Əslində Mikayıl Müşfiqin büstü necə götürülməli idi?
19:20 – 01 Mart, 2017

Bakıda Mikayıl Müşfiqin abidəsinin razılaşdırılmadan şəkildə götürülməsi istər dövlət, istərsə də ictimai səviyyədə qınanıb. Bəs mədəni abidələr necə qorunur? Mədəni irsə ziyan vuranlar Buna görə hansı cəza tədbirləri nəzərdə tutulur. APA-TV-nin “Sosium” layihəsində bu suallara aydınlıq gətirilib.

    

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Vüqar İsayevin sözlərinə görə, Mikayıl Müşfiqin Bakıdakı büstünün götürülməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə heç bir müraciət daxil olmayıb: “Bizə məlumat daxil olan kimi dərhal əməkdaşlarımız hadisə yerində oldu və büstün oradan “Azəravtoyol” tərəfindən götürüldüyü aşkarlandı. Araşdırmalar zamanı məlum olub ki, büst onlar tərəfindən heç bir razılıq olmadan götürülüb və anbarda yerləşdirilib”.

 

Onun sözlərinə görə, Mikayıl Müşfiqin heykəli ölkə əhəmiyyətli bir abidə olduğundan qanunvericiliklə büstün köçürülməsi qadağandır: “Mikayıl Müşfiqin heykəli postamentlə bir yerdə vahid bir kompozisiya təşkil edir. Yəni, heykəlin büst hissəsini götürüb, postamenti dağıtmaq artıq abidəyə zərər vurmaq deməkdir. Tarixi abidələr əhəmiyyətinə görə, dünya, ölkə və yerli əhəmiyyətli olur. Mikayıl Müşfiqin heykəli ölkə əhəmiyyətli bir abidədir. Azərbaycanda abidələrin qorunması müvafiq qanunların nəzarəti altında həyata keçirilir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” haqqında qanuna əsasən ölkə əhəmiyyətli abidə köçürülə bilməz. Bu abidələr yalnız fövqəladə hal baş verdikdə Nazirlər Kabinetinin qərarı əsasında köçürülə bilər. Dünya və ölkə əhəmiyyətli abidələr ümumiyyətlə sökülə bilməz. Qanun bunu qadağan edir. Yalnız yerli əhəmiyyətli abidələr müvafiq qanuna əsasən sökülə bilər”.

 

V. İsayev əlavə edib ki, bu gün səhər Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və mütəxəssislərin iştirakı ilə son günlərədək Mikayıl Müşfiqin büstünün olduğu əraziyə baxış keçirilib. O bildirib ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi büstün yerləşdirilməsi layihəsinin hazırlanması ilə bağlı  “Azərbərpa Elmi-Tədqiqat İnstitutu”na göstəriş verib: “Layihə təqdim edildikdən sonra büstün dəqiq harada yerləşdirilməsi barədə fikir söyləmək mümkün olacaq: “Abidə yenidən həmin ərazidə, əvvəlki görkəminə heç bir xələl gəlmədən quraşdırılacaq”.

 

Sektor müdiri qeyd edib ki, ümumiyyətlə tarixi abidə sökülmədən əvvəl müəyyən prosedur qaydalara riayət edilməlidir.  “Bizim xidmətə müraciət olunduqdan sonra mütəxəssislərimiz rəy verməlidir. Mütəxəssislərin rəyindən sonra Nazirlər Kabineti köçürmə ilə bağlı qərar qəbul edir. Qanunvericiliyə görə, müraciətdən sonra 15 gün ərzində sorğu cavablandırılır. Əgər əlavə araşdırmaya ehtiyac varsa, 30 gün ərzində müraciətin cavablandırılması təmin edilir”, - deyə V. İsayev vurğulayıb.  

 

Mütəxəssis onu da əlavə edib ki, tarixi abidəyə ziyan vuran fiziki və hüquqi şəxslər törətdiyi əməlin dərəcəsinə görə İnzibati Xətalar Məcəlləsi, eləcə də Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyır: “Mülkiyyətçi öz vəsaiti hesabına abidəni əvvəki vəziyyətinə qaytarmağa borcludur”.  

 

X

XƏBƏRLƏR
BÖYÜT