“ASAN xidmət” mərkəzlərində daha hansı xidmətlər göstəriləcək?
18:07 – 03 Mart, 2017

“2017-2018-ci illərdə 4 “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək. Bu il ərzində 2 “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq”.

 

Bunu “Sosium” proqramının qonağı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov deyib. Onun sözlərinə görə, cari ildə 2 “ASAN xidmət” mərkəzinin inşasına başlanacaq. “Bu mərkəzlər Quba, Şəki, Mingəçevir və İmişli rayonlarında olacaq. Bu mərkəzlərin də Masallıdakı “ASAN xidmət” mərkəzi kimi fəaliyyət göstərəcək. Bununla da bu rayonlarda, eləcədə ətraf rayonların əhalisi “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən faydalana biləcək”.

 

Bu gün Azərbaycanda 11 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini deyən A. Hüseynov bildirib ki, “2013-cü ilin yanvarın 15-dən indiyədək “ASAN xidmət” mərkəzləri 14 milyon nəfərə xidmət edib: “Artıq “ASAN xidmət” mərkəzlərində 10 dövlət qurumu, həmçinin özəl müəssisə və şirkətlər tərəfindən ümumilikdə 230-a yaxın müxtəlif xidmət göstərilir. Gün ərzində orta hesabla “ASAN xidmət” mərkəzlərinə 2000-2500 müraciət daxil olur. Bu müraciətlərin əksəriyyəti Daxili İşlər Nazirliyi tərəfindən göstərilən xidmətlər, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlıdır. Bundan başqa, Ədliyyə Nazirliyi tərəfindən göstərilən xidmətlər - notarial, vətəndaşlıq vəziyyəti aktlarının dövləti qeydiyyatı ilə bağlı xidmətlərlə bağlı müraciətlər daha çox olur”. 

 

Fevralın 1-dən “ASAN qatar” xidməti vasitəsilə Qazax rayonunda sakinlərə səyyar formada xidmətə başlandığını xatırladan A.Hüseynov qeyd edib ki, 15 gün ərzində 5000-dən çox insan bu xidmətdən bəhrələnib. O vurğulayıb ki, əvvəlcədən müəyyənləşdirilmiş iş qrafikinə uyğun olaraq “ASAN qatar” digər regionlarda da vətəndaşlara səyyar qaydada xidmət göstərəcək.

 

O, “ASAN ödəniş” sistemi barədə də məlumat verib. “ASAN ödəniş” sistemi vasitəsi ilə bütün növ inzibati cərimələrin və məhkəmə qərarlarının icrası ilə bağlı ödənişlərin aparılması nəzərdə tutulur. Hazırda ilkin mərhələdə yol hərəkəti qaydalarının pozulmasına görə ödənişlərin edilməsi mümkündür. Vətəndaşlar həm “ASAN ödəniş” terminalları, həm də asanpay.az saytı vasitəsi ilə də onlayn şəkildə ödənişləri həyata keçirə bilərlər. Hazırda “ASAN ödəniş” sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür. Biz mütəmadi olaraq bu portalın imkanları barədə vətəndaşları məlumatlandırırıq”.

 

A.Hüseynov əlavə edib ki, “ASAN ödəniş” sisteminin mobil tətbiqi üzərində də işlər görülür. “Artıq yaxın zamanlarda “ASAN ödəniş” sisteminin mobil tətbiqi istifadəyə veriləcək. Bu da ödənişlərin daha da optimallaşdırılması və asanlaşdırılmasına töhfə verəcək. Mobil tətbiq istifadəyə veriləndən sonra hər kəs internetə çıxışı varsa, rahatlıqla ödəniş edə biləcək, - deyə A.Hüseynov vurğulayıb.

 

“ASAN xidmət” mərkəzinin rəsmisi bəyan edib ki, yaxın zamanlarda Bakıda 3-cü “ASAN kommunal” mərkəzi də istifadəyə veriləcək: “Növbəti “ASAN kommunal” mərkəzi Xətai rayonunda istifadəyə veriləcək. Hazırda “ASAN kommunal” mərkəzlərində 3 qurum - “Azərişıq” və “Azərsu” Açıq Səhmdar cəmiyyətləri, həmçinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara 45 növ xidmət göstərilir. Gələcəkdə göstərilən xidmətlərin sayının artırılması nəzərdə tutulur”.

 

A.Hüseynov əlavə edib ki, vətəndaşlar 108 Çağrı Mərkəzinə zəng edərək “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı şikayətləri, təkliflərini səsləndirə və ya göstərilən xidmətlər, dövlət rüsumu, ümumi prosedurlar barədə məlumat ala bilərlər.

 

X

XƏBƏRLƏR
BÖYÜT