İflic təhlükəsi: Hansı əlamətlərdən şübhələnməli?
16:24 – 15 Fevral, 2017

“45-55 yaşlarda iflicə səbəb olan ən geniş yayılmış hal beyin qan dövranı pozğunluğudur” 

 

 

“6 kişidən, 5 qadından birində iflicə səbəb olan beyin qan dövranı pozğunluqları aşkarlanır” 

 

“Son zamanlar daha cavan yaşlarda ifliclərə rast gəlinir”

 

 “Vaxtında profilaktik tədbirlər görməklə iflicdən qorunmaq olar” 

 

“Beyin qan dövranı pozğunluqları baş verəndən ilk 3-6 saat ərzində xəstəyə yardım olunsa, iflicdən xilas olur”

 

“İflic həm qəflətən şiddətli, həm də hiss olunmayacaq tədrici əlamətlərlə özünü büruzə verir”

 

“Vaxtında həkimə müraciət olunsa, iflic xəstələrinin müalicəsi mümkündür”

 

“Qolda, əldə keyləşmə, əzələ zəifliyi varsa, mütləq həkimə müraciət etmək lazımdır”

 

“İflic olanların sayının artmasına səbəb olan amillərdən biri də hərəkətsizlik, artıq çəkidir”

 

 

“İfliclər keyləşmə, nitqin pozulması, yaddaşın, görmənin itməsi kimi əlamətlərlə özünü göstərir”.  

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında nevroloq, Mərkəzi Klinik Xəstəxananın həkimi Mərziyyə Muxtarova deyib.

 

Mütəxəssis bildirib ki, iflic mərkəzi və periferik sinir sistemlərinin zədələnmələri nəticəsində inervasiya olunan bölgədə hərəkətsizliyin yaranmasıdır. İfliclərin bir neçə formada olduğunu, mərkəzi və periferik tipli ifliclərə ayrıldığını deyən həkim qeyd edib ki, mərkəzi tipli ifliclər mərkəzi sinir sisteminin yəni baş beyin və onurğa beyninin mərkəzi neyronlarının zədələnmələri nəticəsində yaranır.

Periferik ifliclər isə periferik sinirlərin keçdikləri bölgələrdə sıxılma nəticəsində və yaxud da onun xəstəlikləri nəticəsində inkişaf edir.

 

Mərkəzi sinir sisteminin bir sıra xəstəliklərinin iflicə səbəb olduğunu deyən mütəxəssis bildirib ki, buraya ensefalitləri, meningitləri, beyin qan dövranının pozulması halları aiddir.

 

45-55 yaşlarda ifliclərə daha çox rast gəlindiyini deyən mütəxəssisin sözlərinə görə, iflicə səbəb olan əsas amil beyin qan dövranı pozğunluqlarıdır.

 

M. Muxtarova deyib ki, 6 kişidən, 5 qadından birində iflicə səbəb olan beyin qan dövranı pozğunluqları aşkarlanır. Həkim qeyd edib ki, bu, dünyada ölümə səbəb olan xəstəliklər arasında birinci, mərkəzi sinir sisteminin ölümə səbəb olan xəstəlikləri arasında isə birinci yerdə gəlir.

 

Onun sözlərinə görə, son statistik məlumatlar bu səbəbdən yaranan ifliclərin çox cavan dövrdə - 30-40 yaşlarda aşkarlandığını göstərir: ”Faiz etibarilə götürdükdə 30-45 yaşlarda iflic halları az olsa da, son zamanlar bu sayda artım var. İflic yaradan xəstəliklərin cavanlaşması insanların daha çox hərəkətsiz olmaları, piylənmə faktorları ilə də bağlıdır”.

 

Mütəxəssis qeyd edib ki, beyin qan dövranı pozğunluqlarından sonra ifliclərin yaranmaması üçün vaxtında tədbirlər görülməlidir. Siqaret, alkoqol qəbulundan imtina, qanda xolesterin kontrolu, beyinə daxil olan damarların müayinəsinin aparılması ilə mövcud olan risk faktorlarından qorunmaq mümkündür.

 

İflic öncəsi qeydə alınan əlamətlər barədə danışan nevroloq deyib ki, beyin qan dövranının pozğunluqları nahiyəsindən asılı olaraq qollarda keşləşmə, yaddaşın itməsi, nitqin, görmənin pozulması, qulaqlarda küyün artması, başgicəllənmə kimi əlamətlərlə özünü büruzə verir.

 

Mütəxəssis bütün bu əlamətlərin anidən də ortaya çıxdığını, eyni zamanda kiçik, nəzərə çarpmayacaq dərəcədə klinik əlamətlərin qeydə alınmasının mümkün olduğunu bildirib.

 

Həkim vurğulayıb ki, beyin qan dövranı pozğunluğu baş verən xəstəyə ilk üç saat ərzində yardım olunarsa, onu iflicdən xilas etmək mümkündür: “Bu müddət ərzində müraciət olunmayıbsa, heç olmasa altı saat ərzində xəstəni həkimə çatdırmaq lazımdır.

Əgər bu vaxt itirilibsə, bizim üçün xəstəni iflicdən xilas etmək çox çətin olur.

Vaxtında müraciət edəndə zədələnməmiş ətraf neyronları qoruyub saxlamaq mümkündür. Ətraf neyronlar zədələnmiş nahiyənin funksiyalarını öz üzərinə götürür. Bunun sayəsində iflicin, parezin qarşısı alınır. Nəinki iflicin qarşısı alınır, hətta xəstənin həyatı xilas olur”.

 

M. Muxtarova qeyd edib ki, əllərdə, barmaqlarda cüzi keyimə, yaddaşsızlıq, unutqanlıq, başgicəllənmə hissi olan şəxslər mütləq həkimə müraciət etməli, nevroloq müayinəsindən keçməlidirlər.

 

Erkən müayinələrin mühüm əhəmiyyət kəsb etdiyini bildirən mütəxəssis deyib ki, keyləşmə əlaməti bir çox səbəblərdən yarana bilər. Təkcə beyin qan dövranının pozulması nəticəsində keyləşmə yaranmadığını deyən nevroloqun sözlərinə görə, beyin toxumasında yaranmış şişlər, infeksion, iltihabi xəstəliklər nəticəsində də keyləşmənin yaranması mümkündür.

 

Kişi orqanizmində ifliclərə daha çox rast gəlindiyini bildirən həkimin sözlərinə görə, bu, kişilər arasında ürək qan damar sistemi xəstəliklərinin, beyin qan dövranı pozğunluqlarının daha geniş yayılması, siqaret, spirtli içkilərin qəbul olunması ilə əlaqədardır.

 

Üzdə yaranan ifliclər - parezlər barədə sualları cavablandıran həkim üz parezlərinin mərkəzi və periferik olduğunu deyib. 

 

Üzün mimik əzələlərini inervasiya edən 7-ci sinirin periferik tipli zədələnməsinin total zədələnmə olduğunu açıqlayan M. Muxtarova deyib ki, periferik tipli zədələnmə zamanı üz siniri iflic olur, ağız bucağı əyilir, xəstə gözlərini qapaya bilmir. Üz sinirinin mərkəzi iflici isə beyin qan dövranı pozğunluqlarında, beyində olan şişlərdə yarana bilir. Bu halda da xəstənin ağız bucağı əyilir.

 

Həkim deyib ki, periferik zədələnmə ilə bağlı yaranan üz parezlərini tamamilə aradan qaldırmaq mümkündür. Onun sözlərinə görə, mərkəzi tipli zədələnmələri bərpa etmək çətindir.

 

Mütəxəssis, periferik tipli zədələnmələrin sinirin soyuğa məruz qalması nəticəsində də baş verdiyini qeyd edib: “Son araşdırmalar naməlim mənşəli virusların da periferik siniri  zədələdiyini, iflic yaratdığı göstərir. Bütün bunlar qəflətən baş verir. Xəstə yuxudan duranda ağız bucağının əyildiyini, gözünün qapanmadığını görür”.

 

Nevroloq üz siniri iflic olmuş şəxslərə bir sıra faktorlardan o cümlədən soyuqdan, kondisionerdən qorumağı tövsiyə edib.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT