Cəbhədə gərginliklə Ermənistanda parlament seçkiləri arasında əlaqə
16:02 – 03 Mart, 2017

 

Düz bir həftə əvvəl erməni silahlı birləşmələrinin cəbhə xəttində təxribat törətməsi ilə başlanan gərginlik hələ də davam etməkdədir. Müdafiə Nazirliyi, ermənilərə layiqli cavab verildiyini əks etdirən video görüntülər yayımladı. Nazirlik işğal altında olan ərazilərimizdə ermənilərin qərargah məntəqəsinə və hərbi nəqliyyat vasitəsinə dəqiq zərbə endirildiyini rəsmən açıqladı. Bundan başqa cəbhə xəttini keçməyə çalışan erməni təxribat qrupu məhv edilib. Axşam saatlarında isə, ermənilərə məxsus uçuş aparatının vurulduğu bildirildi. Bu faktlar düşmənə artıqlaması ilə cavab verildiyini göstərir. APA TV-nin "Panoram" layihəsində cəbhədə gərginlik, həmçinin Ermənistanda seçkilər məsələsinə aydınlıq gətirilib.

 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlunun sözlərinə görə ermənilər diqqəti öz daxili  problemlərindən, müxalifətlə-iqtidar ixtilafından yayındırmaq məqsədilə, təmas xəttində gərginlik yaratmağa çalışırlar: "Atəşkəs artıq bitib, iki ildir ki, artıq atəşkəs yoxdur. Dağlıq Qarabağ ətrafındakı ermənilərə məxsus bütün texnika hədəfdədir. Bu ermənilərə pis təsir göstərir. Vəziyyətin həssas və kövrək olmasına baxmayaraq, bunlar Qarabağda "referendum" keçirməyə çalışırlar. Mən ona görə də elə düşünürəm ki, atəşkəsə əməl olunmayacaq. Bizim ixtiyarımız var ki, düşməni güc yolu ilə Ermənistana çıxaraq".  

 

E. Şahinoğlu onu da vurğulayıb ki, bu gün Xocalı soyqırımının dünyada yetərincə tanınması, erməniləri addımlar atmağa məcbur edir, məhz bu cür təxribat yolu ilə Xocalının üzərinə kölgə salmağa çalışırlar.

 

Ermənilərin öz itkilərini gizlətməsi məsələsinə münasibət bildirən Elxan Şahinoğlu, Ermənistanda döyüş əhval-ruhiyyəsinin olmadığı qənaətindədir: "Erməni gənci başqa bir ölkənin ərazisində ölmək istəmir. Öləndə də haqlı olaraq valideynləri haray-həşir salırlar. Buna görə də gizlədirlər. Problem ondadır ki, onların itkiləri bir ayla bitmir. Onları yavaş-yavaş həzm etməyə başlayırlar. Biz artıq Dağlıq Qarabağda dözümsüzlük nümayiş etdiririk". E. Şahinoğlu dözümsüzlüyün bariz nümunəsi kimi ötən ilin aprel ayındakı qələbəmizi göstərib.

 

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ilin sonunda dövlətlərdən birinin Dağlıq Qarabağı tanıyacağı ilə bağlı fikirlərinə münasibət bildirən politoloq, bunun əsası olmadığı qənaətindədir: "Amma diqqətli olmalıyıq. Ola bilər ki, erməni lobbisinin güclü olduğu dövlətlərdə bunu qaldırsınlar. Özləri də Uruqvayın adını çəkirlər. Məhz Uruqvay 1965-ci ildə erməni soyqırımını tanıyan ilk dövlət oldu. Ermənilər belə bir təxribata getsələr, bununla vəziyyəti  daha da mürəkkəbləşdirəcəklər. Ermənilər bir tərəfdən istəyirlər ki, atəşkəs qorunsun, onsuz da əraziləri işğal ediblər. Amma digər tərəfdən referendum, Sərkisyanın açıqlamaları, faktiki müharibəyə dəvətdir".  

 

Ermənistanda keçiriləcək seçkilərə toxunan E. Şahinoğlu mövcud vəziyyəti bu cür dəyərləndirib: "Serj Sərkisyan adını proporsional siyahıya salmayıb. Bu o deməkdir ki, o, baş nazirliyə iddialı deyil.  Hansısa başqa fiquru ortaya ata bilərlər ki, baş nazir olsun. Sərkisyan tərəfdarlarını itirib". Politoloq bu fikirdədir ki, Ermənistan ordusunu sıxdıqca,  itki verdikcə, ciddi problemlərin olduğu ortaya çıxır. Son vaxtlar mətbuatda aprel döyüşlərinin təkrarlanacağı ilə bağlı yayılan məlumatlara gəldikdə isə, E. Şahinoğlu bildirib ki, iki ildir atəşkəsə əməl olunmursa, o zaman qarşıdurma təkcə apreldə deyil, bütün aylarda təkrar oluna bilər: “Heç bir həmsədr dövlət Ermənistana təzyiq etmədi. Deməli bütün rıçaqlar bizim əlimizdədir. Biz bu silahları almamışıq anbarlarda paslansın. Ermənistan Rusiyadan silah dilənə bilər. “İsgəndər” raketləri bilinmir Rusiya hərbi bazasına məxsusdur, yoxsa Ermənistan ordusuna”.    

 

E. Şahinoğlu bu qənaətdədir ki, Ermənistan referendum məsələsini ortaya atır və Rusiyadan dəstək alır: “Biz deyirik ki, mərhələli həll planı, yəni əvvəlcə rayonlar boşalsın, sonra Qarabağda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində referendum keçirilsin. Levon Ter-Petrosyan da deyir ki, nə qədər ki, gec deyil Azərbaycan və Türkiyə ilə normal münasibətlər quraq, indiki ağır sosial iqtisadi siyasi vəziyyətdən çıxaq. Təəssüf ki, Levon Ter-Petrosyan və onun hərəkatının tərəfdarı azdır. Gedişat onu gözləyir ki, Serj Sərkisyan yenə də saxtakarlığa yol verəcək, baş nazir olmasa belə, öz varisini orada yerləşdirəcək”.  

 

Rusiyanın Ermənistanı silahlandırması məsələsinə toxunan politoloq, bu məsələdə də Rusiyanın daha çox Azərbaycanla əməkdaşlıq etdiyi fikrindədir: “Biz Rusiyaya pul veririk, 5 milyard dollarlıq silah almışıq. Ermənistanın Rusiyaya verməyə pulu yoxdur, dilənir. Rusiya da balans Azərbaycanın xeyrinə olmasın deyə, ermənilərə nə isə verir. Verdiyi də köhnə silahlardır. Azərbaycandan isə real pul qazanır. Ermənistanın ən böyük narahatlığı da ondan ibarətdir ki, biz sizin vassalınızıqsa, niyə siz Azərbaycana silah verirsiniz?”

 

 

X

XƏBƏRLƏR
BÖYÜT