Latviya səfiri: "Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz heç vaxt dəyişməyib"
13:12 – 17 Yanvar, 2017

Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsun APA TV-yə müsahibəsi

 

- Azərbaycanla Latviya arasında iqtisadi əlaqələr hazırda hansı səviyyədədir?

 

- Əvvəlcə qeyd edim ki, artıq Yeni ildir. Azərbaycanda yaşayan hər kəsi Yeni il münasibətilə təbrik edirəm. Sualınıza cavab olaraq, mən ilk olaraq bizim münasibətlərə ümumi nəzər salmaq istəyirəm. İki ölkənin münasibətləri iqtisadi və siyasi sahələri əhatə edir. Siyasi münasibətlərdən danışanda mən həmişə deyirəm ki, Latviya ilə Azərbaycan arasında əla münasibətlər var. İqtisadi münasibətlərə gəldikdə isə, sirr deyil ki, son illərdə güclü böhran yaşanır. 2015-ci illə müqayisədə iki ölkə arasında əmtəə mübadiləsi 50 faiz aşağı düşüb. Bu, həqiqətən də çox böyük bir enişdir. Buna isə neftin qiymətinin enməsi, milli valyutanın devalvasiyası təsir edib. Bu cür iqtisadi durumda investisiya yatırmağa maraq azalır. Bütün bunlar bizim iqtisadi münasibətlərə də təsir edib. Siyasi münasibətlərdən fərqli olaraq, təəssüflər olsun ki, iqtisadi sahədə əlaqələrimizlə öyünə bilmirik.

 

- Azərbaycanda nə qədər Latviya şirkəti? Bəs Latviyada nə qədər Azərbaycan şirkəti fəaliyyət göstərir?

 

- Keçən il Azərbaycan parlamentinin spikeri Latviyaya səfəri zamanı Latviya parlamentinin spikeri xanım İnara Mornetsa ilə görüşdü. Görüşdə Azərbaycan spikeri 20 şirkətin adını çəkdi. Amma daha aktiv fəaliyyət göstərən şirkətlərin sayı 5-10-dur. Mən bir səfir kimi burada olan bütün şirkətlərlə aktiv işləyə bilməmişəm. Amma 5-10 şirkətlə mütəmadi görüşürük. Latviyadakı Azərbaycan şirkətlərinə gəldikdə isə, birgə müəssisələrin sayı 105-110-dur. Bu şirkətlər də əsasən daşınmaz əmlak ticarəti və qida sənayesini əhatə edir. Məsələn, mən Yeni ildə istirahətim zamanı Riqa yaxınlığında olan "Bakı" restoranını ziyarət etdim. Azərbaycanda isə əsasən əczaçılıq, maliyyə müəssisələri və turizm sahəsində birgə əməkdaşlıq edən şirkətlər fəaliyyət göstərir.  

 

- İki ölkə bir-birinin iqtisadiyyatına qarşılıqlı nə qədər investisiya yatırıb?

 

- Bilirsiz, Latviya şirkətlərinin Azərbaycana yatırımları demək olar ki, yoxdur. Keçən il və inişil Latviya şirkətləri Azərbaycana heç bir investisiya qoymayıb. Azərbaycanın Latviyaya sərmayə qoyuluşuna gəldikdə isə, keçən il bu rəqəm təxminən 11 milyon dollar təşkil edirdi. Bu, Azərbaycan şirkətlərinin Latviyaya bilavasitə ayırdığı maliyyə yatırımıdır. Amma təəssüflər olsun ki, Latviya şirkətlərinin Azərbaycana sərmayə qoyuluşu ilə öyünə bilmərik.

 

- Latviya şirkətlərinin Azərbaycana sərmayə qoymaqda maraqlı olmaması nə ilə əlaqədardır?

 

- Biz bu məsələ ilə bağlı analiz aparmağı düşünürük. Buna bir çox faktorlar təsir edir. Viza faktoru kimi çox sadə məsələ də buna təsir edir. Eyni zamanda məsafə uzaqlığı da təsir edir. Çünki insanlar daha sərfəli olan yerlərdə bizneslərini qurmaq istəyirlər. Riqadan Bakıya 2 reyslə gəlmək mümkündür. O zaman biznesmen gününün çox hissəsini bura gəlməyə sərf etmək istəmir. Düşünürəm ki, son illərdə biznesin inkişafına devalvasiya faktoru da təsir edib. Ümumilikdə iki ölkə arasında ticarət dövriyyəsində əsasən yeyinti məhsulları üstünlük təşkil edir. Amma bu göstərici çox azdır. Ticarət dövriyyəsinə nəzər saldıqda, görərik ki, 9 faiz Latviya məhsulları bura gəlir. Amma Latviyaya buradan çox az məhsullar gedir.

 

- Latviya ilə Azərbaycan arasında iqtisadi münasibətləri inkişaf etdirmək üçün birbaşa təyyarə reyslərinin açılması gündəmdədirmi?

 

- İqtisadi münasibətlərə təbii ki, birbaşa reyslərin olmaması təsir edir. Nəzərinizə çatdırım ki, yay aylarında Bakı-Riqa, Riqa-Bakı birbaşa reysi fəaliyyət göstərir. Bu reyslər həftədə 2 dəfə baş tutur. Bu mövsümi reysdir. Birbaşa reysin olması isə mənim üçün, eləcə də Bakı və Latviyada biznesi olanlar üçün arzuolunandır. Amma təəssüflər olsun ki, sərnişinlərin sayının azlığı birbaşa reysin açılması üçün yetərli deyil. Gürcüstandan birbaşa Riqaya reys var və Gürcüstanla aktiv turist əlaqələri də var.

 

Latviyada təxminən 170 azərbaycanlı təhsil alır. Onlar da təbii ki, yay aylarında birbaşa bura uçmaq istəyirlər. Azərbaycanda çoxlu sayda insan var ki, Latviyaya, xüsusilə də Yurmalaya istirahətə gedirlər. Əgər birbaşa reys açılsa, o zaman düşünürəm ki, Riqadan Bakıya və Bakıdan Riqaya gələn turistlərin sayı artacaq.

 

- Təyyarə ilə Bakıdan transfer uçuşunun olması məsələsi realdırmı?

 

- Birbaşa yox, hansısa başqa ölkədən transfer uçuşunun olmasını nəzərdən keçirmişik. Məsələn, "AirBaltic" aviaşirkəti Riqa-Tbilisi-Bakı reysi ilə uça bilər. Mövsümi uçuşları həyata keçirən aviakompaniya bu məsələyə baxır. Əgər qərar verilsə, bu variant reallaşa bilər və məncə, bu, çox düzgün qərar olardı.

 

- Latviya Avropa Birliyinin üzvüdür. Bu, Latviyanın Azərbaycan vətəndaşları üçün viza verməsində hər hansı çətinlik törədirmi?

 

- Latviya AB-nin və Şengen zonası ölkələrinin üzvüdür. Latviyanın Estoniya, Litva, Polşa kimi qonşu ölkələrlə sərhədi yoxdur. İstənilən halda Latviyaya səfər üçün mütləq Şengen vizası olmalıdır. Latviyaya viza almaq isə çox asan və sadədir. Bu vizanı əldə etmək deyərdim ki, Latviya vətəndaşlarının Azərbaycana viza almasından da asandır. Bəzən deyirlər ki, Şengen zonası üçün viza almaq çox çətindir. Amma mən belə deməzdim. Sadəcə, bəzi vacib sənədləri təqdim etməlisən və doldurmalısan.

 

- Latviya ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq hansı səviyyədədir?

 

- Hərbi əməkdaşlıq demək olar ki, yoxdur. Bildiyim qədər keçən il ingilis dilinin  öyrənilməsinə maraq vardı. Çünki ingilis dilinin tədrisi hərbi terminlərin öyrədilməsi ilə bağlı idi. Latviya Müdafiə Nazirliyinin nümayəndələri bura gəlib danışıqlar aparmışdılar. Minatəmizləmə və dalğıclıq üzrə təlimlərin keçirilməsi ilə bağlı təkliflər də var. Bu təkliflər hələ də gündəmdədir. Amma neçə ildir ki, bu istiqamətdə aktivlik yoxdur.

 

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Latviyanın mövqeyində dəyişiklik varmı?

 

- Bizim mövqeyimiz bütün bu dövr ərzində heç vaxt dəyişməyib. Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Bu, bütün Latviya rəsmilərinin çıxışlarında da qeyd edilib. Avropa Şurası, Avropa Parlamenti, BMT kimi beynəlxalq təşkilatlarda da həmişə biz bu mövqeyi qeyd edirik.

 

- Bu il Azərbaycana hər hansı yüksək səviyyəli rəsmilərin səfərlərinin olması planlaşdırılır?

 

- Biz bu il Latviya prezidenti və xarici işlər nazirinin Azərbaycana səfərini planlaşdırırıq və bu istiqamətdə çalışırıq. Hələ ki, tarix və proqram dəqiq deyil. Sonda qeyd edim ki, iki ölkə arasında qarşılıqlı maraq olduqda, viza məsələsi asanlaşdıqda, birbaşa reyslərlə bağlı məsələlər həll olunduqda, düşünürəm ki, iki ölkə arasında yalnız siyasi yox, iqtisadi münasibətlər də yaxşılaşacaq. Biz elə etməliyik ki, bizim ölkələrin əhalisi daha çox bir-biri ilə ünsiyyət qursunlar. O zaman iqtisadi münasibətlərdə də inkişaf görəcəyik.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT