Ermənilərin yaydığı görüntülər nəyə xidmət edir?
16:55 – 01 Mart, 2017

 

Ermənilərin Qarabağdakı təxribatları təkcə ön xətdə deyil, eyni zamanda mediada, sosial şəbəkələrdə də davam etməkdədir. Erməni tərəfinin sosial şəbəkələrdə şəhid əsgərlərimizlə bağlı görüntülər yayması, Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Bəzi saytlar isə hətta həmin görüntüləri paylaşmaqdan belə çəkinmirlər. Bəs bu görüntülər əslində nəyə xidmət edir?  Və ümumiyyətlə onları media və sosial şəbəkələrdə nüsxələmək nə dərəcədə doğrudur? APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsində bu mövzuya aydınlıq gətirilib.

    

Millət vəkili Musa Quliyev hesab edir ki, ermənilər tərəfindən yayılan istənilən informasiyaya birmənalı şəkildə ehtiyatla yanaşmaq lazımdır: “İstənilən informasiyanın təxribat olduğunu ilk növbədə ağlımızdan keçirməliyik. Erməninin öz məqsədi var. Çünki Ermənistanın özündə vəziyyət son dərəcə gərgindir. Onlar bundan xal qazanmaq, Xocalı soyqırımı ərəfəsində öz əhalisinə müəyyən ümidlər vermək, Serj Sərkisyanın güclü olduğu barədə görüntü yaratmaq istəyirlər. İkinci tərəfdən də bu, Azərbaycan auditoriyasına qarşı yönəlmiş bir təbliğat materialıdır”. Millət vəkili belə materialların Azərbaycanın sosial şəbəkələrində müzakirə edilməsini məqsədəuyğun saymır.  M. Quliyev bu qənaətdədir ki, sosial şəbəkələrdə müzakirə açanların əksəriyyəti azərbaycanlı deyil, sadəcə yalançı profillərlə bu işi həyata keçirirlər. Deputat yalnız rəsmi qurumlara istinad etməyin vacib olduğunu vurğulayıb.

 

“Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sosial şəbəkələrin bu  gün imkanlar baxımından mediaya yaxınlaşdığı, hətta onu üstələdiyi fikrindədir: “Sosial şəbəkələrdə də rəsmi məlumatlara istinad olunmalıdır. Səngərdə imiş kimi, hər bir sosial şəbəkə istifadəçisi ehtiyatlı olmalıdır. Azərbaycan KİV-ləri media mənsubları bu prosesə kifayət qədər təmkinlə yanaşdılar. Amma xəbəri sıxıb saxlamaq mümkün deyil. Bu baxımından hər bir təxribat materialının anti zəhəri olmalıdır. Biz gərək təxribat materiallarına xidmət etməyək”. R. Arifoğlu həmçinin bildirib ki, Azərbaycan mediası təxribat xarakterli məlumatlara əks reaksiya vermək iqtidarındadır. Onun sözlərinə görə, rəhbərlik etdiyi media qurum mövcud məsələdə yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatları əsasında işləyir.

 

Ehtiyatda olan mayor Rasim Fərşidov isə hesab edir ki, təəssüf ki, bəzi Azərbaycan KİV-ləri erməni təbliğatının bu təxribatına uydu: “Şəxsən bu mənə çox pis təsir göstərdi”.

 

Rauf Arifoğlu hesab edir ki, hərbi jurnalistika sahəsində, Müdafiə Nazirliyinin köməyi ilə təlim keçmiş xeyli jurnalist var: “Biz ön xətdə işləmək istəyərdik, amma bunu özbaşına etsək, partizanlıq kimi çıxır. Biz axı müəyyən edə bilmirik, nəyi çəkməliyik, nəyi çəkə bilmərik. Hansısa kazarmanı çəkəcəyik, sonra ermənilər onu vuracaqlar”. O, hərbi jurnalistikanın inkişafında media turların təşkilini vacib sayır.

 

Musa Quliyev Müdafiə Nazirliyinin sistemində bu əməliyyatları işıqlandıran çoxlu jurnalistlərin olduğu qənaətindədir: “Hərbin öz qanunları var. Mən hesab edirəm ki, hər bir adamı ora buraxmaq doğru deyil. Birincisi bu jurnalistin özünün həyatı baxımından təhlükəlidir. Xronikalar şübhəsiz ki, çəkilir”.

 

Verilişə telefon vasitəsilə qoşulan Mətbuat Şurasının sədri Əflatun Amaşov da şəhid olmuş əsgərlərimizin ermənilər tərəfdən çəkilmiş görüntülərinə münasibət bildirib: “Təmas xəttindən informasiyalar daxil olursa, onlar gərək Müdafiə Nazirliyi ilə razılaşdırılsın. Bu görüntülərin nümayişini düşmən dəyirmanına su tökmək kimi qiymətləndiririk”.  

 

Raf Arifoğlu sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyin tərəfdarıdır: “İmkanlar o qədər genişdir ki, uyğun siyasət qurulsa, bundan Azərbaycanın xeyrinə istifadə edə bilərik”.

 

Ermənilərin öz itkilərini gizlətməsi məsələsinə toxunan deputat Musa Quliyev bunun əsas səbəbini onların ehtiyat etməsində görür.

 

Rauf Arifoğlu isə deyib ki, Ermənistanda döyüşmək üçün missioner qruplar yığılmaqdadır: “Orada avropalı da var, zənci də var, suriyalı da var, rus da var. Xristian təəssübkeşliyi adı ilə mübarizə aparırlar. Onlar xüsusi rituallarla, elə öldükləri yerdə dəfn edilirlər”.  R. Arifoğlu hesab edir ki, Azərbaycanın bu cür qruplara ehtiyacı yoxdur, çünki nizami ordusu var. O, həmçinin Ermənistan cəmiyyətinin yorulduğu qənaətindədir.  

 

Vətənpərvərliyin vacib olduğunu vurğulayan Rasim Fərşidov, bu işdə televiziya kanallarının üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.   

X

XƏBƏRLƏR
BÖYÜT