Cəbhədə nələr olur?
15:24 – 27 Fevral, 2017

Son günlər cəbhə xəttində baş verən hərbi qarşıdurma  Azərbaycan cəmiyyətinin narahatlıqları ilə müşahidə edilməkdədir. Dövlət qurumlarının rəsmi məlumatları ilə yanaşı, sosial şəbəkələrdə qeyri-dəqiq məlumatlar yayılır və mənbəyi olmayan belə məlumatlar narahatlıqların daha da artmasına səbəb olur. APA-TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində Dağlıq Qarabağda son erməni təxribatının səbəbləri, həmçinin əhali arasında təşvişə səbəb olan məlumatlar, sosial şəbəkələrdə istifadəçilərin bu məsələyə münasibəti barədə aktual müzakirə aparılıb.

 

Millət vəkili Elman Nəsirova görə, ermənilər Xocalı soyqırımının 25 illiyi ərəfəsində, diqqəti özlərindən yayındırmaq məqsədilə həm təmas xəttində, həm də Azərbaycanla sərhəddə hərbi təxribata əl atıblar və yenə də layiqli cəzalarını alıblar. O, təxribat hallarını Azərbaycanın  beynəlxalq nüfuzu ilə əlaqələndirib: "Məqsəd bu idi ki, Azərbaycan prezidenti cənab İlham Əliyev Münhendə Təhlükəsizlik forumunda, eyni zamanda Brüsseldə görüşlər keçirdi. Azərbaycanın mövcud potensialı və xüsusilə də Ermənistanın işğalçılıq siyasəti ilə bağlı həqiqətləri bu imkandan istifadə eləyib, bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Azərbaycan prezidenti bütün kürsülərdən istifadə edir, çox dinamikdir. Bir çox hallarda Ermənistan prezidenti yalnız bu və ya digər halda Azərbaycan prezidentindən sonra həmin ölkəyə səfər etmək istəyir".

 

E. Nəsirov Ermənistanın həm də bu il aprelin 2-də keçiriləcək parlament seçkiləri ərəfəsində diqqəti daxili problemlərdən yayındıraraq, cəbhə bölgəsinə yönəltmək məqsədi ilə bu addımı atdığını vurğulayıb. Ermənistanı beynəlxalq hüququn normalarını pozmaqda ittiham edən E. Nəsirov İrəvandakı cinayətkar rejimin vəziyyəti hər an gərginləşdirməyə çalışdığını deyib.

 

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, erməni tərəfi axırıncı əməliyyatlarda Azərbaycandan yeddi dəfə artıq itki verib. O, sosial medianın inkişafının döyüş əməliyyatlarına xeyli problemlər yaratdığı fikrindədir: “Bizdə bir qədər dözümsüzlük var. Kompüter arxasında əyləşib, tələblər irəli sürmək asandır. Kompüter klaviaturası arxasında qəhrəman olmaq çox asandır”.

 

Ü. Cəfərov istifadəçiləri sosial şəbəkələrdə ehtiyatlı olmağa çağırır. Hərbi ekspert həmçinin hesab edir ki, ermənilərin öz meyitlərini gizlətməsi bir qədər asandır: “İşğal altında olan ərazilərdən İrəvana qədər onların tibb məntəqələri var. Sonrakı günlərdə özünüz görəcəksiniz. Analar artıq etiraz aksiyaları keçirir”.  Üzeyir Cəfərovun fikrincə, Azərbaycan bu gün bütün göstəricilərinə görə Ermənistanı üstələyir.

 

Hərbi jurnalist Kərim Kərimli isə hesab edir ki, mümkün qədər sülh variantına üstünlük vermək lazımdır: “Amma sülh danışıqlarının da bir həddi var”.

 

Modern.az saytının rəhbəri Elşad Eyvazlı rəsmi məlumatlara istinad etməyin vacibliyini vurğulayıb: “Bu gün ictimai rəyi rəsmi saytlardan daha çox, sosial şəbəkələr müəyyənləşdirir. Odur ki, rəsmi məlumatlara istinad etməliyik”.

 

Deputat Elman Nəsirova görə istənilən halda riskləri nəzərə almaq lazımdır: “Amma hüquq bizim tərəfimizdədir, BMT-nin nizamnaməsinin 51-ci maddəsinə əsasən mən hücuma keçirəmsə, bu müdafiədən gələn hücumdur. Biz müharibə yolunu seçsək, sənədlərə istinad edib, müharibəyə başlaya bilərik. Amma biz başlamırıq. Səbəb odur ki, vəziyyəti Ali Baş Komandan qədər heç kim bilməz. Ali Baş Komandan hələ ki, sülh danışıqlarına gedirsə, deməli bu ən düzgün variantdır”.

 

Mövzunu davam etdirən Üzeyir Cəfərov söyləyib ki, bəzi dövlətlər bağlı qapı arxasında tamam başqa fikir səsləndirirlər: “Həmsədr ölkələr səs verdikləri sənəddən nədənsə danışmırlar, ümumi söhbətlər edirlər. Özlərinə sərf edəndə, o sənədlər gündəmə gəlir.”

 

Ü. Cəfərov həmçinin Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov haqqında da danışıb: “Çingiz Qurbanov düşmənin zabit və əsgərlərini məhv edib, amma nəşi geri alınana qədər biz bunu dilə gətirmirdik. Bəzi mülki şəxslər bunu bilmir. Orada ölən hər bir zabit, hər bir əsgər konkret tapşırığı yerinə yetirmək üçün gedib”.

 

Ermənistan rəsmilərinin “Qarabağ uğrunda yerli qarabağlıların vuruşması” iddiasına münasibət bildirən Kərim Kərimli bu fikirlə razı deyil: “Əslində yerli Qarabağ ermənilərini bir yerə yığsan, heç bir polk belə alınmaz. İşğalçı ordunun əsas hissəsi Ermənistan vətəndaşlarıdır”.


Ermənilərin təbliğat məsələsinə toxunan Elşad Eyvazlıya görə, onlar son əməliyyatlarda ilk məlumatlar yaymaqla, özlərini sığortalamış olurlar: “Aprel hadisələrindən sonra ermənilərdə ciddi xof var. Bunu Ermənistanın sabiq müdafiə naziri də deyir. Ona görə də, bizim mətbuatda süzgəcdən keçirilmiş məlumatlar vermək lazımdır”.

 

Elman Nəsirov daha çox qələbəyə aparan, ruh yüksəkliyi gətirən məlumatların tərəfdarıdır: “Neqativ məlumatları çox qabartmaq olmaz”. 

X

XƏBƏRLƏR
BÖYÜT