmin filmi  təkrar göstərirlər və hamı onu çox bəyənir. Nənəm çox savadlı qadın idi. Valideynlərim də savadlı idilər. O vaxtlar Azərbaycan Dövlət Neft və Kimya İnstitutu  ən qabaqcıl ali məktəb sayılırdı. Ondan sonra Bakı Dövlət Universiteti gəlirdi. Azərbaycan Dövlət Neft və Kimya İnstitutu  beynəlxalq səviyyəli, ümumittifaq miqyaslı ali məktəb idi. Mənim valideynlərim də oranı bitirmişdilər. Bizim qohumlarımız, yaşıdlarımız hamısı nənəmə səcdə edirdilər. Halbuki nənəm orta təhsilli idi. Tiflisdə birinci rus gimnaziyasını bitirmişdi. 11 illik təhsil almışdı. Çox gözəl rəsmləri var idi. Amma ailə həyatı qurdu deyə sonradan karyerasını bitirdi. Nənəm rus, Azərbaycan və fransız dillərini təmiz bilirdi. O, həmişə məni hərtərəfli, mədəni insan kimi böyütməyə çalışırdı. Təbii, burada valideynlərimin də rolu az deyildi.

 

...Bəziləri yüksək mədəniyyət deyərkən onu incəsənətlə qarışdırırlar. İncəsənət mədəniyyətin vacib sahəsidir. Amma aparıcı məsələ elm, təhsil və tərbiyədir. Dünyada ən savadlı millətlərdən biri yəhudilərdir. Nəyə görə?  Çünki hər yəhudi ailəsində uşağın təhsili və tərbiyəsi ən önəmli strateji məsələ sayılır. İmkanları varsa, 5 uşağa gözəl təhsil verərlər. İmkanları olmazsa, bir uşaqları olar, lakin həmin uşağın təhsilinə və tərbiyəsinə bütün var-dövlətlərini qoyarlar ki, o həyatda qüdrətli olsun, heç kimə möhtac qalmasın. Öz bilik və bacarığı ilə, yaşadığı cəmiyyətə xidmət etməklə özünə hörmət qazansın və həmişə bir parça çörəyi olsun. Mən ömrüm boyu xalqıma xidmət etməyə çalışmışam. Maarifçilik, elm, təhsil baxımından... Elmi səviyyədə əldə etdiyim bilikləri öz xalqıma, ona aydın olan, ana dilində çatdırmağa çalışmışam.

 

...İş orasındadır ki, Kulturologiyanı Azərbaycanda indiyə qədər bir çoxları nə başa düşür, nə də qiymətləndirə bilir. Qiymətləndirmək uçun gərək onu öyrənəsən. Mən də, Sizin özünüz də, orta yaşlı və daha yaşlı nəsil kulturologiyanı bir fənn kimi keçməmişik. Çünki kulturologiya elmi də, genetika, kibernetika elmləri kimi Qərbdə yaranıb. Qərbdə yaranmış elmlərə SSRİ-də xor baxırdılar. Deyirdilər, yalançı elmlərdir. Bəziləri kulturologiya ilə mədəniyyətşünaslığı qarışdırırlar. Xalqımıza xidməti həm əqli, həm də mənəvi mədəniyyətin inkişafı istiqamətində etmək lazımdır. Orta məktəblərdə mədəniyyətşünaslıq tədris  olunmalıdır,  ali məktəblərdə kulturologiya. Qərb ölkələrinin bir çoxunda kulturoloji bilikləriniz olmasa, Sizə yüksək qiymət verməyəcəklər.

 

... Kulturologiya başqa elmlərdən nə ilə fərqlənir və nə üçün mən bu elmi seçdim? Sualınıza cavab olaraq, bildirim ki, mən əvvəl elm tarixi ilə məşğul idim. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu  bitirdikdən sonra mən Moskva elmi məktəbini keçmişəm. SSRİ Elmlər Akademiyasının nəzdində Təbiətşünaslıq və Texnika adlı elmi-tədqiqat institutu fəaliyyət göstərirdi. Orada mənim bir məsləhətçim var idi. O məni yönəldirdi. Mən respublikamızın elm tarixi üzrə Azərbaycanda ilk doktorluq dissertasiyası müdafiə etdim. Sonra çətin vaxtlar başladı. Elm qaldı bir kənarda. Hamımız Vətən ağrısı ilə yaşayırdıq.

 

... Həmin illər, bir ziyalı olaraq, düşündüm ki, mən öz xalqıma necə xidmət edə bilərəm? Araşdırmağa başladım ki, dünya elmində müxtəlif konsepsiyalar var. Gördüm ki, Rusiyada kulturologiya gözəl inkişaf edir. Bu inkişaf ötən əsrin 60-cı illərində başlamışdı. Əslində kulturologiya 50-ci illərdə Amerikada yaranmışdı. Amma onu qəbul etməyə qorxurdular. Əvvəl fənnin adını Mədəniyyət tarixi, Mədəniyyət fəlsəfəsi qoydular. Sonra yavaş-yavaş kulturologiya kimi qəbul etdilər. Bunun üstünlüyü nədədir? Mən özüm tarix elmləri doktoruyam. Heç bir elm, tam olaraq, Sizə cəmiyyətin və insanın inkişaf panoramını verə bilməz. Fəlsəfədə müəyyən mücərrədlik var. Tarixdə konkretlik var, amma tarix də hamısını birdən öyrənə bilmir. Kulturologiyanın üstünlüyü ondadır ki, fəlsəfə kimi, tarix kimi, psixologiya kimi, politologiya, sosiologiya kimi bütün humanitar və sosial elmləri birləşdirir. Onların ən uğurlu metod və nailiyyətlərindən istifadə edir. Eyni zamanda, özü də öz metodologiyasını yaradır. Heç birinin yolunu kəsmədən, insanın həyat fəaliyyət panoramını yaradır. Bu panoramda kulturoloji təfəkkürə yiyələnmiş insanlar yeni imkan pəncərələrini görürlər. Ənənəvi elmlərdə o zirvələr görünmür, çünki burada məhz sistemli yanaşma lazımdır. Məsələn idarəetməni götürək. Mən bizim Dövlət İdarəçilik Akademiyasında idarəetmə mədəniyyətindən dərs deyirəm. Dünyanın bir çox ölkələrinin təcrübəsini bizim insanlara çatdırmağa çalışıram.

 

...Dövlət idarəetməsi dünyada 3 əsas mərhələdən keçir. 19-cu əsrin sonundan 1920-ci ilə qədər,  1920-1950 illər və 1950-dən indiyə qədər. Maraqlı odur ki, birinci dövrdə sələflər nəsli idarəetmə elminin əsaslarını verdilər. Məmurlar necə işləməlidirlər, siyasətlə və qanunla münasibətləri necə olmalıdır və s. 1920-1950-ci illər arasında 2 əsas məktəb yarandı. Biri klassik məktəb idi. İnsanlara, məmurlara, siyasətçilərə çox gözəl prinsiplər, metodlar bəxş etdi ki, hansı şəraitdə necə etmək lazımdır. Gördülər ki, təkcə bununla problem həll olunmur, yeni bir məktəb də yarandı - neoklassik insan münasibətləri məktəbi. Amma bu məktəb də strateji və operativ idarəetmədə bir çox məsələləri həll edə bilmədi. Bunların sintezi kulturologiyadır. 1950-ci ildən sistemli kulturoloji təhlilə keçildi. Yəni hər şeyi sistemli görməklə, çox düzgün qərar qəbul etmək olar. Sistemli yanaşmanı əvəz edə biləcək heç nə yoxdur.

 

...Cəmiyyətin intellektual mədəniyyət səviyyəsindən, qəbul olunmuş yanaşmalardan asılı olaraq, xüsusi metodla nəinki ayrı-ayrı cəmiyyətlərə, həmçinin, ayrı-ayrı insanlara da yanaşmaq lazımdır. Müxtəlif situasiyalara uyğun qərar qəbul etməkdən ötrü bütün göstəriciləri ölçmək lazımdır. Orada dəyişən amillər var, təşkilatla, insanla bağlı amillər var, siyasi-iqtisadi amillər var, bunların hamısını nəzərdən keçirdikdən sonra ən gözəl qərar qəbul olunur.  Böyük Britaniyada mənim xoşuma gələn cəhət odur ki, orada ali məmur korpusunun hamısı sistemli kulturoloji yanaşma əsasında işləyir. Ekspertlər dəvət olunur, onlar bu və ya digər sahələrdə qərarlar qəbul edirlər. Məmur müqayisəli təhlil əsasında ya ən gözəlini seçir, ya da sistemli düşünərək, ən gözəllərindən birini təkmilləşdirib ortaya qoyur.

 

...Gərək elə bir şərait olsun ki, yeni biliklərə tələbat artsın. Cəmiyyətdə tələbat olmasa, o zaman bu biliklər fayda verməyəcək. Məsələn, elə cəmiyyətlər var ki, orada intellektual mədəniyyət geridə qalır. İnsanın enerjisi iki əsas kanal vasitəsilə çıxır. Biri intellektual mədəniyyətdir, digəri mənəvi mədəniyyət. Hansısa kanal işləməyəndə insan düzgün qərar qəbul etmir. Çünki dünyanı intellekt idarə edir. Mən öz kitablarımda, hər yerdə yazıram ki, dünyanı mədəniyyət xilas edər. Əgər dünya mədəniyyəti qoruyarsa, mədəniyyət dünyanı xilas edər.

 

Mən sentyabr ayında Kazanda oldum. Ümumiyyətlə, dünyanın 26 ölkəsində müxtəlif konfranslarda olmuşam. Amma builki çıxışım çox uğurlu oldu. Tatarıstan prezidentinin rəsmi dəvəti ilə getmişdim.  UNESKO-nun himayəsi altında “Humanitar təhlükəsizlik” mövzusunda beynəlxalq forum keçirilirdi. Yeganə adam oldum ki, təklif etdiyim baza, bilavasitə, Azərbaycanın multikulturalizm dövlət siyasətindən irəli gəlirdi, kulturoloji prinsip kimi orada qəbul olundu və Kazan YUNESKO deklarasiyasına daxil edildi. Hesab edirəm ki, bu, böyük bir qələbədir. Mən orada çatdıra bildim ki, hazırda multikulturalizmə alternativ heç nə yoxdur. Hətta mən orada bir fikir də söylədim. Dedim, bir çox insanlar deyir ki, dünyanı gözəllik xilas edəcək. Bu, Dostoyevskinin sözləridir. Dedim, mən Dostoyevskini çox sevirəm, çox hörmət etdiyim müdrik yazıçıdır, amma, mən onunla bu barədə razı deyiləm. Çünki Dostoyevski gözəllik deyəndə, daxili, mənəvi gözəlliyi nəzərdə tutub. Əqli mədəniyyətdən danışmayıb. Onu da, insanların çoxu elə zahiri gözəllik kimi başa düşüb. Dedim, bu düzgün deyil. Gözəl qadınlar və gözəl torpaqlar uğrunda çox müharibələr olub. Yalnız əqli mədəniyyətlə mənəvi mədəniyyətin qovşağı dünyanı xilas edə bilər. Azərbaycan üçün, eləcə də bütün xalqlar üçün bu çox vacibdir. Mən hesab edirəm ki, insanın əsl dəyərinin meyarı mədəniyyətdir.

 

...Etika və mənəviyyat fərqli anlayışlardır. Etika müəyyən davranış qaydalarını qəbul edən və nümayiş etdirən anlayışdır. Mənəviyyata isə  insanlıq, mərdlik, alicənablıq, xeyirxahlıq, insansevərlik və s. kimi keyfiyyətlər daxildir. İstənilən cəmiyyətdə, hətta ailədə belə, qardaşın biri müsbət, digəri mənfi ola bilir. Mədəni insanın davranışı ilə insanın mədəni davranışı eyni deyil. Məsələn siz, mədəni insan kimi, istənilən stress və ya çətin situasiyada öz mədəniyyətinizə uyğun hərəkət edəcəksiniz. Başqa insanlar isə, mədəni insanları görüb çalışacaqlar ki, uyğunlaşsın. Bir anadangəlmə mədəniyyət olur, digəri isə təhsil, tərbiyə vasitəsi ilə qazanılır. İkinci amil daha vacibdir. Xeyir, şər haqqında düzgün təbliğat aparmaq, insanları düzgün yola yönəltmək lazımdır. Bacarırsansa, xalqına, bəşəriyyətə xidmət elə. Bacarmırsansa, pislik etmə. Əgər yaxşı insanlara cəmiyyət dəyər versə, onların statusları güclənər. Hər kəs üçün nümunəyə çevrilərlər.

 

...Mədəni insan düsturunu həyata keçirmək üçün, mədəni insana tələbatı formalaşdırmaq və yüksək mədəniyyətli insanları qiymətləndirmək lazımdır. Cəmiyyət görsün ki, Azərbaycan belə insanları qiymətləndirir. Cənab prezident insan kapitalından və multikulturalizmdən danışaraq, bu iki strateji vəzifəni Azərbaycan xalqının qarşısına qoyub. Deyə bilərəm ki, bu çox müdrik və bir- birindən asılı vəzifələrdir. Yaradıcı, produktiv, mədəni insanlar nə qədər çox olsa, sabit, güclü, sağlam dövlətimiz və gözəl nəticələrimiz olar. Mədəni insan olmasa, multikulturalizm baş tutmaz. Təəssüf hissi ilə deyə bilərəm ki, biz Azərbaycanda Kulturologiyaya lazımi dəyər verməmişik. Mən 90-cı illərin axırında Kulturoloqlar cəmiyyəti adından Ali Attestasiya Komissiyasına müraciət etdim ki, bu cür kadrları hazırlamaq bizim milli maraqlarımıza uyğundur. Fikirləşirdim ki, bu elmi şura ümumrespublika əhəmiyyətli  olmalıdır. Bu şura Mədəniyyət və İncəsənət Universitetinə verildi və sənətşünaslıq səpkisində istiqamətləndi. Bu, düzgün deyil. Çünki incəsənət kulturologiyanın yalnız bir istiqamətidir. Kulturologiya insanın həyat fəaliyyəti ilə bağlı elmdir. Ona görə də tək incəsənətlə bağlı olmamalıdır...

 

...Mənim səadət düsturum var, 21 bənddən ibarətdir. Qısaca demək istərdim ki, insan xoşbəxt olmaq üçün əqli və mənəvi mədəniyyətini daim artırmalıdır. Ən vacib xüsusiyyətlərdən biri, səmimi olmalıdır. Qeyri-səmimiliyin və riyakarlığın sonu pis olur. İstənilən münasibətdə 3 əsas yanaşma ola bilər. Manipulyasiya, sərt rəqabət və əməkdaşlıq. Millətin, cəmiyyətin sabit inkişaf etməsi üçün üçüncü yanaşmanı seçməsi çox vacibdir. Manipulyasiya odur ki, mən özümü ağıllı hesab edirəm, amma digərlərini yox. Bu da münaqişə yaradır. Sərt rəqabət də, tərəflərin bir- birini məhv etməsinə gətirib çıxara bilər. Əməkdaşlıqda isə, qüvvələr birləşsə, böyük nəticələr əldə etmək olar. Çox şeyi pulla alıb-satmaq olur. Amma 3 şey - həqiqi dostluq, həqiqi məhəbbət və yüksək ruhi mədəniyyət pulla alınmır. Çünki ürəyə əmr etmək olmur, bunları qazanmaq lazımdır.

 

X

XƏBƏRLƏR
BÖYÜT