Beyin ölümü: Bütün meyitlərdən orqan köçürmək mümkündürmü?
17:29 – 01 Mart, 2017

“Orqana ehtiyacı olan xəstələrin sayı çox, donorların sayı isə azdır”

 

“Küçədə, evdə ölən, qəzalarda həyatını itirən insanın orqanlarını köçürmək mümkün deyil”

 

“Bir meyitdən götürülən orqanların hesabına 8-9 xəstəni xilas etmək olar”

 

“İnanırıq ki, meyitdən orqan köçürülməsinə yaxın zamanlarda başlanacaq”

 

“Köçürülən orqanın bədən tərəfindən qəbul olunmaması riski hər zaman var, amma dərmanlar bunu minimuma endirir”

 

“Meyitdən orqan köçürmək üçün həmin şəxsin reanimasiya şöbəsində beyin ölümü keçirməsi vacibdir”

 

“Beyin ölümü diaqnozu yalnız ixtisaslaşmış xəstəxanada, xüsusi mütəxəssis qrupu tərəfindən qoyula bilər”

 

 

“Son zamanlar əməliyyat üçün xaricə gedən xəstələrin sayı xeyli azalıb”

 

 

 

“Çox təəssüf ki, transplantasiyaya ehtiyacı olan xəstələrimiz həkimə zamanında deyil, daha ağırlaşmış, fəsadlaşmış vəziyyətlərdə müraciət edirlər. Təbii ki, onların içində əməliyyatdan sonra, yaxud da bir neçə il sonra dünyasını dəyişənlər olur. Amma transplantasiya əməliyyatlarının ümumi nəticələri dünya standartları ilə eynidir”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

 

Mütəxəssis qeyd edib ki, bütünlükdə dünyada ilk dövrlərdə orqan köçürülməsi əməliyyatlarının nəticələri aşağı olub: “Bədənin köçürülən yad bir cismi həyatın istənilən mərhələsində rədd etmə ehtimalı böyük olur. Həmin orqan xəstənin yaxınlarından köçürülmüş olsa belə, bu ehtimal hər zaman var. İlk zamanlar rədd etmə mexanizmi daha sürətlə baş verirdi. Çünki o zamanlar bununla bağlı dərman preparatları mövcud deyildi. Yaxud da onların sayı az idi. Amma indiki dövrdə onların sayı, çeşidi çoxdur və bizim əlimizdə rədd etmə mexanizminin qarşısını almaq üçün “silah” var.

 

İndiki dövrdə orqan köçürülmüş xəstələrdə orqanının bədən tərəfindən rədd olunması halları demək olar ki, minimuma enib. Amma istənilən halda bu risk var. Həmin risk istər əməliyyat zamanı, istərsə əməliyyatdan bir neçə gün, bir neçə ay sonra, istərsə də illər sonra baş verə, rədd olunma mexanizmi işə düşə bilər. Hazırda isə bu ehtimal dərmanların sayəsində demək olar ki, minimuma endirilib”. 

 

M. Kazımi son zamanlar Azərbaycandan orqan köçürülməsi ilə bağlı xaricə gedən xəstələrin sayının qat-qat azaldığını açıqlayıb.

 

Meyitdən orqan köçürülməsi prosesinə başlanması yönündə görülən hazırlıq prosesi barədə suallara cavabında M. Kazımi ölkədə donora ehtiyacı olanların sayının artdığını, donorların sayının isə əksinə azaldığını bildirib: “Orqan köçürülməsinə ehtiyacı olan xəstələrin sayı ilə donorların sayı arasında tərs mütənasiblik var.

 

Belə olan halda bizim alternativ “donor hovuzu”na ehtiyacımız var. Bu isə yalnız beyin ölümü keçirən insanlardan alınan orqanlar hesabına transplantasiya əməliyyatlarının icra olunmasına başlandığı halda mümkün ola bilər. Dünyasını dəyişən bir insan 8-9 insanı xilas edə bilər”.

 

Hazırda meyitdən orqan və toxumaların köçürülməsi mexanizmləri ilə bağlı müzakirələr getdiyini deyən mütəxəssis yaxın gələcəkdə bu məsələlərin həllini tapacağına ümid etdiyini bildirib: “Biz bu gün yalnız canlılardan böyrək, qaraciyər köçürə bilirik. Digər orqanları isə yalnız meyitdən köçürmək mümkündür. Elə bu səbəbdən ürək köçürülməsinə ehtiyacı olan xəstələrin siyahısı getdikcə qısalır, çünki həmin şəxslər dünyasını dəyişir”.

 

Bütün meyitlərdən orqan köçürülməsi mümkündürmü?

 

Mütəxəssis bunun mümkün olmadığını açıqlayıb: “Çox təəssüf ki, mediada da bəzən dəqiq olmayan məlumatlar dərc olunur. Məsələn, yazırlar ki, morqdakı meyitlərin, küçədə vəfat edən şəxsin, ya da dəfn olunan bir meyitin orqanlarını çıxarıb satıblar. Bütün bunlar heç bir halda həqiqəti əks etdirmir. Bu, mümkün deyil. Dünya praktikasında belə bir hal yoxdur. Küçədə, evdə hansısa səbəblərdən ölən, yaxud da qəzalarda həyatını itirən insanın orqanı köçürülmə üçün uyğun ola bilməz. Bu orqanlar, toxumalar artıq ölmüş sayılır. Ölmüş orqanın, toxumanın köçürülməsi mümkün deyil”.

 

Transplantoloq vurğulayıb ki, xəstəliyin xüsusiyyətindən asılı olmayaraq yalnız reanimasiya şöbəsində beyin ölümü keçirən xəstələrin orqanları transplantasiya üçün yararlı sayıla bilər. İnsanın beyin ölümü diaqnozu isə ancaq ixtisaslaşmış xəstəxanaların reanimasiya şöbəsində qoyulmalıdır:

 

“Hazırda Səhiyyə Nazirliyinin Əlaqələndirmə Şurasında beyin ölümü diaqnozunun hansı mütəxəssislər tərəfindən qoyulacağı dəqiqləşdirilir. Bununla bağlı müxtəlif ölkələrdə təcrübələr müxtəlifdir. Beyin ölümü diaqnozu bu sahədə ixtisaslaşmış, professional mütəxəssislər qrupu tərəfindən qoyula bilər. Müəyyən ölkələrdə bu diaqnoz reanimotoloq, nevropatoloq, beyin cərrahının iştirakı ilə konsiliumda qoyulur.

 

Bəzi ölkələrdə bu qrupa kardioloqlar qoşulur, əlavə müayinələr aparılması üçün radioloqlara da ehtiyac duyulur. Yəni bu uzun bir prosesdir. Bu diaqnoz qoyulandan sonra xəstəxanalarda fəaliyyət göstərən orqan transplantasiyası koordinatorlarına bu barədə məlumat verilir, bundan sonra onlar beyin ölümü keçirən şəxsin ailəsi ilə görüş keçirirlər. Yəni bu mərhələyə qədər orqan transplantasiyası edəcək cərrahların heç nədən xəbəri olmur. Qanunla onların bu işə müdaxilə etməsi qadağandır. Ailə meyitdən orqan götürülməsinə icazə versə, ondan sonra bu barədə cərrahlara məlumat verilir.

Hüquqi sənədlər imzalanandan sonra onlar orqanları götürə bilərlər. Orqanların meyitdən götürülməsi çox steril, əməliyyatxana şəraitində baş verir.

 

Orqan alınması prosesində iştirak edən cərrahlar da bu sahədə ixtisaslaşan mütəxəssislər olmalıdır. Məsələn, bu gün Bakıdakı klinikalarda çalışan ümumi cərrahlardan soruşsanız ki, meyitdən orqan götürə bilirlərmi? Deyəcəklər ki, xeyr. Çünki bu sahədə ixtisaslaşmayıblar. Orqan elə bir şəraitdə alınmalıdır ki, onu nəql edən zaman işlək olsun.

 

Beyin ölümü diaqnozu qoyulan kimi orqanları qorunmaq üçün xəstələrə xüsusi məhlullar verilir. Ailənin razılığı alınana qədər bu davam etdirilir. Çünki həmin prosedurlar edilməsə, digər orqanların da bir neçə saata fəaliyyəti dayanar və orqanlar artıq yararsız hesab olunar. Orqanın alınması da, köçürülməsi də böyük bir prosedurdur”.

 

M. Kazımi meyitdən böyrəklərin, qaraciyər, ürək, mədəaltı vəzi, gözün buynuz qişası, nazik bağırsaqlar, ağ ciyərin və digər orqan, toxumaların köçürülməsinin mümkün olduğunu da deyib: “Beyin ölümü beynin geri qayıtmayan patoloji halıdır. Bu ölüm baş veribsə, geri dönməyən prosesdir və həmin şəxslərin orqanlarından istifadə oluna bilər.

 

Əlaqələndirmə Şurasında beyin ölümü diaqnozunun qoyulması ilə hazırlanan təkliflər yaxın zamanlarda Səhiyyə Nazirliyinə təqdim olunacaq. Yəqin ki, elə yaxın zamanlarda bu məsələ öz həllini tapacaq”.

 

 

M. Kazımi onu da deyib ki, Azərbaycanda dərman istehsal olunandan sonra orqan köçürülməsi əməliyyatlarının da qiymətlərinin ucuzlaşacağı gözlənilir: “Dərmanların böyük əksəriyyəti xaricdən ölkəyə gətirilir. Artıq Azərbaycanda iki dərman zavodunun təməlqoyma mərasimi keçirilib. Təbii ki, dərmanlar ölkədə istehsal olunandan sonra bu, əməliyyatların da qiymətlərinə təsirini göstərəcək”.

 

Böyrək satılması haqda elanlar, sosial şəbəkələrdə yayılan məlumatlar barədə suala cavabında mütəxəssis deyib ki, insan orqanı qanunla alış-veriş predmeti ola bilməz: “Həm satan, həm də alan məsuliyyət daşıyır. Vaxtilə bizə də belə müraciətlər olurdu və təbii ki, biz bundan imtina etdiyimiz üçün son zamanlar belə müraciətlərə rast gəlinmir.

 

Bəzən orqana ehtiyacı olan xəstələr bizdən soruşurlar ki, belə elanlar var, alaqmı orqanı? Mən onlara hər zaman deyirəm ki, sizi aldada bilərlər. Bu addımı atmağa dəyməz. Bu, dünyada qəbul olunmayan haldır və kriminal hadisədir. Həm də mənəvi baxımdan biz bu halları dəstəkləmirik”.

X

XƏBƏRLƏR
BÖYÜT