Müsəlman məzhəbdən imtina edə, 2 məzhəbi birləşdirən ortaq məzhəb yarada bilərmi?
18:31 – 24 Fevral, 2017

Məzhəb fərqliliyinə baxmayaraq, müsəlmanlar ortaq dəyərlər ətrafında birləşə bilərmi? Vəhdətə necə nail olmaq mümkündür?

 

 

"Mən şiə oğlu şiə elan edirəm ki, sünnilər mənim qardaşım və canlarımdır. Hamımız Məhəmməd ümmətiyik, bir atanın övladlarıyıq".

 

Son günlər “Qasımbəy” məscidinin axund müavini, ilahiyyatçı Hacı Samir Ağayevin sosial şəbəkədə paylaşdığı bu fikirlər geniş müzakirələrə səbəb olub. Aktuallığını nəzərə alaraq, APA TV-nin "Yaşıl orta" verilişi islamda din qardaşlığı  mövzusunu müzakirə edib. Statusun müəllifi S.Ağayev və digər ilahiyyatçı Ramiq Vəliyev verilişin qonağı olub. Hər iki ilahiyyatçı islam vəhdətini dəstəkləyib və din qardaşlığının vacibliyini vurğulayıb.

 

S.Ağayev bildirib ki, islam din qardaşlığını dəstəkləsə də hələlik praktikada islam vəhdətini tam həyata keçirmək çətindir: “ Tam islam vəhdəti ya çətindir, ya da məqsədli şəkildə çətinləşdirilib. Bütün halda hər iki məzhəb nümayəndələri, din xadimləri  islam birliyinin tərəfdarıdır. Hələlik  nəzəri olaraq mümkündür. Amma biz çalışmalıyıq ki, vəhdəti əmələ də çevirə bilək. Sosial şəbəkədə  paylaşdığım statusu dəstəkləyənlər daha çox idi. Təəssüf ki, islam ümməti arasında vəhdət təfəkkürünə qarşı çıxan çağırışlar da var. Az olmalarına baxmayaraq, onların varlığı insanı narahat edir”.

 

S. Ağayev Yaxın Şərqdəkı problemlərə toxunaraq, müsəlmanın müsəlmanı qətl etməsindən də danışıb: "Kəlmeyi-şəhadəti  söyləyən insanlar bir-birinə silah qaldırır. Təkfirçi müsəlmanların vəhdətini, birliyini pozmağa, islamın nurlu çöhrəsini çirkin göstərməyə çalışırlar. Bu təbii ki, uğursuz addımdır və heç vaxt qabağa getməyəcək. Müsəlman müsəlmanın qardaşıdır, onu sevməli və müdafiə etməlidir”. 

 

Ortaq məzhəb ideyasını uğursuz hesab Samir Ağayev bu yolla 3-cü məzhəbin yaranacağını qeyd edib: “ “Qurani-Kərim”də nəinki müsəlmanın müsəlmanla, hətta digər səmavi din nümayəndələri ilə də birləşməsi mümkün hesab edilir. Müsəlman  qeyri- müsəlmanla ortaq dəyər ətrafında birləşə bilərsə, yüzlərlə ortaq dəyəri olan müsəlmanların bir-biri ilə birləşməsi  mümkün deyilmi?  “Əli-İmran”  surəsinin 103-cü ayəsində  buyurulur ki, hamılıqla Allahın ipindən yapışın. İslamda vəhdət üçün böyük əsaslar var: Allahın, peyğəmbərin və “ Qurani-Kərim”in varlığı”.

 

          Vəhdətin önəmindən danışan ilahiyyatçı Ramiq Vəliyev məzhəb qarşıdurmasının islam dünyasına vurduğu zərərlər barədə də məlumat verib: “ Müsəlmanlar arasında birlik olması vacib şərtdir. Hətta digər səmavi dinlərlə də birləşərək qlobal problemlərə qarşı mübarizə apara bilərik. Allah deyir ki, ortaq kəlməyə gəlin. Odur ki, digər ilahi kitablara inanan dindarlarla birləşib, qarşısı alınmayan  zülmü dayandırmaq məhz inanclı insanların boynuna düşür. İnanan insanlar bir-birini sevmədikcə, qardaş olmadıqca, bu zülmü dayandırmaqdan söhbət gedə bilməz. Ona görə müsəlman qardaşlığı, din qardaşlığı çox əhəmiyyətlidir. Çünki dinin təməlində sevgi dayanır. Odur ki, islam qardaşlığını əmələ çevirməyin vaxtı çatıb".  

 

          Dini maarifləndirmənin önəmini vurğulayan R.Vəliyev islamı doğru şəkildə tanıtmağa ehtiyac olduğunu bildirib: “nsanlar birləşmək üçün məzhəblərdən yaxa qurtarmağa çalışırlar. Məzhəblərin varlığı, peyğəmbər (s.ə.s.) vəfatından sonra batil, yəni doğru olmayan qruplara qarşı qurulan müdafiə sistemidir. Dini qorumaq üçün məzhəb imamları tərəfindən yaradılan sistemdir. Əgər iki məzhəbi birləşdirmək istəsək, üçüncü məzhəb ortaya çıxacaq. Bunun olmaması üçün peyğəmbərimizin yaşadığı dövrə qayıtmalıyıq. Mənim fikrimcə, vəhdət  “Qurani-Kərim”lə birləşərək mümkündür".

 

Vəhdəti dəstəkləyən digər ilahiyyatçılar-Elvüsal Məmmədov və Aslan Həbibov telefonla canlı efirə qoşularaq, mövzu ilə bağlı fikirlərini bölüşüb, din qardaşlığına dair mesajlar veriblər.

 

X

XƏBƏRLƏR
BÖYÜT