İsrailli diplomat: "İsrail-Türkiyə münasibətlərinin normal olması Azərbaycanı məmnun edir"
11:27 – 13 Fevral, 2017

İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Amir Romun APA TV-yə müsahibəsi

 

- Azərbaycanla İsrail arasında ikitərəfli əlaqələri necə qiymətləndirirsiniz?

 

- İsrail Azərbaycanla strateji əməkdaşlığa böyük önəm verir. Bu il Azərbaycanla İsrail arasında əməkdaşlığın 25 illiyi tamam olur. İsrail 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan 4-cü dövlət olub. Artıq o vaxtdan başlayaraq iki ölkə arasında qarşılıqlı etibara və hörmətə əsaslanan sıx dostluq əlaqələri mövcuddur. Azərbaycan və İsrail eyni qlobal çağırışları bölüşür. Məsələn, beynəlxalq terrorizmə qarşı mübarizə və iki ölkə arasında əlaqələri genişləndirmək üçün eyni ideyaları bölüşür. Bu yaxınlarda İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfəri iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasını göstərdi. Səfər çox uğurlu oldu. Netanyahu və xanımı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən çox isti qarşılandı. Bu isə həm də iki ölkə liderləri arasında əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisidir. İsraillə Azərbaycan arasında münasibətlər yalnız siyasi yox, həm də iqtisadi, sosial, mədəni, təhsil sahələrini əhatə edir.

 

- İsrail Azərbaycanla hansı sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlıdır?

 

- İsrail Azərbaycanla siyasi əlaqələri artırmaqda maraqlıdır. Eyni zamanda iqtisadiyyat, kənd təsərrüfatı, yüksək texnologiyalar, təhsil sahəsində də əməkdaşlıqda maraqlıyıq. Yüksək texnologiyalar, innovasiyalar, kənd təsərrüfatı sahələrində hər 2 ölkə öz təcrübələrini bir-biri ilə bölüşə bilər. Tibb sahəsində də əməkdaşlıq üçün yaxşı potensial var. Bundan başqa, insanlar arasında mədəni əlaqələri genişləndirmək maraqlı olduğumuz sahələrdən biridir. Bu yaxınlarda İsraildən müğənniləri dəvət etmişdik. Burada muğam ustaları ilə birlikdə çıxış etdilər. Biz gələcəkdə digər müğənniləri də dəvət etmək niyyətindəyik. Bu da yeni gələcək üçün həyata keçirilən çox vacib layihələrdən biridir.

 

- İki ölkə arasında iqtisadi əlaqələri daha da inkişaf etdirmək üçün gələcək planlar nədir?

 

- İki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün böyük potensial var. Benyamin Netanyahunun səfərində kənd təsərrüfatı, ikiqat verginin aradan qaldırılması, standartlaşdırma və  hökumətlərarası komissiyanın yaradılması ilə bağlı 4 razılaşma əldə edildi. Bu isə həm dövlət, həm də özəl sektorların əlaqələndirilməsi üçün çox vacibdir. Kənd təsərrüfatı iqtisadi sahənin vacib hissəsidir. Azərbaycanda kənd təsərrüfatı sahəsində zəhmətkeş işçi qüvvəsi var. İsrail Azərbaycana su ehtiyatlarının qənaətlə işlənməsində kömək edə bilər. Yəni suya qənaət etməklə kənd təsərrüfatı məhsullarını necə çoxaltmaq olar? Digər vacib sahə yüksək texnologiyalardır. Prezident İlham Əliyev də buna çox böyük önəm verir. İsrail şirkətləri bu sahədə öz təcrübələrini bölüşə bilərlər. Eyni zamanda İsrail şirkətləri əczaçılıq sahəsinə investisiya qoyuluşunda Azərbaycana kömək edə bilər və Azərbaycanın özündə dərman preparatların istehsalına yardım edə bilər. Digər vacib sahə enerjidir. Burada isə biz Azərbaycanın təcrübəsindən yararlana bilərik. Çünki Azərbaycan  artıq 19-cu əsrdən neft istehsalına başlayıb. İsraildə isə bu sahədə yenidir. Netanyahu Azərbaycana səfərində gələcəkdə İsrailin də TANAP və TAP layihələrinə qoşulması potensialından danışdı. Bildiyimiz kimi, bu boru xətti Azərbaycandan başlayır, Gürcüstan və Türkiyədən keçməklə Avropaya gedir. Xüsusilə indi Azərbaycan iqtisadi çağırışlarla üz-üzədir. Azərbaycan enerjidən asılılığını azaltmaq istəyir. Bu isə əməkdaşlıq üçün düzgün vaxtdır. İsrail texnologiyasını və öz təcrübəsini bölüşmək istəyir, həm də Azərbaycanın bu sahəyə  ehtiyacı var. Bu isə əməkdaşlıq üçün çox yaxşı potensialdır.

 

- Hazırda dünyanın diqqəti 6 ildir ki, bitməyən Suriya münaqişəsinin həllinə yönəlib. İsrail Suriyada münaqişənin həlli yolunu necə görür?

 

- Təəssüflər olsun ki, Suriyada vəziyyət faciəvidir. Müxtəlif qüvvələr arasında gərgin mübarizə gedir. İsrail bu münaqişədə heç kimin tərəfində deyil. Amma biz Suriyada yaralılara yardım edən ilk ölkəyik. Onlar tibbi yardım almaq üçün İsrailə gəldikləri zaman xəstəxanalarda müalicə olundular. Yaralılar gələndə qorxurdular və onlarla necə davranılacağını bilmirdilər. Hətta öldürüləcəklərindən qorxurdular. Lakin onlara ən yüksək tibbi yardım göstərildi. Bu yaxınlarda İsrailin daxili işlər naziri bildirdi ki, təxminən 100 yetim uşaq İsrailin sosial təminat xidmətləri ilə təmin olunacaq. Bu, İsrailin suriyalılara humanitar yardım etməsi ilə bağlı daha bir nümunədir.

 

Təhlükəsizlik məsələsinə gəldikdə, əgər bir tərəf İsrail üçün təhlükəlidirsə, İsrailin suverenliyini təhdid edirsə, o zaman BMT qətnamələrinə uyğun olaraq öz hüququmuzdan istifadə edəcəyik və özümüzü müdafiə edəcəyik. Suverenliyimizə xələl gətirəcək hərəkətlərə və İran hakimiyyətinin Bəşər Əsəd vasitəsilə "Hizbullah"a silah ötürməsinə imkan verə bilmərik. Bu təşkilat keçmişdə də, indi də İsrailin dinc əhalisinin həyatı üçün təhlükədir. Suriyada baş verən hadisələrin məsuliyyəti bütün tərəflərin - həm Bəşər Əsəd və "Hizbullah"ın, həm də ekstremist qruplar olan İŞİD, "Ən-Nüsra Cəbhəsi" və digər bu kimi ekstremist təşkilatların üzərinə düşür. Biz ümid edirik ki, məsələ tezliklə həll olunacaq. Amma təəssüflər olsun ki, hələdə bu görünmür.

 

- İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət necədir?

 

- Biz düşünürük ki, münaqişənin həlli üçün ən yaxşı yol İsraillə Fələstin arasında birbaşa danışıqların aparılmasıdır. Təcrübəmizdən bilirik ki, uzunmüddətli münaqişələr, zorakılıqlar, hərbi münaqişələr heç bir tərəf üçün xeyirli deyil. Keçmişdə biz Misir və İordaniya ilə sülh müqaviləsi bağladıq. Ona görə də təcrübəmizdən deyə bilərik ki, sülh müqavilələri iqtisadi-siyasi əlaqələrə və insanlar arasında münasibətlərə müsbət təsir göstərir. Amma təəssüflər olsun ki, Fələstin tərəfi danışıqlardan yayınır. Onların prioriteti münaqişəni beynəlxalq arenaya çıxarmaqdır. Onlar Yerusəlim və ya hər hansı başqa yerdə İsraillə bir masa arxasında oturub münaqişəni həll etməyin yollarını müzakirə etmək üçün danışıqlar aparmır. Bir müddət əvvəl baş nazir Benyamin Netanyahu dedi ki, fələstinlilər İsrailin yəhudilərin vətəni olduğunu qəbul etməlidir. Fələstin fələstinlilərin, İsrail isə yəhudilərin vətənidir. Amma bunu qəbul etmək istəmirlər. Onlar bunu qəbul etməyənə qədər münaqişəni həll etmək mümkün olmayacaq. Netanyahu və ondan əvvəlki baş nazir çox açıq şəkildə bəyan ediblər ki, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdırlar. Fələstin tərəfi razılaşmalıdır ki, sülh əldə olunması üçün birbaşa danışıqlar aparmalıdırlar.

 

- Donald Trampın hakimiyyətə gəlməsindən sonra İsrail-ABŞ münasibətlərinin necə olacağını düşünürsünüz?

 

- ABŞ-la İsrail arasında tarixən yaxşı əlaqələr olub. Hər iki ölkə illərdir ki, strateji tərəfdaşdır və bir-birini müdafiə edirlər. İsrail ABŞ üçün vacib tərəfdaşdır. Əlbəttə, bəzən narazılıqlar olur. Hətta ailədə də bacı-qardaş, ana-övlad arasında mübahisələr olur. Amma bu, münasibətlərin təbiətinə təsir etmir. Biz ümid edirik və əminik ki, Donald Trampın yeni administrasiyası ilə ikitərəfli münasibətlərimiz yaxşı olacaq.

 

- Türkiyə ilə münasibətlərin hazırkı səviyyəsi barədə nə deyə bilərsiniz?

 

- Bu yaxınlarda biz Türkiyə ilə "Mavi Mərmərə" gəmisində baş vermiş narazılığın aradan qaldırılması üçün razılıq əldə etdik. İndi İsrailin Türkiyədə, Türkiyənin isə İsraildə yeni səfiri var. Bu isə danışıqlar, dialoq yolu ilə problemi həll etməyin sübutudur. İndi biz yeni yoldayıq. Bu isə Yaxın Şərqdə sülhə töhfə verir. Yaxın Şərqin əhəmiyyətli oyunçuları olan bu iki ölkənin yaxşı münasibətinin olması region üçün faydalıdır. Azərbaycanın həm İsrail, həm də Türkiyə ilə yaxşı münasibətləri var. Azərbaycanı əlbəttə ki, İsraillə Türkiyə arasında münasibətlərin isti olması məmnun edir. İndi iki ölkənin yaxşı münasibətləri var.

 

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İsrailin mövqeyi necədir?

 

- Bizim müharibə, münaqişə ilə bağlı təəssüflər olsun ki, uzun illik təcrübəmiz var. Anlayırıq ki, münaqişənin həllinə dair ən yaxşı yol sülhdür. O cümlədən də Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə dair fəaliyyətini, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.

 

- Azərbaycanda çoxlu sayda yəhudi yaşayır. Onların buradakı cari həyat şəraiti barədə nə deyə bilərsiniz?

 

- Azərbaycanda yəhudilərin yaşayış tarixi 1000-2000 il əvvələ gedir. Əslində Azərbaycan müxtəlif etnik qrupların, millətlərin, dinlərin birgə yaşayışına dair digər dövlətlər üçün nümunədir. Azərbaycan multikultural ölkədir. Müxtəlif qruplar birgə, tolerant yaşayır. Yəhudilər burada müxtəlif etnik qruplardan olan millətlərlə birgə yaşamaqdan məmnundur. Azərbaycan hakimiyyətinin yəhudilərə münasibəti mükəmməldir. Azərbaycan şiə və sünnilərin birgə, dinc yaşamasını nümayiş etdirən nümunəvi dövlətdir. Hətta Avropada da antisemitizm artıb. Amma burada yaşayan yəhudilər heç bir ayrı-seçkiliklə üzləşmir.

 

Sonda onu da əlavə etmək istərdim ki, 1 il 6 aydır Azərbaycandayam və əvvəllər Azərbaycan haqqında elə də çox məlumatlı deyildim. Amma buradakı diplomatik fəaliyyətim dövründə Azərbaycanın necə gözəl ölkə olduğunu gördüm. Bir çox regionlara - Şəki, Qəbələ, Quba, Lənkərana, Bakının hər yerinə səfər etmişəm. Burada olmaqdan və səfirlikdə işləməkdən çox məmnunam. 

X

XƏBƏRLƏR
BÖYÜT